Azərbaycanla Türkiyə ortaq din və dilə mənsub qardaş ölkələrdir

 

 Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Oqtay Əsədov bildirib ki, "Türk Ocaqları" dərnəyinin 100 illik yubileyinin Novruz bayramı ərəfəsində Azərbaycanda keçirilməsi xoş təəssürat yaradır. Bu cür tədbirlərin keçirilməsi türkdilli ölkələrin birliyini daha da möhkəmləndirir.

Milli Məclisin Sədri türkdilli dövlətlərin tarixinə də toxunub: "Tarixə nəzər saldıqda görərik ki, bizi necə parçalamışlar. Amma indi türk dünyasının geosiyasi mövqeyi dünya üçün çox maraqlıdır. Buna görə də türkdilli ölkələr səylərini birləşdirməli, eyni mövqedən çıxış etməlidirlər. Hesab edirəm ki, "Türk Ocaqları" dərnəyinin məqsədi də bu olmalıdır".

Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağ isə bildirib ki, onların da Azərbaycana səfərində məqsəd türkdilli ocaqların birliyinin daha da möhkəmləndirilməsi, əlaqələrinin dərinləşməsi, mövcud münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsidir.

Bəkir Bozdağ müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin "Bir millət - iki dövlət"  müdrik kəlamını xatırladaraq qeyd edib ki, ulu öndərin söylədiyi bu dərinmənalı ifadə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə tam aydınlıq gətirir: "Biz ortaq din və dilə mənsub qardaş ölkələrik. Azərbaycanın uğuru Türkiyənin uğuru, Türkiyənin qələbəsi Azərbaycanın qələbəsi hesab edilir. 20 ildir ki, Azərbaycan müstəqilliyini bərpa edib. Azərbaycanın bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi ilə qazandığı uğur  Türkiyənin də uğuru hesab edilir".

Türkiyə nümayəndə heyətinin rəhbəri Bəkir Bozdağ eyni zamanda diqqətə çatdırıb ki, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və bəyannamənin imzalanması  münasibətləri daha da yaxşılaşdırıb. TürkPA-nın yaradılması da türkdilli ölkələr arasında sıx ələqələrin yaranacağından xəbər verir. 

Bəkir Bozdağ Fransa parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsində Azərbaycanın Türkiyə ilə birgə addımlar atdığını da diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 3.