Azərbaycan ilə
İran arasında səmərəli əməkdaşlıq
məsələləri müzakirə olunmuşdur
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İranda ikigünlük rəsmi səfərdədir. Nazir martın 12-də iranlı həmkarı Əhəd Vəhidi ilə görüşmüşdür.
Müdafiə nazirləri keçirdikləri brifinqdə müzakirə olunan məsələlər barədə yerli və xarici jurnalistlərə məlumat vermişlər. Mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.
S.Əbiyev demişdir ki, Azərbaycan ilə İran arasında xoş münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Mahmud Əhmədinejadın mehriban dostluq münasibətləri iki ölkə arasında səmimi əlaqələrin qorunmasını təmin edir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə regionda sülh və sabitliyin yaranmayacağını diqqətə çəkən S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan Respublikası özünün müdafiə imkanlarını genişləndirir. Yeganə məqsəd ərazi bütövlüyü ilə bağlı təhlükəsizlik problemlərini aradan qaldırmaqdır. Münasibətlərimizin inkişafına xidmət edən əməkdaşlıq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin ümummilli maraqlarını əks etdirir.
S.Əbiyevi İranda görməsindən xoşhal olduğunu diqqətə çatdıran İranın müdafiə naziri demişdir ki, Azərbaycan və İran xalqlarının qədim köklərə söykənən qohumluq əlaqələri ölkələrimiz arasındakı səmimi münasibətlərin əsasını təşkil edir. İranlı nazir demişdir ki, görüşdə səmərəli əməkdaşlıq münasibətlərinə aid məsələlərin müzakirəsi uğurlu olmuşdur.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak etmişdir.
İran rəsmiləri ilə görüşlər martın 13-də davam etdirilmişdir.
Sabir ŞAHTAXTI
Azərbaycan.- 2012.- 14 mart.- S. 3.