BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan hökumətinə təqdim edilmiş tövsiyələrdən irəli gələn məsələlər müzakirə edilmişdir

 

Bu il yanvarın 17-18-də Cenevrədə BMT-nin Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında Azərbaycan hökumətinin BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının icra vəziyyəti ilə bağlı dördüncü, Konvensiyanın "Uşaq alveri və uşaq pornoqrafiyasına dair" fakültativ protokollarının icra vəziyyəti ilə bağlı ilkin hesabatlarının müzakirəsi keçirilmişdir.

Müzakirələrin nəticəsi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə qarşıdakı 5 il üçün uşaq sahəsində tövsiyələrini təqdim etmişdir.

Martın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə keçirilən iclasda qarşıdakı 5 il üçün təqdim edilmiş tövsiyələrdən irəli gələn məsələlər müzakirə edilmişdir.

Elçin Əfəndiyev bildirmişdir ki, son illər respublikamızın iqtisadi-siyasi imkanları artdıqca ictimai həyatın təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə kimi aparıcı sahələrində inkişaf sürətlə artır. Əldə edilmiş nailiyyət insan kapitalını aparıcı qüvvəyə çevirir, cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların hərtərəfli inkişafı üçün əlverişli zəmin yaradır. Uşaqların qayğı ilə əhatə olunması, sağlam sosial-mənəvi mühitdə böyüməsi və bütöv bir şəxsiyyət kimi formalaşması ölkəmizin dövlət səviyyəsində siyasətində çox mühüm prioritet yerlərdən birini tutur. Ümummilli liderimiz Heydər Əliyevin uşaqlara diqqət və qayğısı hamıya yaxşı məlum idi və həmin diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq məsələlərinə xüsusi diqqəti bu sahəyə qayğının daha da artmasına, geniş vüsət tapmasına səbəb olmuşdur.

Baş nazirin müavini qeyd etmişdir ki, dövlət tərəfindən uşaqlarla bağlı 10-dan artıq qanunun qəbul edilməsi, ümumilikdə isə 72 qanun və 11 məcəllədə uşaq hüquqlarının əks olunması uşaqlarla bağlı 30-dan artıq Dövlət Proqramının uğurla icra olunması bu sahəyə dövlət qayğısını yaxşı təcəssüm edir. Bütün bunlar uşaq hüquqlarının təmini, onların sağlam, yüksək savada malik şəxs olaraq formalaşması, sosial hüquqlarının qorunması üçün ciddi əsaslar yaratmışdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara xüsusi diqqət yetirildiyini qeyd edən E.Əfəndiyev bildirmişdir ki, bütün bu uğurlarla bərabər, problemlər də mövcuddur və bu baxımdan qarşıda bizi hələ çox işlər gözləyir. Fərəhli haldır ki, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlara əsasən ölkəmizin həyata keçirdiyi islahatlar təqdirəlayiq addımlar kimi qiymətləndirilir.

Dövlət rəsmisi qeyd etmişdir ki, bu ilin yanvar ayında, BMT-nin Uşaq Hüquqları Komitəsində Azərbaycan hökumət nümayəndə heyətinin iştirakı ilə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, həmin Konvensiyanın ikinci fakültativ protokolunun icrası üzrə ölkə hesabatlarının müzakirəsi keçirilmişdir. Bu müzakirələrin nəticəsi olaraq hökumətə uşaq sahəsində bir sıra əhəmiyyətli tövsiyələr ünvanlanmışdır. Bizim bugünkü görüşümüzdə məhz Azərbaycan hökumətinə BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən təqdim edilmiş tövsiyələrlə əlaqədar iki məsələ - uşaqlarla bağlı dövlət orqanlarının Koordinasiya Şurasının yaradılması və milli səviyyədə uşaq strategiyasının hazırlanması müzakirə olunacaqdır.

AQUPDK-nın sədri Hicran Hüseynova qeyd olunan məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki, uşaq məsələləri üzrə Koordinasiya Şurasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılması və ildə iki dəfə toplanması, müvafiq sektorlararası işçi qrupların yaradılması, uşaq müəssisələrində monitorinqlərin aparılması nəzərdə tutulmuşdur. Belə hesab edirik ki, şurada uşaq sahəsində mühüm qərarların birgə müzakirəsi uşaq hüquq və maraqlarının yüksək səviyyədə təmin edilməsinə xidmət edəcəkdir.

Hicran Hüseynova qeyd etmişdir ki, qarşıdakı müddətdə dövlət uşaq siyasətinin prioritetlərini nəzərdə tutan strategiyanın hazırlanması uşaqlarla bağlı fəaliyyətlərin daha sistemli, planlı və effektiv olaraq həyata keçirilməsinə xidmət etmək məqsədini daşıyır.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirmişdir ki, BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən təqdim edilmiş tövsiyələrdə ötən müddətdə Azərbaycanda uşaq sahəsində görülmüş işlər, uşaq sahəsində həyata keçirilmiş qanunvericilik islahatları, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı atılmış addımlar nailiyyət kimi qiymətləndirilmişdir.

İclasda iştirak edən aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxsləri müzakirəyə çıxarılan məsələlərlə bağlı rəylərini bildirmiş və təkliflər irəli sürmüşlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 6.