Bakıda Xorvatiya
Respublikasının konsulluğu açılmışdır
Martın 13-də Xorvatiya Respublikasının Bakıda konsulluğu açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç iştirak etmişlər.
Xorvatiya Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç konsulluğun əməkdaşları və Azərbaycanda yaşayan Xorvatiya icmasının nümayəndələri ilə görüşmüşlər.
Mərasimdə çıxış edən Xorvatiya dövlətinin başçısı bildirdi ki, Azərbaycanda konsulluğun fəaliyyətə başlaması hər iki xalq arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacaqdır. Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran ali qonaq qeyd etdi ki, Bakıda konsulluğun açılması ölkələrimizin iqtisadi əlaqələrinin də inkişafına təkan verəcəkdir.
Sonra Prezident İvo Yosipoviç üzərində "Xorvatiya Respublikasının konsulluğu" sözləri yazılmış lövhənin üzərindən örtüyü götürdü.
Xorvatiya dövlətinin başçısı diplomatik missiyanın fəaliyyətə başlamasını təsdiq edən sənədi fəxri konsul Kənan Məmmədova təqdim etdi.
Daha sonra Prezident İvo Yosipoviç konsulluqda yaradılan şəraitlə tanış oldu. Ali qonağa məlumat verildi ki, konsulluğun binası 7 inzibati və bir neçə yardımçı otaqdan ibarətdir. Konsulluqda ilk mərhələdə 8 əməkdaşın çalışması nəzərdə tutulmuşdur və burada onlar üçün hər cür şərait yaradılmışdır.
Sonra ali qonaq və xanımı "Bakı" futbol komandasında oynayan xorvat futbolçularla da görüşərək səmimi söhbət etdi.
Prezident İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç Xorvatiyanın Azərbaycandakı konsulluğunun fəaliyyətinə uğurlar arzuladılar.
AzərTAc
Azərbaycan.- 2012.- 14 mart.- S. 4.