"Özünədəstək" layihəsi Ermənistanla həmsərhəd və cəbhəyanı bütün kəndlərimizdə icra olunacaq

 

 Azərbaycan Prezidentinin sərhədyanı bölgələrin, eləcə də cəbhəyanı yaşayış məntəqələrinin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Özünədəstək" - birdəfəlik ünvanlı sosial yardım layihəsinin 2011-ci ilin mart ayında Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Vahidli kəndində sınaq işlərinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari il fevralın 23-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun həmin kənddə "Özünədəstək" layihəsinə cəlb olunmuş ailələrlə görüşündə yerli sakinlər yeni aktiv sosial müdafiə tədbirinin istər ailələrin yaşayış vəziyyətinin yaxşılaşdırılması, istərsə də kənddə maldarlığın inkişafı baxımından xüsusi önəm kəsb etdiyini bildiriblər. Görüşdə nazir Fizuli Ələkbərov bu sahədə əldə olunan müsbət təcrübə əsas götürülməklə, layihənin Ermənistanla həmsərhəd olan digər kəndlərimizdə, həmçinin bir hissəsi işğal edilmiş rayonların cəbhəyanı kəndlərində də davam etdirilməsi təşəbbüsü ilə çıxış edib. Layihənin icrası işlərinin 11 rayon (Füzuli, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan) üzrə davam etdirilməsi qərara alınıb. Bu istiqamətdə nazirlik tərəfindən aparılan işlərin müzakirəsi məqsədilə martın 12-də Füzuli rayonunun Horadiz şəhərində nazir Fizuli Ələkbərovun sədrliyi və adıgedən rayonların əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Müşavirədəki çıxışında nazir Fizuli Ələkbərov aztəminatlı ailələrin ünvanlı yardımdan asılılığını aradan qaldırmaq, onlara mövcud potensiallarını reallaşdırmaq yolu ilə gəlirlərini artırmaq, beləliklə, yoxsulluq vəziyyətindən çıxmaq üçün müvafiq şəraitin yaradılması baxımından "Özünədəstək" layihəsinin effektli bir tədbir olduğunu qeyd edib. Layihənin icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, işgüzarlıq əzminin yüksəlməsinə, onların yaşayışına, nəticə etibarilə kənddə heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyən nazir ailə təsərrüfatını inkişaf etdirmək və özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb.

Tədbirdə "Özünədəstək" layihəsinin Ermənistanla həmsərhəd olan, həmçinin cəbhə ilə təmas xəttində yerləşən ümumilikdə 111 kənddə həyata keçirilməsi məqsədilə həmin yaşayış məntəqələri üzrə demoqrafiksosial-iqtisadi vəziyyət, coğrafi şərait, məşğulluq növləri, ünvanlı sosial yardım alan ailələr və onların mövcud potensialları və s. ilə bağlı aparılmış araşdırmaların nəticələri geniş təhlil edilib. Həmin kəndlər üzrə aidiyyəti rayonlarda bu sahədə görüləcək işləri təhlil etmək üçün Ağcabədi və Şəmkir rayonlarında zona müşavirələrinin keçiriləcəyi qeyd olunub. Bildirilib ki, layihənin icrası ilə bağlı kadrların bilik və peşəkarlığının artırılması da diqqətdə saxlanılır. Bununla əlaqədar nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində yerli strukturların rəhbərləri və müvafiq əməkdaşları üçün təlim kursları təşkil ediləcək.

Müşavirə zamanı layihənin cari ilin aprel ayından etibarən Tovuz, Qazax, Füzuli və Gədəbəy rayonları üzrə ümumilikdə 7 kənddə mərhələli şəkildə icra edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov layihənin icra olunacağı rayonların əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinə bu layihəyə cəlb ediləcək ailələrin seçilməsi, malik olduqları potensiallar, həmçinin yerli şərait, məşğulluq imkanları nəzərə alınmaqla həmin ailələrə hansı formada dəstək verilməsinin daha səmərəli ola biləcəyi ilə bağlı təkliflər hazırlayıb nazirliyə təqdim etmək barədə tapşırıq verib.

Füzuli rayonunun Mirzənağılı, Qazaxlar və Şükürbəyli kəndlərində yaşayan, "Özünədəstək" layihəsinə cəlb olunmaq üçün seçilmiş 13 ailə ilə görüşən nazir Fizuli Ələkbərov həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək onlara bu sahədə uğurlar arzulayıb. Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını möhtərəm dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Layihəyə cəlb ediləcək ailələrin seçilməsi işləri nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın iştirakı ilə aparılır. Ailələrin seçilməsi zamanı onların ünvanlı yardım almaq hüququnun, tərkibində uşaqların, həmçinin əmək qabiliyyətli üzvünün, tövləsinin olması, ünvanlı yardımın orta aylıq məbləğinin 12 misli miqdarında veriləcək birdəfəlik yardımdan istifadə ilə əlaqədar ailə planını təqdim etməsi və s. əsas şərtlər kimi nəzərə alınır.

Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları "Özünədəstək" layihəsinin pilot rayonları kimi müəyyən olunub və artıq Nizami rayonunda da layihəyə cəlb olunacaq 30 ailə seçilib. Həmin ailələrə yaxın günlərdə kiçik istehsal və müxtəlif xidmət sahələri ilə məşğul olmaq üçün birdəfəlik ünvanlı yardım veriləcək.

 

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 6.