Dəniz yataqlarının "şah"ı – "Şahdəniz"

 

Dünyadakı qaz yataqlarının ehtiyatlarının getdikcə azaldığı və yenilərinin ləng kəşf edildiyi indiki zamanda insanların mavi yanacağa tələbatı ildən-ilə artır. Digər tərəfdən, yer üzündə əhalinin sayı ildən-ilə çoxalır və bu, qaza tələbatın daha da artmasına səbəb olur. Belə bir şəraitdə Azərbaycanda böyük perspektivlər vəd edən yeni-yeni qaz-kondensat yataqlarının kəşfi mühüm əhəmiyyət daşıyır. Bu yataqların ən böyüyü hazırda işlənməsinin birinci mərhələsi çərçivəsində qaz hasil olunan "Şahdəniz"dir. Qarşıda isə ikinci mərhələ dayanır.

 

 Avropa Azərbaycan qazının yolunu gözləyir

 

Ölkə Prezidenti İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu məsələyə toxunaraq demişdir: "Azərbaycan həm neft, həm qaz ixrac edən ölkəyə çevrilir və dünya üçün qaz ixrac edən ölkə kimi bəlkə daha da önəmlidir... Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır... Hazırda əksər qonşulara Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həcmdə qaz nəql olunacaqdır. Bu sahədə, əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da uyğundur".

Bu gün ölkəmizin ixrac etdiyi qaz əsasən "Şahdəniz" yatağından alınır. Layihənin əməliyyatçısı olan bp şirkətinin verdiyi məlumata görə, 2006-cı ilin sonlarından, yəni "Şahdəniz"də hasilata başlanandan 2011-ci ilin sonunadək yataqdan dünya bazarlarına 29 milyard 902 milyon kubmetr qaz və 63,7 milyon barel kondensat ixrac edilib.

Keçən il yataqdan 6,67 milyard kubmetr qaz 14 milyon barel kondensat hasil olunub. Bu, gündə orta hesabla 18,3 milyon kubmetr qazın təqribən 38.300 barel kondensatın çıxarılması deməkdir. 

"Şahdəniz"də hasilat dörd quyudan əldə olunur. Buradan çıxarılan qaz ölkəmizin, eləcə qonşu Gürcüstan Türkiyənin bazarlarına çatdırılır. Hazırda "Şahdəniz" qazının Azərbaycana, Gürcüstanın GOGC Türkiyənin BOTAŞ şirkətlərinə, həmçinin BTC-  satılması davam edir. Yataqdan alınan kondensat isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulur.

Növbəti illər ərzində yataqdakı platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da artacaq. Hazırda hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kubmetr qaz gündə təxminən 50 min barel kondensat olacağı gözlənilir.

Əməliyyatçı şirkətin məlumatına görə, keçən il "Şahdəniz" üzrə fəaliyyətlərə  190,7  milyon dollar əməliyyat 674,9 milyon dollar əsaslı xərclər çəkilib.  Cari  il üçün bu rəqəmlərin müvafiq olaraq 211,5 milyon 1 milyard 340 milyon dollar təşkil edəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, "Şahdəniz" layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Böyük Britaniyanın bp, Norveçin "Statoyl", Rusiyanın "LUKoyl", İranın NİCO, Fransanın "Total" Türkiyənin TPAO şirkətləri tərəfdaşlıq edir.

 

Hasilat artdıqca infrastruktur genişlənəcək    

 

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) sərmayədarları da həmin şirkətlərdir. Lakin bu layihədə ikili operatorluq həyata keçirilir. Belə ki, bp texniki operatordur, "Statoyl" isə kommersiya əməliyyatçısıdır.

CQBK başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Azərbaycanın Gürcüstanın ərazisindən keçir. Beləliklə, 690 kilometr məsafə qət edərək Gürcüstan-Türkiyə sərhədinə çatır. Oradan Ərzurumadək isə "Şahdəniz" qazını BOTAŞ şirkəti Türkiyə ərazisi ilə uzanan 280 kilometrlik xətlə daşıyır. Bütövlükdə Azərbaycan qazını daşıyan bu boru xətti Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana qaz daşıyıb. 2007-ci ilin iyul ayından başlayaraq isə "Şahdəniz" qazı Türkiyəyə çatdırılır.

2011-ci il ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 12,5 milyon kubmetr qazya gündə təqribən 76 min barel neft ekvivalenti olub. bp-nin məlumatına görə, keçən il CQBK ilə bağlı fəaliyyətlərə 8,8 milyon dollar əsaslı xərclər sərf edilib. 2012-ci ildə bu işlərə 15 milyon dollar əsaslı xərclər gözlənilir.

İkinci mərhələ çərçivəsində hasil olunan qaz birinci mərhələdəkindən  xeyli çox olacaq. Belə ki, əgər indiki mərhələdə ən yüksək hasilat ildə təqribən 9 milyard kubmetrdirsə, ikinci mərhələdə bunun üstünə daha 16 milyard kubmetr qaz gələcək. Bu rəqəmlərin özü də göstərir ki, "Şahdəniz" hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir.

Əlbəttə, bu həcmləri dənizin dibindən çıxarmaq üçün yeni, daha böyük infrastruktur tələb olunur. Odur ki, ikinci mərhələ üçün genişmiqyaslı tikinti işləri aparılacaq. "Şahdəniz"in ərazisində daha iki yeni hasilat platforması quraşdırılacaq və onlar bir-birinə körpü ilə birləşdiriləcək. Yatağa iki yarımdalma qurğusu gətirilərək burada 26 sualtı quyu qazılacaq. Dənizin 550 metrədək dərinliyində ümumi uzunluğu 500 kilometr olan boru kəməri şəbəkəsi yaradılacaq. Səngəçal terminalı müvafiq olaraq genişləndiriləcək. 

Bu proqrama Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücünün yaradılması da daxildir.

 

İxrac marşrutu üçün seçim olacaq

 

"Şahdəniz"in ikinci mərhələsini Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) də adlandırırlar. Bu, Azərbaycan qazını Türkiyəyə, oradan da Avropaya çatdıracaq nəhəng bir layihədir. Layihə yeni Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və ümumiyyətlə, enerji təhlükəsizliyini artıracaq.

Qazın Avropaya məhz hansı yolla çatdırılacağı indi ən aktual məsələdir. 2011-ci il oktyabrın 25-i "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının qəbuluna yönəlmiş davamlı səyləri dəstəkləyən əlamətdar bir gün oldu. Həmin gün Türkiyənin Azərbaycandan qaz almasına və qazın Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm ixrac sazişləri imzalandı. Azərbaycanla Türkiyə arasında bu sazişlərin imzalanması "Şahdəniz"ə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verir.

Yeni imzalanmış sazişlərə görə, Türkiyədə qazın Avropa bazarlarına nəqli ya BOTAŞ-ın mövcud daşıma şəbəkəsi, ya da Trans-Anadolu Boru Kəməri adlandırılan yeni boru kəməri infrastrukturu vasitəsilə həyata keçiriləcək. Variantlar hazırda qiymətləndirilir və bu haqda qərarın cari il ərzində qəbul ediləcəyi gözlənilir.

Dəyərləndirmə prosesində indiyədək əhəmiyyətli irəliləyiş əldə olunub. Bunlar İtaliyaya istiqamətləndirilmiş "IG Poseidon" və TAP (Trans-Adriatik Boru Kəməri) və Mərkəzi Avropaya yönəldilmiş "Nabucco"dur. Layihə həmçinin Mərkəzi Avropaya istiqamətləndirilmiş və "Şahdəniz" konsorsiumu üzvləri tərəfindən təklif olunmuş dördüncü bir variantı - Cənub-Şərqi Avropa Boru Kəmərini də (SEEP) nəzərdən keçirir. Qiymətləndirmə prosesində ARDNŞ-in rəhbərlik etdiyibp, "Statoyl", "Total" şirkətlərinin də daxil olduğu "Şahdəniz" qazının ixracı üzrə danışıqlar qrupu (İDQ) belə qərara gəlib: konsorsium bundan sonra nəzərdən keçirmək üçün İtaliyaya bir və Mərkəzi Avropaya bir boru kəməri variantı seçsin. Sonra konsorsium bu seçilmiş boru kəməri layihələrini daha da inkişaf etdirmək məqsədilə onların sahibləri ilə işləyərək həmin təkliflərə baxılmasını gələn ildavam etdirsin.

İDQ əvvəlcədən açıqlanmış şərtlər əsasında bu yaxınlarda həmçinin qərara gəldi ki, "Şahdəniz" konsorsiumu bundan sonra İtaliyaya istiqamətləndirilmiş marşrut üçün Trans-Adriatik Boru Kəməri layihəsi ilə eksklüziv danışıqlar aparsın. Eyni marşrutu nəzərdə tutan "IG Poseidon" layihəsinin təklifinə isə bu mərhələdə daha baxılmayacaq. Mərkəzi Avropaya yönəldilmiş bir boru kəməri marşrutunun seçilməsi ilə bağlı isə hələ heç bir qərar qəbul olunmayıb. Bu seçim 2012-ci il ərzində ediləcək. Sonra "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarından əvvəl Avropaya boru kəməri marşrutunun  son seçim qərarı veriləcək.

İndiki planlarına görə 2012-ci ildə mühəndis-layihə işləri davam etdirilməklə layihə növbəti mərhələyə keçəcək. Xərclərin dəqiqləşdirilməsi işləri aparılacaq ki, 2013-ci ildə yekun investisiya qərarı verilə bilsin.

 

 

 Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 10.