"EcoVision" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) xüsusi orqanı olan rüblük iş və iqtisadiyyat jurnalı "EcoVision"un növbəti nömrəsi çapdan çıxmışdır.

"EcoVision" bu nömrəsində ötən ilin hadisələrinə yekun vurmaqla yanaşı, cari il üçün nəzərdə tutulmuş bir sıra vacib məqamlara da diqqət  yetirməyə çalışmışdır.

Nəfis şəkildə tərtib olunmuş jurnalın son nömrəsində "Azərbaycan və Türkiyəni bir-birinə bağlayan enerji", "Hərbi sənaye: Azərbaycan - Türkiyə əməkdaşlığında yeni sahə", "Türk diplomatlarına yönəlik erməni soyqırımı və terrorist erməni örgütləri", "Azərbaycan iqtisadiyyatı  2011-ci ildə", "Dünya liderləri yeni iqtisadi modellər barədə müzakirə aparıblar", "Türkiyə iqtisadiyyatı - 2011", "Biznes təklifləri" və digər sərlövhəli yazılarda iki qardaş ölkənin iqtisadi artım tempi bir daha təhlil edilmiş, indiyədək reallaşdırılmış və həyata keçiriləcək birgə layihələr barədə dolğun məlumatlar verilmişdir.

Qardaş dövlətlərimizin münasibətlərinə işıq salan "Azərbaycan və Türkiyəni bir-birinə bağlayan enerji" sərlövhəli məqalədə iki qardaş ölkə arasında əlaqələr ətraflı təhlil edilmişdir. Vurğulanmışdır ki, bu münasibətlərdə  "Bir millət, iki dövlət" faktoru zaman-zaman özünü büruzə vermiş və qarşılıqlı əlaqələrdə, bir növ, düstur halına gəlmişdir.

"Hərbi sənaye: Azərbaycan - Türkiyə əməkdaşlığında yeni sahə" məqaləsində isə son illərin münasibətlərində hərbi və hərbi-texnoloji əməkdaşlığın önəmli yer tutmasından bəhs olunmuşdur. Azərbaycan - Türkiyə hərbi münasibətlərinə ekskurs edən məqalədə qardaş ölkənin dövlətimizlə hərbi təchizat, tədris və təlim sahələrində əməkdaşlığından söhbət açılır. Habelə həyata keçirilən layihələr barədə məlumat verilir.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdət Ünüvar ilə müsahibədə ikitərəfli münasibətlərə bir daha ekskursiya edilmişdir.

Türk diplomatlarına ünvanlanmış erməni soyqırımı və terrorist erməni təşkilatları barədə professor Orhan Çekiçin məqaləsi, şübhəsiz, hazırda üzləşdiyimiz erməni faşizminin dərin köklərindən xəbər verir.

Jurnalda ölkəmizdə, regionda, dünyada baş verən hadisələr,  qanunvericilik xəbərləri, həmçinin ATİB-in fəaliyyəti barədə təqdim edilmiş informasiyalar oxucuların həm biznes, həm də sosial-ictimai sahədə məlumatlarının genişlənməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, jurnalda ölkəmizdə nəşr edilmiş bir sıra maraqlı kitablar barədə də resenziyalar oxucuların mühakiməsinə verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 7.