Anar Məmmədov: ABŞ-da 150 milyon adam Xocalı soyqırımı barədə məlumatlandırılmışdır

 

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması tədbirləri çərçivəsində ABŞ-da 150 milyona yaxın insan bu soyqırımı barədə məlumatlandırılmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri Amerika-Azərbaycan Alyansının sədri Anar Məmmədov demişdir.

Son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı aparılan təbliğat işlərinin daha da gücləndiyini bildirən Anar Məmmədov Xocalı soyqırımının 20 illiyi  ilə bağlı dünyanın bir çox ölkələrində keçirilən izdihamlı aksiyalardan danışaraq demişdir: Amerika-Azərbaycan Alyansı da Xocalı soyqırımının ildönümü ilə bağlı geniş tədbirlər həyata keçirmişdir. ABŞ-ın nüfuzlu "New York Times" və "Washington Post" qəzetlərinin bir səhifəsində Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc edilmiş, Vaşinqton şəhərində 400-ə yaxın metro vaqonunda və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirilmişdir. ABŞ-ın bir sıra hava limanlarında əhaliyə Xocalı soyqırımından bəhs edən broşürlər paylanmış, ABŞ-ın bir sıra informasiya saytlarında bu faciə ilə bağlı materiallar yerləşdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 7.