Azərbaycanın Latviyadakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ölkənin ictimaiyyətini məlumatlandırır

 

 Martın 12-də Azərbaycanın Latviyadakı səfirliyinə Avropa Regional Turizm İnstitutunun ("Sia Eiropas Regionala Turisma İnstituts") http:www.travelnews.lv?i_id=1&m_id=50&i_ctr=926&Kalnu-Karabaha və Latviya Alpinistlər və Səyyahlar Assosiasiyasının ("Latvijas Alpinistu un ceotaju asociacija") http:www.laca.lvjaunumiArmenia_2011_v2.pdf internet resurslarında yerləşdirilmiş Dağlıq Qarabağa dair məlumat daxil olmuşdur.

Diplomatik nümayəndəliyimizdən AzərTAc-ın müxbirinə bildirmişlər ki, birinci resurs Latviyada fəaliyyət göstərən Travelnews.lv portalına məxsusdur. Bu saytda Dağlıq Qarabağ yanlış olaraq ayrıca ölkə kimi göstərilmiş, onun paytaxtının, ərazisinin, əhalisinin, dininin və pul vahidinin olduğu bildirilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir.

İkinci resursda isə Latviyadan olan bir qrup alpinistin Ermənistana, oradan isə Dağlıq Qarabağa getdiyi qeyd olunur. Burada da Dağlıq Qarabağ haqqında qeyri-dürüst məlumatlar öz əksini tapmışdır.

Səfirlik əldə etdiyi məlumatlar əsasında dərhal təxirəsalınmaz tədbirlər görmüş, hər iki təşkilat ilə əlaqə saxlamış, onların rəhbərlərinə qəti mövqeyini bildirmişdir.

Travelnews.lv şirkətinin rəhbəri Ayvars Matskeviçs ilə söhbət zamanı o, məsələdən xəbərsiz olduğunu bildirmişdir. Şirkətin rəhbəri diplomatik nümayəndəliyimiz tərəfindən bildirilmiş mövqe və tələb ilə  razılaşaraq, eyni zamanda, bununla bağlı Latviyanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq bu məsələni onlarla dəqiqləşdirəcəyini demişdir. A.Matskeviçs ölkəmizin diplomatik nümayəndəliyinə zəng vuraraq üzr istəmiş, yerləşdirilmiş məlumatların səhv olduğunu etiraf etmiş, tezliklə saytdakı məlumatların dəyişdiriləcəyi barədə səfirliyimizi əmin etmişdir.

Latviya Alpinistlər və Səyyahlar Assosiasiyasının rəhbəri Arnis Opmanis isə bildirmişdir ki, sözügedən səfər Ermənistana məxsus "ASPAR" şirkətinin təşkilatçılığı ilə həyata keçirilmişdir. O, bu səhvin səhlənkarlıq üzündən baş verdiyini bildirərək səfirlikdən üzr istəmişdir. Bundan dərhal sonra internetdə yerləşdirilmiş yanlış məlumat yığışdırılmışdır. A.Opmanis gələcəkdə bu cür xoşagəlməz halların təkrarlanmaması üçün səfirliklə əvvəlcədən məsləhətləşəcəklərini demişdir.

Hər iki halda şirkətlərin rəhbərlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilmiş, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğu bildirilmişdir. Bu ərazilərə səfərlərin yalnız Azərbaycanın müvafiq dövlət qurumlarının icazəsi ilə mümkünlüyü barədə xəbərdarlıq edilmişdir.

Səfirlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bölgəyə edilən qeyri-qanuni səfərlər ilə bağlı məlumatları daim araşdırır və Latviya ictimaiyyətini məlumatlandırır.

 

 

 Nigar HÜSEYNOVA

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 7.