Prezident İlham Əliyev
Masallı Mədəniyyət Evində aparılan əsaslı
təmir və yenidənqurma işləri ilə tanış
olmuşdur
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxdı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməmişdir. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanmışdır.
Qeyd edildi ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcəkdir.
Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 15 mart.- S. 1.