Astara Rayon Mərkəzi
Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan
sonra açılışı olmuşdur
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.
Qeyd edildi ki, xəstəxananın
birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat
bloku, yeni doğulan uşaqların intensiv
terapiya palatası, ultrasəs müayinə
kabineti, 10 palata, mətbəx,
bufet və xidməti otaqlar
vardır. İkinci mərtəbədə
cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri,
əməliyyat bloku, iki
əməliyyat zalı, iki intensiv terapiya palatası,
11 palata, mətbəx, bufet
və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə
isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və
xidməti otaqlar fəaliyyət göstərir.
Xəstəxananın ərazisi
abadlaşdırılmış, 1,5 hektar
sahədə müasir tələblərə
cavab verən yeni
istirahət parkı salınmış, yaşıllıq
zolağı genişləndirilmişdir. Parkda
yay istirahət yerləri
quraşdırılmışdır.
Prezident İlham ƏLİYEV xəstəxananın kollektivi
ilə görüşərək dedi:
- Sizi gözəl hadisə münasibətilə təbrik edirəm. Çox şadam ki, Mərkəzi Rayon Xəstəxanası artıq gözəl görkəm alıbdır. Əvvəlki şəkillərə baxanda təsəvvür etmək çətindir ki, burada xəstələrə necə qulluq edilirdi. İndi isə bütün gözəl imkanlar, şərait vardır. Vəsait ayrılmış və ondan səmərəli şəkildə istifadə olunmuşdur. Gözəl, müasir tibb mərkəzi yaradıldı. Mən indi baş həkimə deyirəm ki, bütün xəstələr - həm şəhərdən, həm də yaxın kəndlərdən olan xəstələr burada müalicə olunmalıdır. Əməliyyat şöbələri, reanimasiya, doğum şöbələri vardır. Bu da çox vacibdir.
Əlbəttə ki, həkimlərin peşəkarlığından da çox şey asılıdır. Burada gözəl avadanlıq quraşdırılıbdır. Gərək burada təlim kursları təşkil olunsun ki, xəstələrə gözəl qulluq edilsin. Astara Mərkəzi Rayon Xəstəxanasının istifadəyə verilməsindən sonra, demək olar ki, bütün bölgədə artıq gözəl müasir tibb infrastrukturu yaradılmış olur. Çünki əvvəlki dövrlərdə Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi yaradılmışdır. Salyan Mərkəzi Rayon Xəstəxanası tikilmişdir. Biləsuvarda, Cəlilabadda diaqnostika mərkəzləri tikilmişdir. Yadımdadır ki, Lerikdə gözəl xəstəxana açılmışdı. Yəni bölgənin bütün əhalisi bu gözəl şəraitlə təmin edilir. Artıq bir rayondan başqa rayona getmək üçün ehtiyac qalmır. Astara rayonunun sakinləri də mütləq tibbi xidmətdən istifadə etməlidir. Mən dedim ki, maarifləndirmə işləri də aparılmalıdır. Hər bir vətəndaş vaxtaşırı diaqnostikadan keçməlidir. Burada da şərait vardır. Ultrasəs və digər avadanlıq vardır. Çox şadam ki, Astarada gözəl tibb mərkəzi yaradılıb. Həkimlər, tibb bacıları da xəstələrə yaxşı qulluq etməlidir.
Xəstəxananın həkimi
Aliyə HƏSƏNOVA bu xəstəxananın
yenidən qurulmasına və bütövlükdə ölkədə
səhiyyənin inkişafına göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirərək dedi:
- Cənab Prezident!
İcazə verin, Sizi bütün astaralılar adından səmimi-qəlbdən salamlayım və Sizə rayonumuza "Xoş gəlmisiniz!" deyim.
Bu gün sərəncamınız əsasında əsaslı təmir edilmiş və yenidən qurulmuş bu şəfa ocağının, gözəlliyi ilə göz oxşayan istirahət parkının açılışına toplaşmışıq. Cənab Prezident, bu, Sizin bütün astaralılara göstərdiyiniz qayğının təcəssümüdür.
Əvvəllər xəstəxanamız bərbad vəziyyətdə idi. Müasir tibb avadanlığına ciddi ehtiyac duyulurdu. Xəstələrin burada stasionar müalicəsi üçün heç bir şərait yox idi. Ona görə də əhali məcbur olub xeyli vaxt və vəsait sərf edib rayondan kənarda yerləşən tibbi mərkəzlərə üz tuturdu. Buna görə də Azərbaycanın cənub qapısı, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın cənub mirvarisi olan Astarada belə bir xəstəxananın yaradılmasına sərəncam verdiniz.
Bu gün açılışına gəldiyiniz bu xəstəxanada biz səhiyyə işçiləri əhaliyə daha yaxşı tibbi xidmət göstərəcəyik. Buna görə biz Sizə çox minnətdarıq, cənab Prezident.
Artıq həyatı xilas edilən hər bir insanın şəfa tapmasında Sizin böyük qayğınız danılmazdır, cənab Prezident!
Cənab Prezident, icazə verin bu fərəhli anlardan istifadə edərək Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanın Əliyevaya da dərin minnətdarlığımızı çatdıraq. Biz Mehriban xanımla fəxr edirik. Azərbaycanın birinci xanımı dünyanın mötəbər məclislərində ölkəmizi şərəflə təmsil edir. Dünya Mehriban xanımın timsalında Azərbaycan qadınının parlaq simasını görür. Biz səhiyyə işçiləri, bütün astaralılar Mehriban xanımla fəxr edirik. Bu gün biz astaralılar, xüsusilə gənclər, ətrafınızda sıx birləşməklə, işıqlı ideyalarınızın həyata keçirilməsi üçün hər an Sizinləyik.
Ulu Tanrı sizə yar olsun! Çox
sağ olun,
cənab Prezident!
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
Mən bir daha sizi
təbrik etmək istəyirəm. Doğrudan da
bu, gözəl hadisədir. Çünki insanların sağlamlığı
hər şeydən üstündür, hər
şeydən. Hər bir
insan müəyyən
dövrdə həkimlərə
müraciət edir.
Azərbaycanda hər bir yerdə gözəl tibbi xidmət göstərmək imkanı
olmalıdır. Bizdə gözəl,
peşəkar həkimlər
vardır. Tibb məktəbi
də güclüdür.
Son illər səhiyyə
sisteminin təkmilləşməsinə
böyük vəsait
ayrılıbdır. Ancaq vaxtilə
tikilmiş xəstəxanalar,
əfsuslar olsun ki, sonra bərbad
vəziyyətə düşmüşdür.
Bunu oradakı şəkillərdən
də görmək olar. Təsəvvür etmək çətindir
ki, burada necə xidmət göstərmək olar?
Ən gözəl həkim burada, belə şəraitdə xəstəyə
kömək edə bilməzdi. Ona görə bizim
borcumuz və vəzifəmiz ondan ibarətdir ki, belə gözəl tibb ocaqları yaradaq. Ona görə indi
səhiyyə obyektlərinin
yaradılması, yeni
xəstəxanalar, poliklinikalar,
diaqnostika mərkəzləri
tikilməsi işi geniş vüsət alıbdır.
Çox şadam ki, nəhayət, Astarada da belə gözəl
xəstəxana qapılarını
artıq xəstələrin
üzünə açır. Əminəm ki, burada ən
yüksək səviyyədə
tibbi xidmət göstəriləcəkdir. İcra başçısı mənə
deyir ki, əvvəlki dövrdə
müalicə üçün
xaricə üz tuturdular. İndi hesab edirəm
ki, xaricdən müalicə üçün
buraya gələcəklər.
Xəstəxananı yaxşı vəziyyətdə
saxlayın. Ən önəmlisi
odur ki, müasir səviyyədə
tibbi xidmət göstərilməlidir. Bunu etmək
üçün indi bütün imkanlar vardır.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 14 mart.- S. 2.