Bulaqların oxusun, çiçəklərin qoxusun
Bu gün Novruz bayramının müqəddəs çərşənbələrinin sonuncusu - Axır çərşənbədir. Fevralın 21-dən başlanan çərşənbə axşamlarında xalqımız sudan içərək, oddan keçərək, mehə bələnərək nəhayət, gəlib torpağa baş əydi. Beləcə, zimistanın ömrü sona yetdi. Üzümüzə artıq Novruzun xoş nəfəsi dəyməkdədir. Yenə ruhumuzun dirçəldiyi, ovqatımızın yüksəldiyi məqamdır. Novruzun son çərşənbəsini qarşılayırıq. Adamın ürəyindən qəribə bir istək keçir. Üzünü tutub vətən boyunca haraylamaq istəyirsən: Ehey, ana torpaq, bulaqların oxusun, çiçəklərin qoxusun...
Bu çərşənbələrin el arasında müxtəlif adları var: İlaxır çərşənbə, Axır çərşənbə, Çərşənbə-suri, Yel çərşənbəsi və nəhayət, Torpaq çərşənbəsi. Bu adların təbiət ünsürləri ilə bağlı sıralanmasının mühüm mənası var. Müşahidələr göstərir ki, su, od, hava (külək) birləşərək torpağa oyanış gətirir, onun canını qızdırır, hərarətini artırır. Beləliklə də, təbiət oyanır. İlaxır çərşənbənin bu ardıcıllığı bayatı formasında da yaranmış tapmacalarda öz əksini tapıb:
Qabaqda seli gözəl,
Dalınca yeli gözəl.
Yaxasında sünbülü,
Başında teli gözəl
(su, yel,
torpaq və Günəş).
İlaxır çərşənbələrinin özünəməxsusluğu illərin sınağından çıxıb. Hər bir çərşənbə axşamı xoş ovqatla, sevinclə, bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. Amma İlaxır çərşənbəsi bunlardan bir qədər fərqlənir. O, ilin ən əziz, müqəddəs günü sayılır. Demək olar ki, bölgələrimizin əksəriyyətində əsl bayram səviyyəsində keçirilir. İlaxır çərşənbələrinin mərasim və ayinləri həmişə zəngin olur. Əvvəlki çərşənbələrin hamısı - suların daşması da, küləyin əsməsi də, tonqalların qalanması da torpağın üzərində, onun sinəsində baş verir. Ona görə də torpaq bu çərşənbələrin "komandanı"dır.
Torpaqla bağlı yaranan el sözləri də məna dərinliyinə görə seçilir: "Torpağa göz ağardanda üz ağardar", "Torpaqdan pay olmaz", "Torpaq ovuclayan qızıl ovuclar", "Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim", "Yel qulaqlı olar", "Torpağın qarası üz ağardar", "Torpaqla oynayan ac qalmaz", "Torpağa xor baxsan, o, sənə kor baxar", "Torpaq deyər: öldür məni, dirildim səni", "Torpağı bir yerdən götürülüb".
Andlar və alqışlarda torpağın böyüklüyü, müdrikliyi, müqəddəsliyi barədə qiymətli fikirlər var. Hələ əski dövrlərdən üzü bəri insanın ən böyük andı da torpağa ünvanlanıb: "Torpaq haqqı", "Yer haqqı", "Torpağında qara yellər əsməsin", "Torpağına dolu düşsün", "Torpağın həmişə gül bitirsin", "Torpağı sanı yaşayasan", "Torpağını torba ilə daşısınlar", "Torpağa tapşırıldı", "Torpaq başına tökülsün", "Üstünü örtməyə torpaq tapılmasın".
Torpaqla bağlı bilməcələrin də kəsb etdiyi mənalar diqqət çəkir: "Yer üzünün qarası, ağacların anası" (Torpaq) və yaxud da:
Mal etsən malın olar,
Şanında balın olar,
Yazda, yayda çullanar,
Qış fəsli yalın olar (Torpaq).
İlaxır çərşənbəsi və
onun nemətləri ilə bağlı müxtəlif bilməcələr
mövcuddur. Məsələn:
Altı
daş, üstü daş - arasında səməni,
Qazanda bişən duzsuz aşımdı mənim
(səməni halvası)
Sac üstündə çaddayar,
Ovucdan-ovuca addayar (Qovurğa).
Dolu olar yelini,
Bəzəyərlər gəlini (Novruz xonçası)
Qırmızı xatun xonçanı
bəzər (boyanmış
yumurta)
El-obada addanar,
Şirin olar daddanar.
Gah attanar, yellənər,
Gah alışar oddanar (Axır çərşənbə)
Say istəsən say verər,
Pay istəsən pay verər.
Əyilib
gülün dərsən,
Xoşbəxt ömür, ay verər (Novruz bayramı).
Torpaq çərşənbəsinin gözəl məziyyətlərindən biri də odur ki, İlaxır gecəsi bütün küsülülər barışmalıdır. İnsanlar təzə paltar geyməli, xoş sözlər danışmalı, qəlbə dəyən ifadələr, ovqatı korlayan kəlmələr işlətməməlidir. Çünki ilaxır çərşənbəsində adətən, qapıya qulaq falına gələrlər. Deyirlər ki, ilkin olaraq hansı sözü eşitsən, ilin o cür başa çatacaq. Ona görə də Axır çərşənbədə nəhs danışmaq, kefsizləşmək, nalayiq işlərə yol vermək, qeybət etmək olduqca günahdır. İnanclara görə, çərşənbə axşamı qulağı cingildəyənə mütləq xəbər gələr.
Əlbəttə, axır çərşənbədə təkcə libası deyil, fikri, davranışı, insanlara münasibəti, bütövlükdə yaxşılığa doğru mütləq dəyişmək gərəkdir. Təbiətin özndə belə o axşam hər şey təzələnir, dəyişir. Bu axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanır, üzərlik yandırır, "Ağırlığım, uğurluğum odlara tökülsün" deyirlər. Adətən, nişanlı qızları da ocağın başına fırladarlar. Xoşbəxt tale tapsın deyə, həmin axşam ona xeyir-dua verərlər. Ailə qurmaq istəyən gənclərlə bağlı Tanrıya üz tutub dualar edərlər ki, bəxtlərinə gün doğsun.
Hər bir çərşənbə axşamının özünəməxsus süfrəsi var. Axır çərşənbədə açılan bayram süfrələri əvvəlkilərdən xeyli fərqlənir. Folklorşünas alimlərin araşdırmalarına görə, hələ qədim zamanlarda Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlayacaq ilin barlı-bərəkətli, firavan olmasının simvoluna çevrilərdi. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində, xüsusilə də, Naxçıvanda, Zəngəzurda İlaxır çərşənbəsi "Yeddi ləvin bayramı" adı ilə tanınır. Bir məsələni də xatırladaq ki, islamdan çox əvvəl süfrəyə "Ş" hərfi ilə başlayan yeddi cür nemət düzülərdi: şərbət, şəkər, şam, şərab, şabalıd, şor, şirni və s. Sonralar islamın dönəmində şərab yasaq olduğu üçün "Ş" hərfi "S" hərfi ilə əvəz edilib. Ona görə də İlaxır çərşənbəsində süfrəyə yeddi nemət verilməlidir: su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül və s. Əvvəlki çərşənbələrdən fərqli olaraq səməni məhz bu axşam süfrədə görünməlidir.
Hələ qədim zamanlardan bu gözəl axşama xüsusi hazırlıq gedərdi. Əvvəlcədən ev-eşik təmizlənər, bayram tədarükü görülərdi. Yumurta boyanar, qovurğa qovrular, plov süzülər, şirniyyatlar hazırlanardı. Açığı, bu bayram kənd yerlərində daha gözəl keçirilir. Həmin axşam bütün həyətlərdən xoş ətirli rayihələr insanları bihuş edir. İnsanlar bu bayramda bir-birini təbrikə tələsir. Yeddi evə bayram sovqatı göndərilir. Bayram axşamı ailənin sayı qədər süfrədə şam yandırılır, niyyət tutulur. Həmin axşamlar uşaqlar qapı-qapı gəzib bayram payı alırlar. İnsanlar o gecə səhərədək şənlik edirlər. Nə xoş ki bu ənənə davam edir.
İlaxır çərşənbəsinin sübh tezdəni bulağa gedər, evə su gətirər, əl-üzü axar suda yuyarlar. Bulaqdan mütləq yeddi daş gətirib evdəki nemət dolu qabın içinə atarlar ki, bolluq olsun. İlaxır çərşənbəsində oxunan nəğmələrin, mahnıların öz coşqusu var:
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səməni saxla məni,
İldə göyərdərəm səni.
Sinəsində sellər, sular şaqqıldadı, sinəsində odlar qalandı, küləklər belədən-belə
ərzi başına götürdü və
nəhayət, bütün bunların
müqabilində insan oğlunun
ürəyinə yeni sevinclər gətirmək
üçün saçaqlanmış
sarı sünbülü ona
hədiyyə etdi torpaq.
Bununla da, ona baş əyən
insanı ucaltdı, əməyini boş
vermədi, süfrəsinə bar-bərəkət göndərdi.
Ona
görə də sinəsi sünbüllü
torpağımızı ürəkdən sevir,
onun hər qarışı uğrunda candan keçməyə
hazırıq. İllərin sınağından
çıxıb ki, son
çərşənbədə üzünü
ulu Tanrıya tutub
ürəkdən nə alqış etsən, nə diləsən,
yerinə yetər. Əcdadımızın ruhu uyuyan ana torpaq
çox müqəddəsdir.
Ondan pay olmaz. İllərdir ki, halal torpağımızın xeyli
hissəsi param-parça
olub yağı tapdağı altında öz doğma övladlarına həsrətdir.
Həmişəki kimi
əllərimiz ulu Tanrıya açılsın:
bu qədim və tarixi torpağımıza dinclik,
sakitlik və bütövlük ərməğan
et! Qoy yağıların
murdar əl-ayağı
torpaqlarımızdan çəkilsin!
Onu təmizliyə çıxarmaq
üçün yağan
yaz yağışları
məmləkətimizin yaralı
torpaqlarına məlhəm
qoysun. Qarşıdan ulu Novruz gəlir. Torpağın qara bağrı
yarılaraq zümrüd
rəngli zərif gözəlliklər Günəşə
boylanır. Hətta qar
əriməmiş yerlərdə,
buz bağlamış
kol diblərində belə, bənövşələr
qışa meydan oxuyur. Çiynini onun sərt
ağırlığına verərək üzə çıxır. Ömrü qısa
olsa da, qara, qışa, buza qalib gəlir.
Qaliblərin hünəri
isə ömürlə
deyil, əməllə
ölçülür! Ehey,
vətən igidləri,
həmişə əməlinizin
sahibi olasınız! Qoy düşmənin bağrı yarılsın!
Bu Novruzun qədəmləri
elə düşərli
olsun ki, bizə həsrət qalan yurd yerlərimizdə
bayram tonqalları alışdırılsın!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 13
mart.- S. 11.