Prezident İlham Əliyev
Astarada Olimpiya İdman Kompleksinin açılışında
iştirak etmişdir
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. İdmançılar dövlət başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.
Dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.
Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini-futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.
Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə "İdman ili"nə ən böyük hədiyyədir.
Dövlət başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.
Azərbaycan Prezidenti kompleksin
açılışı mərasimində
çıxış etdi.
Mərasim
iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Əziz
dostlar, əziz astaralılar! Bu gün Astara rayonunun həyatında
çox əlamətdar bir gündür. Astarada gözəl
Olimpiya İdman Mərkəzi açılmışdır. Bu
münasibətlə mən sizin hamınızı ürəkdən
təbrik edirəm.
Bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də mən Astarada idim. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır.
İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdir. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün, sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır.
Bu il Azərbaycanda "İdman ili" elan
edilibdir. Bu da çox gözəl göstəricidir.
Bu, onu göstərir ki, Azərbaycan dövləti
idmanın inkişafına nə qədər diqqət yetirir.
"İdman ili" çərçivəsində
müxtəlif tədbirlər keçiriləcəkdir.
Ancaq bu il ilk istifadəyə verilən
olimpiya idman kompleksi Astara Olimpiya İdman Mərkəzidir.
Əminəm
ki, bu il idmançılarımız bizi
yenə də öz uğurları ilə sevindirəcəklər.
Bu il Olimpiya oyunları ilidir. İdmançılarımız bu oyunlara çox fəal
hazırlaşırlar və ümid edirik ki, Olimpiya
oyunlarında da bizim böyük uğurlarımız
olacaqdır. Belə fikirləşməyə
əsas verən bizim əvvəlki dövrlərdə Olimpiya
oyunlarındakı çıxışlarımızdır.
İldən-ilə Olimpiya oyunlarında
medalların sayı artır və Azərbaycan idman dövləti
kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə
təqdim edir.
Ölkəmizdə müxtəlif beynəlxalq
yarışların keçirilməsi artıq gözəl
bir ənənəyə çevrilibdir. Azərbaycanda
istənilən beynəlxalq idman yarışının
keçirilməsi mümkündür. Avropa,
dünya çempionatlarının keçirilməsi artıq
bizim yaxşı ənənəmizdir və bütün bu
böyük yarışlar yüksək səviyyədə
keçirilir. Bu amili və
bütövlükdə ölkəmizin uğurlu
inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci
ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi
üçün müraciət etmişdir və bu müraciətə
baxılır. Mən hesab edirəm ki,
ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının
keçirilməsi üçün də bütün imkanlara
malikdir. Bizim gözəl infrastruktur
imkanlarımız vardır. İnsanların
Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə
böyük dəstəyi vardır. Beynəlxalq
qurumlar tərəfindən keçirilmiş rəy
sorğuları da bunu göstərir. Ölkə
vətəndaşlarının 95 faizi Olimpiya
oyunlarının Azərbaycanda keçirilməsinə öz
dəstəyini vermişdir.
Bizim kifayət qədər
idman qurğularımız vardır. Tikilməkdə
olan, tikilmiş və nəzərdə tutulan böyük
idman qurğuları. Artıq bu məsələ
də gündəlikdədir. Bizim gözəl
idmançılarımız, idman uğurlarımız
vardır.
Azərbaycanda təhlükəsizlik tədbirləri
çox yüksək səviyyədə təmin edilir. Ölkəmizdə
hökm sürən sabitlik, ictimai-siyasi asayiş Olimpiya
oyunlarının keçirilməsi üçün də
mühüm amil kimi özünü göstərir. Bir sözlə, biz Bakıda Olimpiya oyunlarının
keçirilməsi üçün tam hazırıq və deyə
bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin
gücünü göstərir.
Biz, sadəcə olaraq, 20 ildir ki, müstəqil ölkə
kimi yaşayırıq. Bu 20 il ərzində Azərbaycan
böyük və şərəfli yol keçibdir. İstənilən
sahədə biz böyük uğurlara nail ola
bilmişik. Biz iqtisadi sahədə dünyada
misli görünməmiş inkişafı yaşayırıq
və bu, bütün statistik göstəricilərdə
özünü əks etdirir.
Ölkəmizdə sosial məsələlərin
həlli çox uğurla aparılır. Sosial infrastrukturun
yaradılması prosesi uğurla gedir. Biz bunu Astara rayonunun
timsalında görə bilərik. Astarada
son illər ərzində 20-dən çox məktəb
tikilibdir. Bu gün biz Mərkəzi Rayon Xəstəxanasının
əsaslı təmirdən sonra
açılışını qeyd edəcəyik. Gözəl, möhtəşəm Olimpiya Mərkəzi
yaradılıbdır, kənd yolları qaydaya salınır.
Yəni Azərbaycanda sosial məsələlərin
həlli də çox müsbət istiqamətdə
inkişaf edir.
Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. İyirmi il
müstəqillik dövründə Azərbaycan
özünü dünyaya etibarlı tərəfdaş və
inamlı dost kimi təqdim edə bilmişdir. Məhz
bunun nəticəsidir ki, dünya birliyi, dünya ictimaiyyəti
Azərbaycana böyük etimad göstərərək bizi BMT
Təhlükəsizlik Şurasına üzv seçdi.
155 ölkə gənc, ancaq qüdrətli və müstəqil
Azərbaycan dövlətinə öz səsini verdi.
Bu, beynəlxalq müstəvidə əldə
edilmiş ən böyük uğurdur. Bu
uğur bir də onu göstərir ki, bizim xarici siyasətimiz
düzgün siyasətdir. Bizim xarici siyasətimiz
həm ölkənin maraqlarının təmin edilməsi
üçün aparılır, eyni zamanda, ölkəmizin
beynəlxalq imici də çox müsbətdir. Əks təqdirdə, 155 ölkə bizə səs
verməzdi.
Bir
sözlə, bu 20 il ərzində ölkəmizdə
istənilən sahədə böyük nailiyyətlər
vardır. Biz haqlı olaraq bu nailiyyətlərdən
danışırıq. Ancaq, eyni zamanda,
bizim bütün gələcək fikirlərimiz gələcək
inkişafa istiqamətləndirilib. Biz əlavə
nə etməliyik? Ölkəmizi bundan
sonra necə inkişaf etdirməliyik? Bu məsələlərlə
bağlı bizdə kifayət qədər dəqiq planlar,
proqramlar və fikirlərimiz vardır. Bu
barədə mən dəfələrlə müxtəlif tədbirlərdə
fikirlərimi ifadə edirəm. Son müddət
ərzində sahibkarlarla görüşdə ölkəmizin
ümumi iqtisadi inkişafı, uzunmüddətli iqtisadi
inkişafı və onun perspektivləri haqqında öz
fikirlərimi söylədim.
Bir daha demək istəyirəm ki, ölkəmiz dinamik
şəkildə inkişaf edir. Ölkəmizin
çox gözəl beynəlxalq imici vardır. Ölkə hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatımızın şaxələndirilməsi
ilə məşğuluq və bu sahədə də
uğurlar əldə edə bilmişik. Bütün
bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə
inkişaf vardır. Hər bir rayonun
inkişafı, əslində ölkəmizin
inkişafını gücləndirir. Ölkənin
inkişafı bölgələrin inkişafı olmadan
mümkün deyildir. Biz hazırda qeyri-neft
sektorunun, kənd təsərrüfatının, turizmin,
qeyri-neft sənayesinin inkişafı üçün çox
əhəmiyyətli addımlar atırıq.
Bu gün hər bir bölgədə gələcəklə bağlı konkret planlar vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi artıq başa çatmaq üzrədir. Gələn il bu proqram da yekunlaşacaq və beləliklə, son 8-10 il ərzində nəzərdə tutduğumuz məsələlər öz həllini tapacaqdır. Çalışmalıyıq ki, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələri maksimum dərəcədə başa çatsın. O cümlədən Astara rayonunda bu proses sürətlə gedir. Artıq kəndlər də qazlaşdırılır.
Su-kanalizasiya layihələrinin həyata keçirilməsi hər bir rayon, hər bir şəhər üçün çox aktual məsələdir, o cümlədən Astara üçün də aktualdır. Bu məsələ də öz həllini tapır.
Avtomobil yollarının tikintisi. İndi Bakı-Astara magistral avtomobil yolu inşa edilir. Ümid edirəm ki, biz yaxın illərdə bu yolun açılışını qeyd edəcəyik. Kənd yolları tikilir. Keçən dəfə Astarada olarkən bir neçə kəndi birləşdirən kənd yolunun açılışında iştirak etdim. Bu gün yenə də Astara rayonunda digər kəndləri birləşdirən yolun açılışında iştirak edəcəyəm. Biz çalışırıq ki, hər bir yaşayış məntəqəsində normal yaşamaq və işləmək üçün yaxşı şərait, ilk növbədə, infrastruktur, sosial infrastruktur olsun. Yəqin xatırlayırsınız ki, ölkəmizdə ilk modul tipli elektrik stansiyalarının tikintisi də məhz Astaradan başlamışdır. 90 meqavat gücündə olan birinci elektrik stansiyası məhz Astarada tikilmişdir. Bu stansiya indi həm Astara, həm bütün bölgə üçün vacib enerji mənbəyidir.
Bu, çox gözəl hadisədir. Mən ürəkdən sevinirəm ki, bu gün Astarada da idmanla məşğul olmaq üçün çox gözəl şərait yaradılıbdır. Ancaq eyni zamanda, bu gözəl Olimpiya Mərkəzi məhz əvvəlki dövrlərdə düzgün seçilmiş strategiya və taktikanın nəticəsində mümkün olmuşdur. Əgər biz iqtisadi gücü yaratmasaydıq, heç bir sosial infrastruktur, yaxud da ki, idman qurğusunun tikilməsinə imkanımız çatmazdı. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, bu gün ölkəmizin dünyadakı mövqeləri bu qədər güclü olmazdı. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına arxalanırıq. Əldə edilmiş bütün uğurlar məhz Azərbaycan xalqının xidmətidir.
Biz tam şəkildə müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik və bundan sonra da heç kimdən asılı olmayacağıq. Biz müstəqilliyin qədrini bilirik. Müstəqillik, sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik müstəqil siyasət aparmaq imkanlarıdır. Bu gün Azərbaycan bölgədə sabitləşdirici rolu oynayır. Dünya birliyi tərəfindən Azərbaycanın fəaliyyəti təqdirlə qarşılanır. Ölkə daxilində proseslər çox müsbət istiqamətdə gedir. Bizim imkanımız var ki, belə gözəl idman qurğuları yaradaq və hər bir bölgənin, xüsusilə cənub zonasının inkişafı ilə bağlı əlavə konkret addımlar ataq.
Bu gün çox gözəl bir gündür. Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yenilikləri görəndə çox sevinirəm. Keçən il də Astarada olmuşam. Keçən il də, yenə də demək istəyirəm ki, həm yolun, həm Gənclər evinin açılışını qeyd etmişdik. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları mən ürəkdən təbrik edirəm, 34-cü Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, hər bir gənc və hər bir vətəndaş bu kompleksin imkanlarından istifadə etsin, hər bir insan özünü rahat hiss etsin, hər bir ailədə sosial vəziyyət, dolanışıq yaxşı olsun, imkanlar artsın, ölkəmiz inkişaf etsin, insanlar rifah içində yaşasınlar.
Əziz dostlar, bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə və bütün astaralılara cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Yüngül atletika üzrə 16 qat respublika
çempionu Fikrət QAFAROV
dövlət başçısına minnətdarlıq edərək
dedi:
-
Möhtərəm cənab Prezident, icazə verin, rayonumuzun
bütün gəncləri və idmançıları
adından ürək sözlərimi ifadə edərək
bizim Astaraya "Xoş gəlmisiniz!"
deyim.
Sizin rayonumuza sayca beşinci səfəriniz gözəl bir ərəfəyə - Novruz bayramı günlərinə təsadüf edir. Bu doğma diyar da bahar gülləri, bahar çiçəkləri ilə Sizi qarşılayır. Gəlişiniz sevincimizə sevinc qatıb. Çünki bu səfərlərin hər biri rayonumuzda mühüm dəyişikliklərlə yadda qalır. Yeni-yeni obyektlərin təməli qoyulur, açılışlar edilir. Ötən il rayonumuzun sosial həyatının yaxşılaşdırılmasına xidmət edən iki tarixi sərəncam imzalamağınız və il tamam olmamış ikinci dəfə rayonumuza səfər etməyiniz dediklərimizə əyani sübutdur. Bu səfərlərin hər biri rayon sakinlərinə, gənclərimizə və idmançılarımıza böyük uğurlar gətirir.
Möhtərəm cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Qazanılan uğurlar bizi hədsiz sevindirir, yeni-yeni qələbələrə ruhlandırır. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında gənclərin rolunu xüsusi qeyd edərək, onlara böyük ümidlər bəsləyir, etimad göstərirdi. Bu ənənəyə sadiq qalaraq Siz də gənclərimizin hərtərəfli biliyə malik olması, mənəvi və fiziki cəhətdən sağlam yetişməsi üçün əvəzsiz xidmət göstərir, ulu öndərin ideyalarını layiqincə həyata keçirirsiniz.
Bu yaxınlarda - martın 2-də imzaladığınız sərəncamınızla Azərbaycanda vətənpərvər, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların azərbaycançılıq ruhunda tərbiyə olunması üçün Gənclər Fonduna 5 milyon manat vəsait ayırmağınız dediklərimizə bariz nümunədir. Ölkəmizdə idmanın inkişafı üçün bütün imkanlar yaradılmışdır. Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti kimi göstərdiyiniz böyük diqqət və qayğının nəticəsidir ki, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Dünya miqyaslı yarışlarda və Olimpiya oyunlarında idmançılarımızın qələbələri ilə dövlət himnimiz səsləndirilir, bayrağımız qaldırılır. Bu, əlbəttə, Sizin qayğınız və misilsiz əməyinizin bəhrəsidir. Buna görə də, cənab Prezident, Sizinlə birlikdə 2020-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarına da ev sahibliyi etmək arzusundayıq. Sərəncamınızla 2012-ci ilin "İdman ili" elan edilməsi ümumilikdə idmanımızın daha da inkişaf etdirilməsinə xidmət edir, idmançılarımıza yeni ruh verir. Buna tam əmin ola bilərsiniz ki, gənclərimiz "İdman ili"ində etimadınızı doğruldacaq, öhdələrinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.
Möhtərəm cənab Prezident, Azərbaycanın idman şöhrətinin artmasına astaralı idmançılar da həmişə layiqli töhfələr vermişlər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, indi isə onların davamçıları olan ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasına lisenziya qazanmış Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını göylərə qaldırırlar. Ümumilikdə Astara idmançıları 2011-ci ildə 160 medal qazanmışlar. Bunlardan 92-si qızıl medaldır. Qazanılan medalların 16-sı beynəlxalq yarışların payına düşür. Özüm kross üzrə Azərbaycan rekordçusu, 16 dəfə Azərbaycan çempionu, 3 dünya, 3 Avropa çempionatının iştirakçısı və mükafatçısı olmuşam.
Möhtərəm cənab Prezident, regionumuzu nura qərq etmiş "Astara" modul tipli elektrik stansiyasının təməlqoyma mərasimində əhali ilə görüşdə gənclərimizin sağlam böyüməsi üçün rayonumuzda Olimpiya İdman Kompleksinin tikiləcəyinə söz vermişdiniz. Bu gün söz və işin vəhdətinin şahidiyik. Ötənilki səfəriniz zamanı rayon gənclərinə Gənclər evini hədiyyə etdiniz. Bu il isə açılışını etdiyiniz əzəmətli Olimpiya İdman Kompleksi ilə bizi yenidən sevindirirsiniz. Bu kompleksin məhz "İdman ili"ndə açılışı Astara gənclərinə, Astara idmançılarına ən gözəl hədiyyənizdir. Belə bir idman kompleksinin istifadəyə verilməsini biz çoxdan gözləyirdik. Siz bizi bu arzuya qovuşdurdunuz. Buna görə bütün astaralı gənclərin dərin minnətdarlığını və səmimi təşəkkürünü Sizə çatdırıram.
Burada müxtəlif növlər üzrə idmançıların yetişməsi, idman yarışlarının keçirilməsi üçün hər cür şərait vardır. Bir idmançı kimi Sizi inandırıram ki, gənclərimiz bu əvəzsiz töhfəyə cavab olaraq respublikamızın idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar. Onların sorağı dünyanın ən mötəbər idman arenalarından gələcəkdir. Yaradılmış şərait və imkanlardan istifadə edərək, dünya və Avropa miqyaslı yarışlarda bundan sonra da böyük uğurlar qazanacaq, Azərbaycan idmanına layiqli töhfələr verəcəyik.
Möhtərəm cənab Prezident, gənclərimiz göstərdiyiniz qayğıdan fərəhlənir, Sizi sevir, müstəqil Azərbaycanımızın bütün sahələrdə inkişafında ən yaxın köməkçilərinizdir. Tam əmin ola bilərsiniz ki, Azərbaycan gəncliyinin tərkib hissəsi olan Astara gəncləri daim Sizinlədir və həmişə Sizinlə olacaqlar. Diqqətinizə görə çox sağ olun.
* * *
Mərasim geniş konsert proqramı ilə davam etdi.
Konsertdə respublikamızın tanınmış incəsənət
ustaları çıxış etdilər.
AzərTAc
Azərbaycan.-
2012.- 14 mart.- S. 1; 2.