Bakıda
ilaxır çərşənbəyə həsr olunmuş təntənəli
bayram mərasimi keçirilmişdir
Azərbaycan torpağına bahar gəlmişdir. Ana təbiət oyanır, yaşıl libasını geyməyə hazırlaşır. Xalqımız baharın gəlməsini - Novruz bayramını çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlayaraq kütləvi şənlik və mərasimlər keçirilir.
Azərbaycan xalqı min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu il də hər yerdə böyük sevinc və fərəhlə qarşılayır. Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilir.
Martın 13-də Azərbaycanda yurdumuza baharın gəlişini müjdələyən çərşənbələrdən sonuncusu - ilaxır çərşənbə əsl ümumxalq bayramı kimi qeyd olunur. Ölkə ərazisində kütləvi şənliklər və mərasimlər keçirilir, təbiətin oyanması ilə yurdumuza qədəm qoyan baharın elimizə xoşbəxtlik, ruzi-bərəkət və əmin-amanlıq gətirməsi arzulanır.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda ilaxır çərşənbə münasibətilə təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, Qoşa Qala qapısından milli geyimli 12 atlı süvarinin, 5 fayton və 6 dəvənin müşayiəti ilə Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa, musiqiçilər və digər iştirakçılar Suraxanı rayonu ərazisindəki Atəşgah məbədindən od gətirmək üçün yola düşmüşlər.
Atəşgah məbədində məşəl yandıran Bahar qız faytonların və atlıların müşayiəti ilə şəhərimizin mərkəzinə doğru hərəkətə başlamışdır. Paytaxtın mərkəzi küçələri ilə hərəkət edən karvan "Gənclər" meydanında dayandıqdan sonra cəngavərlər Bahar qızın gətirdiyi odla tonqalı alovlandırmışlar.
Dədə Qorqud bu əziz bayram günündə xalqımıza xeyir-dua vermişdir. Bildirilmişdir ki, Novruz bayramı gələndə elimizə-obamıza yeni nəfəs gəlir, torpaq oyanır, hər şey yenilənir, tər çiçəklər açır. Bizim çox adətlərimiz vardır. Onlardan biri də tonqal qalamaqdır. Bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya, çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı. Gəlin biz də hamımız bir yerdə olaq, üç tonqal qalayaq.
Bundan sonra Qala divarları üzərində alovlandırılan üç böyük məşəl Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təcəssüm etdirmişdir.
Daha sonra qalanın qarşısındakı meydanda tanınmış sənətçilərin iştirakı ilə böyük bayram konserti olmuşdur.
Bayram mərasimində dönə-dönə qürur hissi ilə qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük qayğı və dəstəyi nəticəsində muğam sənətindən sonra Azərbaycanın aşıq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan dövlətinin təşəbbüsü ilə BMT-nin Baş Məclisi 21 martı "Beynəlxalq Novruz Günü" elan etmişdir. İnanırıq ki, bütün dünya bundan sonra 21 mart - Beynəlxalq Novruz Gününü daha böyük təntənə ilə əsl bayram kimi qeyd edəcəkdir.
Paytaxtın minlərlə sakininin və qonaqlarının maraqla izlədikləri bayram tədbiri zamanı Bakının bahar axşamının səması möhtəşəm atəşfəşanlığın əlvan rənglərinə boyanmışdır.
Bakıda Novruz şənlikləri qarşıdakı günlərdə də davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 14 mart.- S. 8.