Masallıda Gənclər
Mərkəzi açılmışdır
Prezident İlham Əliyev açılış mərasimində
iştirak etmiş, bölgə gənclərinin nümayəndələri
ilə görüşmüşdür
Prezident İlham Əliyev martın 13-də Masallıya səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanmışdır.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını əks etdirən fotoguşələr yaradılmışdır.
Bildirildi ki, mərkəzin oyun zalı müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə rəsm qalereyası da gənclərin ixtiyarına verilmişdir. Burada gənc rəssamların sərgiləri təşkil olunacaq və digər tədbirlər keçiriləcəkdir.
Qeyd edildi ki, tir otağı iki hissədən ibarətdir. Birinci hissədə 10 metrlik məsafədən atəş açmaq üçün pnevmatik tir otağı yaradılmışdır. Almaniya avadanlığının quraşdırıldığı bu otaqda pnevmatik tüfəng və tapançadan atəş açmaq mümkündür. Bunların hər ikisi idmanın olimpiya oyunları növüdür.
Diqqətə çatdırıldı ki, otağın ikinci hissəsi interaktiv atıcılıq tiridir. Burada 30-a qədər müxtəlif proqramlardan istifadə etmək imkanı yaradılmışdır. Onlardan ikisi olimpiya idman növüdür.
Prezident İlham Əliyev pnevmatik tapançadan hədəfə atəş açdı.
Dövlət başçısı kinozalda 3D formatlı filmə baxdı.
Bildirildi ki, Gənclər Mərkəzində multimedia kitabxanası da fəaliyyət göstərəcəkdir. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq kitabxanada böyük işlər görülmüşdür. Kitabxananın fondunda 5 min nüsxə bədii ədəbiyyat, eləcə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş qiymətli kitablar vardır.
Məlumat verildi ki, kompyuter otağında yüksək sürətli internetə qoşulmuş 12 kompyuter vardır. Burada kompyuter bilikləri üzrə xüsusi kurslar da təşkil olunacaqdır.
Qeyd edildi ki, açıq tipli kafedə gənclərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Otuz nəfərlik konfrans zalında gənclərlə bağlı istənilən tədbirin keçirilməsi mümkündür. Burada ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılmışdır. Mərkəzdə gənclər üçün xarici dil kursları da təşkil olunmuşdur. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan gənclərin nümayəndələri ilə görüşdü və çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Bu gün biz Masallıda Gənclər Mərkəzinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Çox gözəl mərkəzdir. Ümumiyyətlə, son illər ərzində Azərbaycanda gənclər evlərinin, gənclər mərkəzlərinin tikintisi geniş vüsət almışdır. Bir il bundan əvvəl mən yenə də cənub bölgəsində idim. Biz Astarada Gənclər Evinin açılışını qeyd etdik, bu gün isə Masallıda.
Bütövlükdə hər bir bölgədə gənclər üçün gözəl evlər tikilir. Ən önəmlisi ondan ibarətdir ki, gənclər bu evlərdən səmərəli şəkildə istifadə etsinlər. Burada daim fəaliyyət olmalıdır və gənclər öz asudə vaxtlarını burada keçirməlidirlər. Ümid edirəm ki, yaxın illərdə ölkəmizin hər bir şəhərində gənclər evləri olacaqdır.
Gənclər siyasəti Azərbaycanda uğurla aparılır. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Mən çox şadam ki, Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Gənclər bu gün və xüsusilə gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edəcəklər.
Bu gün də gənclər siyasəti Azərbaycanda çox önəmli bir sahəni əhatə edir və bu istiqamətdə əlavə konkret tədbirlər görülür. Keçən il "Azərbaycan Gəncliyi" Proqramı qəbul edilmişdir. Bu Proqramın qəbul olunması həm zərurət idi və hesab edirəm ki, eyni zamanda, dövlətimizin bu sahəyə diqqətini göstərir. Müzakirə zamanı mənim gənclərlə görüşlərim əsnasında Proqrama əlavələr, dəyişikliklər edildi. Mən çox istəyirdim ki, gənclər bu Proqramın qəbul edilməsində fəal iştirak etsinlər və belə də oldu. Çox geniş ictimai müzakirələr aparıldı. Mənim gənclərlə görüşlərim mütəmadi xarakter daşıyır və xüsusilə Proqramın qəbul edilməsi ərəfəsində bu görüşlərə böyük ehtiyac var idi.
Beləliklə, biz çox dəqiq, konkret və işlək Proqram qəbul etdik. Əsas məqsəd də məhz bundan ibarət idi. Yəni bu Proqram hansısa bir niyyətin ifadəsi, hansısa şüar naminə atılan addım deyildir. Bu, konkret xarakter daşımalıdır, konkret xarakter də alıbdır.
Proqramın icrası artıq başlamışdır. Orada vacib məsələlərdən biri Gənclər Fondunun yaradılması idi. Bu fond təsis edildi və dərhal Prezidentin Ehtiyat Fondundan fondun fəaliyyətinin genişləndirilməsi üçün 5 milyon manat vəsait ayrıldı. Mənim tərəfimdən göstəriş verildi ki, bu vəsaitdən səmərəli istifadə olunsun, müxtəlif proqramlar icra edilsin, layihələr, qrantlar verilsin ki, gənclərin fəaliyyətini biz belə maliyyə resursları ilə də dəstəkləyək. Bir daha demək istəyirəm ki, Azərbaycan gəncliyi çox fəaldır və bu, doğrudan da çox vacibdir. Çünki siz gələcəkdə ölkəmizin inkişafını müəyyən edəcəksiniz.
Ölkəmizin müstəqillik həyatı cəmi 20 il təşkil edir. Bu, tarix üçün böyük bir dövr deyildir. Ancaq bu 20 il ərzində ölkəmiz sürətlə inkişaf etdi. Ölkədə bütün təsisatlar quruldu, dövlətçilik əsasları yaradıldı. Bizim əcdadlarımız əsrlər boyu müstəqillik eşqi ilə yaşamışlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdıq. Ona görə müstəqillik bərpa olunduqdan sonra ölkəmizin hansı istiqamətlər üzrə inkişafı ən vacib məsələlərdən biri idi. Çünki məhz o illərdə bugünkü Azərbaycanın reallıqları formalaşırdı. Ulu öndər Heydər Əliyevin strateji baxışları və gələcəyə atılmış addımlar bugünkü reallıqları da mümkün etmişdir.
İyirmi il ərzində ölkəmiz inkişaf etdi, müstəqillik möhkəmləndirildi, siyasi və iqtisadi islahatlar aparıldı və bu gün Azərbaycan bölgədə söz sahibidir. Bölgədə bizim iştirakımız olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz. Azərbaycan ilə hesablaşırlar. Azərbaycanın mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bütün bunlara biz cəmi 20 il ərzində nail ola bilmişik. Gələcək 10 il, 20 il üçün bizim konkret planlarımız, strategiyamız vardır. Əslində, mən daha da qabağa baxmağa çalışıram. Əlli ildən sonra ölkəmiz necə, nəyin və hansı resursların hesabına inkişaf edəcəkdir?! Prezident kimi mənim və bu gün iqtidarda olan hər bir şəxsin vəzifəsi ondan ibarətdir ki, dayanıqlı inkişafımızı təmin edək.
Bu gün iqtisadi uğurlarımız artıq reallıqdır. Azərbaycan siyasi cəhətdən də çox sabit bir ölkədir. Bölgədə də mövqelərimiz gündən-günə möhkəmlənir. Təbii resurslarımız da, insan resurslarımız da var və istedadlı insanlarımız da kifayət qədər çoxdur. Amma gələcəkdə biz necə inkişaf edəcəyik və siz gələcəkdə ölkəmizi necə idarə edəcəksiniz - bu, məni düşündürən məsələlərdən biridir. Çünki Vətəni sevən hər bir insan gələcəyi düşünməlidir.
İyirmi illik tariximiz çox uğurludur. İyirmi ildə
biz, sözün əsl mənasında, müstəqil ölkə
kimi özümüzü dünyaya təqdim etdik. Dünyada bizim nüfuzumuz artır. Dünya birliyi bizə hörmətlə
yanaşır. Keçən ilin oktyabr
ayında BMT Təhlükəsizlik Şurasına bizim
seçilməyimiz tarixi hadisədir, tarixi uğurdur.
Xarici siyasət sahəsində bu, 20 il ərzində
bəlkə də ən böyük uğurumuzdur.
Çünki çətin, gərgin mübarizədə
dünya ictimaiyyəti bizə öz dəstəyini verdi. Bizim güclü rəqiblərimiz
var idi və 16 turdan sonra Azərbaycan o səsi haqlı olaraq
qazandı, çünki bəri başdan, ilk turdan biz öndə
idik. 155 ölkə bizi dəstəklədi.
Budur, "beynəlxalq ictimaiyyət",
"beynəlxalq aləm", "beynəlxalq ictimai rəy"
deyəndə biz məhz bunu nəzərdə tuturuq. Bu, doğrudan da tarixi bir nailiyyətdir. Növbəti
iki il ərzində dünyanın ən
mötəbər qurumu olan Təhlükəsizlik
Şurasında biz öz siyasətimizi aparacağıq, ədaləti,
beynəlxalq hüququ müdafiə edəcəyik.
Yəni
bunlar 20 il ərzində görülən
işlərdir. Bu barədə çox
danışmaq olar. Həm iqtisadi sahədə,
sosial sahədə inkişaf, bölgələrin
inkişafı - hər şey göz qabağındadır.
Bundan sonrakı dövr üçün də
bizim kifayət qədər aydın fikirlərimiz və
planlarımız vardır. Ancaq gələcəkdə
Azərbaycan nəyin hesabına inkişaf edəcək - bu
gün biz bu barədə düşünməliyik,
düşünürük və siz də düşünməlisiniz.
Çünki bu, sizdən, Azərbaycan gənclərindən
asılı olacaqdır. Gələcəkdə ölkənin
müqəddəratı sizin əlinizdə olacaqdır və
siz elə etməlisiniz ki, müstəqillik daim və daim
güclənsin. Biz müstəqil siyasətimizdən
bir addım belə kənara ata bilmərik. Müstəqillik ən böyük nemətdir, ən
böyük sərvətdir və biz müstəqilliyi
qorumalıyıq.
İyirmi il, əlbəttə ki, həm
qısa bir dövr, həm də böyük bir dövr kimi qəbul
edilə bilər. İyirmi il ərzində çox iş
görmək olar və biz bu işləri
görmüşük. Ancaq tarix qarşısında bu, 20 il
bir andır. Biz elə etməliyik ki, müstəqilliyimiz əbədi
olsun. Biz elə etməliyik ki, bölgədə mövqelərimiz
daim güclənsin. Biz elə iqtisadiyyat qurmalıyıq ki, gələcəkdə
neftdən, qazdan asılı olmasın. Bizim elə
istedadlı insanlarımız olmalıdır ki, gələcəkdə
Azərbaycan da dünyada elmi-texniki sahədə gedən
proseslərə öz töhfəsini verə bilsin. Hələ ki, biz buna nail ola bilmirik. Bu da təbiidir.
Nə edə bilərik?! Biz
dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana
gətirə bilərik və gətiririk. Biz
dünyada inkişaf istiqamətlərini bilirik. Dünya iqtisadiyyatı hansı yolla inkişaf edəcək,
biz bunu bilirik və bu sahələr bizim üçün də
prioritetdir. İnformasiya-kommunikasiya texnologiyaları,
müasir texnologiyalar, insan zəkasına əsaslanan yeniliklər!
Bu amillər dünyanın gələcəyini
müəyyən edəcəkdir. Biz bu sahədə
indi elə hazırlıq işləri görməliyik ki,
istedadlı insanlarımız gələcəkdə texnoloji tərəqqiyə
öz töhfələrini verə bilsinlər. Çünki gələcək bununla
bağlıdır. Gələcək neftlə,
qazla, təbii resurslarla bağlı deyil. Əgər
inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, bu ölkələr təbii
resurslarla zəngin ölkələr deyildir. Əfsuslar olsun ki, təbii resurslarla zəngin olan
ölkələrin tam əksəriyyəti inkişaf etmiş
ölkələr deyildir. Biz bu mənfi təcrübəni
də dərindən öyrənmişik. Bu
gün Azərbaycanda neft-qaz sektorunda elə vəziyyət
yaranıb ki, ölkəmizdə təbii sərvətlər
insanların rifah halının
yaxşılaşdırılmasına xidmət edir. Son
8 il ərzində yoxsulluq səviyyəsi aşağı
düşərək 7,6 faiz təşkil
etmişdir.
Azərbaycanda təbii resurslar və o resurslardan əldə
olunan gəlirlər ədalətli şəkildə
bölünür. Ancaq bu, bizim üçün bir mərhələdir.
Bu, bir sınaq idi və biz bu sınaqdan şərəflə
çıxdıq. Öz enerji
resurslarımızı Azərbaycan vətəndaşının
sərəncamına verdik və öz enerji siyasətimizlə
bu gün bölgədə və Avropada gedən proseslərə
də təsir edirik. Amma gələcək,
əlbəttə ki, ancaq biliklə bağlıdır. O
ölkələr gələcəkdə üstünlük əldə
edəcək ki, orada elmi-texniki tərəqqi, texnoloji yeniliklər
vardır.
Biz çalışmalıyıq ki, o ölkələrin
sırasına düşək. Bu,
mümkündür. Mümkün olmayan
heç nə yoxdur. Mən tam əminəm
ki, Azərbaycanda ən yüksək həyat səviyyəsinə
çatmaq, ölkəmizi inkişaf etmiş ölkəyə
çevirmək üçün imkan vardır. Bizim yaxın tariximiz göstərir ki, biz istənilən
məqsədə çata bilirik. Baxmayaraq
ki, bu, bəzi hallarda çox çətin olur, bəzi
hallarda o hədəf bizə əlçatmaz kimi
görünür. Ancaq biz buna qadirik.
Əminəm ki, biz
düşünülmüş siyasətlə
xalqımızın gələcəyini də təmin edə
biləcəyik.
Mən Prezident kimi bu vəzifələri çox aydın
görürəm. Ölkədə gedən inkişaf istiqamətlərini
müəyyən edən şəxs kimi mən bu ideyalara dərindən
inanıram. Əlbəttə ki, bundan sonra
da çalışacağam ki, ölkəmizin hərtərəfli
inkişafı üçün əlimdən gələni
edim. Çox istəyirəm ki, bizdən
sonra gələn nəsil bax bu müsbət meyilləri daha da
gücləndirsin.
Gənclər, ilk növbədə bilikli
olmalıdır. Əminəm ki, siz hamınız bu barədə
fikirləri bölüşürsünüz. Bilik, savad, istedad, yenilik, müasirlik - hesab edirəm
ki, gənclər üçün əsas istiqamətlər
bunlardır. Ancaq təkcə bilikli olmaq
kifayət deyildir. Gənclər nə qədər
bilikli olsalar, bir o qədər də vətənpərvər
olmalıdırlar. Çünki vətənpərvərlik
olmadan heç bir ölkə inkişaf edə bilməz.
Vətən sevgisi, Vətənə və xalqa
olan bağlılıq - inkişafı bu amillər
stimullaşdırır. Ölkəmizdə gedən
quruculuq-abadlıq işlərinin təməlində də məhz
bu amil dayanır: Vətən sevgisi.
Biz istəyirik ki, ölkəmiz daha da yaxşı olsun,
insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın
şöhrəti daha da artsın.
Ona görə gənclərimiz vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar. Bu gün bu
barədə biz bəlkə daha da geniş
danışmalıyıq. Çünki
dünyada gedən qloballaşma prosesi, ondan sonra bəzi təsir
dairələrinin fəaliyyəti və sair narahatedici məqamlar
vardır. Ona görə gənclərimizin
uşaq yaşlarından milli ruhda böyüməsi çox
vacibdir.
Əlbəttə ki, bu, hər bir ailədə hökm
sürən ab-havadan asılıdır. Azərbaycan
ailələri safdır, ailə dəyərləri bizim
üçün çox əzizdir. Elə
də olmalıdır. Bundan sonra da elə
olmalıdır. Ancaq istər-istəməz
qloballaşma meyilləri bizdən də yan keçə bilməz.
Qloballaşmanın müsbət tərəfləri
də, çox mənfi tərəfləri də vardır.
Mənfi tərəflərindən biri də məhz
milli duyğuların elə bil ki, müəyyən dərəcədə
əriməsi, yaxud da ki, onların kənara qoyulması məsələləri
vardır. Ona görə gənclər milli
ruhda tərbiyə almalıdırlar. Bu,
sadəcə olaraq, gözəl sözlər deyil, bu, bir zərurətdir
və biz elə etməliyik ki, Azərbaycan gənci vətənpərvər
olsun, Vətənə bağlı olsun. Xüsusilə
nəzərə alsaq ki, Azərbaycan kimi ölkədə
yaşamaq, doğrudan da böyük şərəfdir və
böyük xoşbəxtlikdir.
Gənclər, eyni zamanda, fiziki cəhətdən
sağlam olmalıdırlar. Biz buna nail olmaq
üçün çalışırıq səylərimizi
göstərək. Bu gün Astarada Olimpiya Mərkəzinin,
eyni zamanda, yeni xəstəxananın
açılışını qeyd etdik. Bu,
sağlamlıqla bağlı olan məsələlərdir.
Masallıda əvvəlki dövrdə də
oxşar tədbirlər olmuşdur. Ətraf
rayonlarda sosial məsələlərin həlli, insanların
sağlamlığı ilə bağlı olan tədbirlər
çox gözəl tədbirlərdir. Fiziki
sağlamlıq insana keyfiyyətli həyat bəxş edir.
Adam özünü gümrah, fiziki cəhətdən
sağlam hiss edəndə daxili əminlik də, əzmkarlıq
da güclənir, işə olan zövq də artır. Ona görə fiziki sağlamlıq çox vacib olan
məsələdir. Mən hər bir gəncə
bunu tövsiyə edirəm. Öz təcrübəmdən
istifadə edib tövsiyə edirəm. İnsanın
sağlamlığı üçün fiziki fəallıqdan,
idmanla məşğul olmaqdan yaxşı vasitə ola bilməz.
Əlbəttə, gənclərimiz ölkədə gedən
proseslərdə çox fəal iştirak etməlidirlər. Mən
çox şadam ki, biz bunu görürük. Yəqin hamımız istəyərdik ki, gənclərimiz
daha da fəal olsunlar. İctimai həyatda,
iqtisadi dirçəlişdə, hər bir bölgədə
proseslərin düzgün istiqamətdə getməsini müəyyən
edən işlərdə gənclərin fəaliyyətindən
çox şey asılıdır. Gənclər
cəmiyyətimizin ən fəal təbəqəsidir və gənclik
dövrü çox gözəl dövrdür. Əfsuslar olsun ki, bu dövr də başa
çatır. Ancaq söhbət ondan getmir
ki, sənin neçə yaşın var. Əgər sən
özünü yaxşı hiss edirsənsə,
özünü gənc hiss edirsənsə, yaşdan
asılı olmayaraq, əlbəttə ki, bu, fəallıq və
əzmkarlıq daim səninlə olacaqdır.
Ona görə mən gənclərin ictimai və iqtisadi
həyatda fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bizim kadr siyasətimizdə
də mən bütün qurumlara tövsiyə etmişəm
ki, gənclərə üstünlük versinlər. İndi pensiya islahatı ilə bağlı yəqin
bilirsiniz, yeni yanaşmalar artıq tətbiq olunur ki, gənclərə
yol açılsın. Hər bir
dövrün öz gözəlliyi, öz xüsusiyyətləri
vardır. Pensiya dövrünün də
gözəl xüsusiyyətləri vardır. Biz elə etməliyik ki, pensiyaya çıxan
insanların layiqli həyatını təmin edək.
Keçən il, misal üçün, 900
minə qədər pensiyaçının pensiyası 40 faizdən
çox artmışdır. Yəni
sosialyönümlü bu tədbirlər, eyni zamanda, gənclərə
yol açmaq məqsədini güdür. Gənclərimiz
biliklidir, savadlıdır və onlar ölkəmizin
inkişafında daha da fəal rol oynaya bilərlər və
oynamalıdırlar.
Xaricdə
yaşayan gənclər də Azərbaycan gəncliyinin ayrılmaz hissəsidir.
Dünən Bakıda Dünya Azərbaycanlı
Gənclərinin təsis qurultayı keçirilmişdir.
Bu, çox gözəl hadisədir. Xaricdə yaşayan gənclər Azərbaycanın
təbliğində öz rolunu oynayırlar. Ümumiyyətlə, gənclərimiz ölkəmizin
inkişafı üçün çox dəyərli işlər
görürlər. Azərbaycanın
dünyadakı mövqelərinin möhkəmləndirilməsində,
Azərbaycan haqqında həqiqətlərin dünya birliyinə
çatdırılmasında gənclər ön
sıradadırlar. Ölkəmizin
reallıqlarını dünyaya çatdırmaq
üçün ən fəal insanlar gənclərdir.
Xocalı faciəsinin soyqırımı kimi
tanınmasında ilk sıralarda yenə də gənclərdir. Azərbaycanın
idman, musiqi şöhrətini yüksəklərə
qaldıran gənclərdir. Müstəqilliyimizin
keşiyində dayanan, bu gün səngərdə düşmənlə
üz-üzə dayanan yenə də gənclərdir. Gənclərimiz böyük qəhrəmanlıq
nümunələri göstərmişlər. Bütün bunlar reallıqdır və gənclərə
olan münasibət məhz bu amillər üzərində
qurulmalıdır. Cəmiyyətdə gəncləri
daha da fəal ictimai həyata cəlb etmək
üçün əlavə tədbirlər görülməlidir.
Biznesdə gənclər çox fəaldırlar. Mən
bölgələrdə və Bakıda indi iqtisadi inkişafla
bağlı daim tədbirlərdə,
açılışlarda oluram və görürəm ki, ən
müasir müəssisələrdə gənclər işləyir,
ən müasir texnologiyaları tələb edən dünya səviyyəli
biznes qurumlarında gənclərdir, qabaqda gedən gənclərdir.
Çünki onlar bu yeniliklərə daha da
meyillidirlər və müasir inkişaf meyillərini də
onlar yaxşı bilirlər. Misal
üçün, bizim ailədə mən əvvəlki nəslin
nümayəndəsiyəm. Bizim ailədə,
məsələn, kompyuterlə bağlı olan hər
hansı bir məsələni həll etmək
üçün mən öz uşaqlarıma müraciət
edirəm, onlardan soruşuram. Bu da təbiidir
və onlar bu işləri çox yaxşı bilirlər.
Mənim dövrümdə nə kompyuter, nə
informasiya-kommunikasiya texnologiyaları var idi. Ancaq uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz
bütün bu işləri yaxşı bilirlər. Belə də olmalıdır.
Mən əminəm
ki, Azərbaycanda nəsillərin dəyişməsi prosesində
də biz nümunə ola bilərik. Ardıcıllıq olmasa, bu inkişaf meyilləri
pozula, qırıla bilər. Xüsusilə
müsbət təcrübə əsasında
yaradılmış bu ardıcıllıq inkişafımızın
səbəblərindən biridir. Bu
ardıcıllıq davam etməlidir. Bizdən
sonra gələn nəsillər bizdən də bilikli,
savadlı, bacarıqlı olmalıdırlar. Əgər
belə olmasa, onda inkişaf ola bilməz. Mən isə istəyirəm ki, daim inkişaf olsun.
İnkişafın hüdudları ola bilməz.
Biz indi qürur hissi ilə deyə bilərik ki,
ölkə iqtisadiyyatı inkişaf edir, quruculuq işləri
aparılır, Azərbaycan dünyada daha da güclü
dövlət kimi tanınır.
Hər
birimiz daim işləməliyik və hər gün, hər an fikirləşməliyik ki, ölkə
üçün biz nə edirik, nə edə bilərik?! Mən bir daha sizi ürəkdən salamlayıram.
Sizə xoş arzularımı bildirmək istəyirəm.
Mən Azərbaycan gənclərinə
inanıram, onları dəstəkləyirəm. Çox şadam ki, gənclərimiz ölkəmizin
şöhrətini yüksəklərə qaldırırlar.
Sağ olun.
Bakı
Dövlət Universitetinin III kurs tələbəsi Nigar ƏLİYEVA:
- Mən Prezident təqaüdçüsüyəm. Masallı rayonunun Bala Təklə kəndinin sakiniyəm.
Möhtərəm cənab Prezident, bütün
Masallı gəncləri adından Sizi salamlayıram. Doğma Masallımıza xoş gəlmisiniz. Bizimlə belə səmimi ünsiyyət
saxladığınıza və dəyərli
vaxtınızı bizə sərf etdiyinizə görə Sizə
dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm
Prezident, mən 2009-cu ildə 670 balla Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil
olmuşam. Sizin gənclərə göstərdiyiniz
xüsusi qayğının, diqqətin və onların
uğuruna verdiyiniz qiymətin nəticəsi olaraq Prezident təqaüdünə
layiq görülmüşəm. Artıq
üç ildir ki, böyük səylə
çalışaraq bu böyük fəxrli adı qoruyub
saxlayıram. Sizin gənclərə
göstərdiyiniz hər bir dəstək onların
inamının, gələcəyə ümidinin mənbəyidir.
Prezident
İlham Əliyevin çıxışlarını gənclərin
daim böyük maraqla izlədiklərini deyən Nigar Əliyeva
dövlət başçısının gənclərlə
görüşünün iştirakçısı
olmağından qürur duyduğunu vurğulayaraq bildirdi:
- Cənab
Prezident, bu gün Sizin rəhbərliyiniz
altında Azərbaycanımız yüksək səviyyədə
inkişaf edir. Bu inkişaf Masallıda da
özünü büruzə verir və verməkdədir.
Çox təqdirəlayiq bir haldır ki, Sizin
təşəbbüsünüzlə bu gün rayonumuzda
müasir standartlara uyğun Gənclər Mərkəzi
inşa olunub. Sevinirəm ki, bu mərkəzin
açılışında mən də iştirak edirəm.
Əminəm ki, bu mərkəzin fəaliyyəti
nəticəsində gənclərimizin
dünyagörüşü, intellektual səviyyəsi daha da
yüksələcək və onlar hərtərəfli
inkişaf edəcəklər. Xüsusilə
istərdim ki, ucqar kəndlərdə yaşayan gənc
qızlarımız bu mərkəzə cəlb olunsun və
buradakı proqramlardan, informasiya texnologiyalarından istifadə
etsinlər. İnanıram ki, gənclərimiz
bu mərkəzin imkanlarından maksimum istifadə edib, asudə
vaxtlarını səmərəli keçirəcəklər.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz
qayğıya, bizim üçün yaratdığınız
bu şəraitə görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Sizin gücünüzə, Azərbaycanımızın
Sizin rəhbərliyiniz ilə xoşbəxt, parlaq gələcəyə
qovuşacağına əminik və bu yolda bir vətəndaş
olaraq Sizi daim dəstəkləyirik. Bu gün Sizin gəlişiniz bizim üçün tarixi
bir hadisədir. Eyni zamanda tarixiliklə bərabər,
bu gün çox əlamətdar bir gündür. Çünki bu gün bizim milli adət-ənənələrimizi
özündə əks etdirən çərşənbə
bayramıdır. Bu bayram münasibətilə
Sizi və görüşümüzün bütün
iştirakçılarını təbrik edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Daha kimin
sözü var?
Yeni Azərbaycan
Partiyası Lənkəran şəhər təşkilatı
gənclər birliyinin sədri Yalçın ƏLİYEV:
- Hörmətli
cənab Prezident, mən də öz növbəmdə Sizi
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı
gənclər birliyinin çoxsaylı üzvləri
adından salamlayıram. Bu gözəl Gənclər
Mərkəzini biz gənclərə bəxş etdiyiniz
üçün Sizə dərin minnətdarlığımızı
bildiririk. Son dövrlər Azərbaycanımızın
bütün sahələrində olduğu kimi, gənclər
siyasəti sahəsində də çox böyük irəliləyişlər
göz qabağındadır. Biz gənclərə olan
diqqət hər zaman hiss olunur. Cənab Prezidentimiz, biz gənclər
bu qayğıya görə Sizə dərin minnətdarlığımızı
bildiririk.
"Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı"nın gənclərin hərtərəfli
inkişafında və onların öz potensiallarını
dolğun reallaşdırmalarında mühüm rol
oynayacağına əminliyini bildirən Yalçın Əliyev
dedi:
- Son
dövrlərdə Azərbaycanımızın, gənclərimizin daha
çox inkişafı, gənclərimizin beynəlxalq aləmdə
Azərbaycanımızı təmsil etməsi bizi hədsiz
sevindirir.
Cənab
Prezident, Azərbaycan gənci olaraq ölkəmizin ərazi
bütövlüyünün bərpası naminə həyata
keçirdiyimiz siyasəti dəstəkləyirik, hər zaman
Sizin ətrafınızda sıx birləşdiyimizi bəyan edirik.
Möhtərəm cənab Prezident, cənub bölgəsinin
gəncləri adından söz veririk ki, ümummilli liderimiz
Heydər Əliyev ideyalarına daim sadiq olacağıq.
Lerik Rayon
Mərkəzi Xəstəxanasının həkimi
Könül MUSTAFAZADƏ:
- Möhtərəm
cənab Prezident, mən Gəncə şəhərində
anadan olmuşam. Azərbaycan Tibb Universitetini
bitirib Rusiyanın Moskva şəhərində mama-ginekologiya
ixtisası üzrə ordinatura keçmişəm. Vətənimizə qayıdandan sonra Səhiyyə
Nazirliyinin müqaviləsi əsasında bir illiyə Lerik
rayonuna göndərilmişəm. Sözün
açığı, ilk anda bunu eşitdikdə inanmadım,
bir qədər təşvişə də düşdüm.
Çünki Lerikin ucqar bir rayon olduğunu
düşünürdüm və burada üzləşə
biləcəyim məişət və iş şəraiti məni
bir qədər narahat edirdi. Lakin rayona gəldikdə,
buranın inkişafını gördükdə müsbət
mənada xeyli təəccübləndim. Lerik rayonunda Sizin təşəbbüsünüz və
diqqətinizlə aparılan geniş abadlıq və quruculuq
işlərinin şahidi oldum. Bölgəmizdə
gedən inkişaf məni bir gənc kimi olduqca sevindirdi.
Respublikamızın
bütün bölgələrində olduğu kimi,
çalışdığı Lerik Rayon Mərkəzi Xəstəxanasının
da ən müasir avadanlıqla təchiz edildiyini, sakinlərə
yüksək səviyyədə tibbi xidmətin göstərilməsi
üçün hərtərəfli şəraitin
yaradıldığını deyən Könül Mustafazadə
bütün bunlara görə dövlət
başçısına minnətdarlığını
çatdırdı. O, daha bir neçə məsələ
ilə bağlı fikirlərini bildirərək dedi:
- İlk
növbədə, cənab Prezident, onu demək istəyirəm
ki, rayonda yaradılmış şəraitə, iş yerlərinin
təklifinə baxmayaraq, bir neçə sahədə kadr
çatışmazlığı problemi hələ də
qalmaqdadır. Gənclərimiz, xüsusən mənim
kimi xaricdə təhsil alıb Vətənimizə dönən
mütəxəssislərimiz regionlarımızda işləməyə
meyil göstərmirlər. Lakin öz
şəxsi təcrübəmdən deyə bilərəm ki,
bu, heç də pis başlanğıc deyildir. Bu problemin də bir neçə səbəbləri
vardır. Fikrimcə, ilk növbədə,
gənclərimizin regionlara cəlb edilməsi yönündə
aparılan təbliğat işləri bir qədər gücləndirilməlidir.
Digər tərəfdən isə, cənab
Prezident, düşünürəm ki, gənc mütəxəssislərimiz
bir qədər stimullaşdırıla bilərlər. Onların məişət problemləri həll edilsə,
məsələn, onlar yaşayış yeri ilə təmin
edilsə, bu məsələ zənnimcə, aradan qalxar.
Düşünürəm ki, möhtərəm
Prezident, regionlarımızda da müvafiq şərait
yaradılarsa, gənc mütəxəssislərimiz təkcə
paytaxtda deyil, o cümlədən bölgələrimizdə də
öz ixtisaslarına uyğun işlə təmin edilə bilərlər.
Diqqətinizə görə çox sağ
olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Mən sizinlə
razıyam və dediyiniz məsələlər "Azərbaycan
Gəncliyi" Dövlət Proqramında da öz əksini
tapıbdır. Biz əlavə tədbirlər
görməliyik ki, gənc mütəxəssisləri daha da
stimullaşdıraq. Lerik Rayon Mərkəzi Xəstəxanasının
açılışını, səhv etmirəmsə, iki il bundan əvvəl qeyd etmişdik və
çox gözəl xəstəxanadır, gözəl yerdə
də yerləşir - düz şəhərin mərkəzində.
Mən Lerikdə dəfələrlə olmuşam.
Siz Gəncədə doğulmusunuz, Rusiyada oxumusunuz, gəlmisiniz
Azərbaycana, Lerikə. Mən təsəvvür edirəm ki, siz
oraya hansı fikirlərlə gedirdiniz. Amma
gəlib Leriki görəndə, əlbəttə ki, o fikirlər
dəyişdi.
İlk növbədə, Lerikin inkişafı ilə
bağlı bizim addımlarımız Lənkəran-Lerik
yolunun tikintisi idi. Bu yol çox bərbad vəziyyətdə
idi. Ümumiyyətlə, oranın çətin
relyefi vardır. Orada tez-tez uçqunlar,
sürüşmələr olur. Vaxtilə
o yolu getmək üçün bir neçə saat vaxt
lazım idi. Biz yolu tikəndən sonra
rahatlıq yarandı. İkincisi, Lerikdə
heç sovet dövründə qaz olmamışdı. Lerik bir neçə rayondan biridir ki, sovet
dövründə qaz çəkməmişdilər,
çünki iqtisadi cəhətdən səmərəsiz idi
və bizim oraya qaz çəkməyimiz də sırf sosial məna
daşıyırdı. Çünki bu
qaz xəttinə çəkilən xərclər heç
vaxt qaz pulunun ödənilməsi ilə qayıtmayacaqdır.
Ancaq onu da etdik və Lerikin mərkəzində
və bəzi ətraf kəndlərində artıq qaz
vardır.
Orada sosial infrastrukturun yaradılması üçün
əlavə tədbirlər görüldü, məktəblər
təmir edildi.
Ümumiyyətlə, Lerik şəhəri
gözəlləşdi və deyə bilərəm ki, belə
təcrübələr çoxdur. Bizim
regional inkişaf proqramımızın əsas məqsədi
ondan ibarət idi ki, insanlar yaşadıqları bölgələrdən
miqrasiya etməsinlər, böyük şəhərlərə
getməsinlər. Çünki Azərbaycanın
bölgələri çox gözəldir. Hər bir bölgənin öz spesifikası, öz
iqlim şəraiti vardır. Hər bir
bölgə öz gözəlliyi ilə başqa bölgədən
fərqlənir və seçilir. Hər bir bölgədə
normal iş üçün, yaşamaq üçün şəraitin
yaradılması bizim prioritet məsələmizdir. Yaşamaq üçün nə lazımdır?
Birinci növbədə, iş yeri, ondan
sonra işıq, qaz, su, yaşayış yerləri və təhlükəsizlik.
Bölgələrdə gedən quruculuq işləri
məhz bu məqsədi güdür. Bu
gün mən Astarada xəstəxananın
açılışında iştirak etmişəm. O
xəstəxana əslində var idi, amma heç ona xəstəxana
demək mümkün deyildi. Oradakı fotoşəkillər
göstərir ki, bu xəstəxana bərbad vəziyyətdə
idi. Yenidən quruldu. Olimpiya kompleksləri,
məktəblər, iş yerləri.
Bundan sonrakı dövrdə bölgələrə daha
da böyük həcmdə investisiyalar qoyulacaqdır. İndi kənd
yolları layihəsi başlamışdır. Bu, Masallıya da aiddir. Biz Astarada
kənd yolunun açılışını qeyd etdik. Kəndlərdə yaşayan əhalinin 80 faizi
artıq bu layihələrin icrası nəticəsində gələn
ilin sonuna qədər təmir edilmiş yollardan istifadə edəcəkdir.
Bu inkişaf hərtərəflidir və mən
gənc mütəxəssislərin bölgələrdə
işləməsini alqışlayıram. Ancaq biz bölgələrdə elə şərait
yaratmalıyıq ki, gənc mütəxəssislər ürəklə
gedib orada işləyə bilsinlər.
Bir misalı da gətirə bilərəm.
Bildiyiniz kimi, bir neçə il bundan əvvəl
biz dövlət xətti ilə istedadlı gənclərimizi
xarici ali məktəblərə göndərməyə
başlamışıq. Hər il Azərbaycan
dövlət büdcəsindən bu məqsədlər
üçün 15 milyon manat vəsait ayrılır. Biz bu Proqrama başlayanda sual yarandı ki, bəs biz
uşaqları göndərəcəyik, onları orada
oxutduracağıq, birdən onlar qayıtmadılar, birdən
orada qaldılar?!
Dedim ki,
biz ölkəmizdə elə şərait yaratmalıyıq
ki, onlar qayıtsınlar. Çünki bizim gənclərimiz
Vətənə çox bağlıdırlar. Əgər xarici
ali məktəblərdə oxuyan gənc öz ölkəsində
gözəl şərait görərsə, o, mütləq
qayıdacaqdır. Ona görə heç bir şərt
qoymadan biz bu Proqrama başladıq və bu gün mən
çox şadam ki, xaricdə təhsil almış gənclərin
böyük əksəriyyəti Vətənə
qayıdır, Vətəndə işləyir və öz
ölkəsinin inkişafına töhfə verir.
Lənkəran
Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının
sədri Uğur QURBANZADƏ: Möhtərəm cənab
Prezident, əvvəlcə, Sizə minnətdarlığımızı
bildiririk ki, bu gözəl Gənclər Evini bizim istifadəmizə
verdiniz.
Cənab
Prezident, Siz həmişə öz fəaliyyətinizdə gənclərlə
işə xüsusi önəm vermisiniz. Ümumiyyətlə,
son illər Azərbaycanda elm-təhsil sahəsində müxtəlif
proqramlar, tədbirlər həyata keçirilmişdir. Biz gənclər və tələbələr də
bu proqramlarda yaxından iştirak edir, üzərimizə
düşən məsuliyyəti dərk edirik.
Gənclər
Fondunun yaradılmasının xüsusi əhəmiyyətini
qeyd edən Uğur Qurbanzadə həmin Fondun gənclərin
gələcək inkişafına böyük töhfələr
verəcəyini vurğulayaraq dedi:
- Bununla
yanaşı, bəzi problemlər də vardır - bizim təhsil
almağımızda bəzi maneçiliklər,
çatışmazlıqlar vardır. Onları
Sizin diqqətinizə çatdırmaq istəyirəm.
Beləliklə, bölgəmizin ən böyük ali təhsil ocağı olan Lənkəran
Dövlət Universitetində 1547 tələbə təhsil
alır. Onların təqribən 60 faizə qədəri
digər rayonlardan gələn tələbələrdir.
Tələbələrimizin yataqxana çatışmazlığı
problemi vardır ki, onlar da məcburiyyət
qarşısında qalıb kirayədə qalırlar. Bu da onların maddi və təhsil durumuna mənfi təsirlər
göstərir. Buna görə də tələbələrimizin,
gənclərimizin daha yüksək səviyyədə təhsil
almaları, yataqxana probleminin həlli üçün yeni tələbə
şəhərciyinin salınmasına böyük ehtiyac
vardır. Bu problem müsbət həll edilsə, cənab
Prezident, bu, tələbələrə Sizin böyük bir
töhfəniz olardı. Diqqətinizə
görə təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Biz bu məsələ
ilə məşğul olacağıq. Bu
təkliflərə baxılacaq və imkan daxilində biz bunu
etməliyik və edəcəyik. Bütövlükdə
yataqxana problemi çox ciddi problemdir, xüsusilə Bakı
şəhərində. Çünki
bildiyiniz kimi, erməni işğalından əziyyət
çəkən soydaşlarımız müharibə
zamanı o yataqxanalarda yerləşdirilmişlər.
"Məcburi köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması Dövlət
Proqramı"nın əsas istiqamətləri
ondan ibarət idi ki, ilk növbədə çadır şəhərciklərində
yaşayan soydaşlarımızı biz oradan
köçürək. 2007-ci ildə buna nail
olduq. Bizdə artıq bir dənə də
çadır şəhərciyi yoxdur. Ondan
sonrakı mərhələdə uşaq bağçaları
boşaldılmalıdır. Çünki
indi Bakının əksər uşaq bağçalarında
məcburi köçkünlər yerləşir. Uşaq bağçalarına da böyük tələbat
vardır. Bu tələbat, mənə
verilən məlumata görə, cəmi 17 faiz ödənilir.
Yəni ancaq 17 faiz valideyn öz
övladını uşaq bağçasına yerləşdirə
bilir.
İndi biz bu uşaq bağçalarının təmiri
ilə çox ciddi məşğul olmağa
başlamışıq və tələbat daha da artır. Mən tez-tez
yeni təmir olunmuş uşaq bağçalarına baş
çəkirəm və orada müəllimlərlə
görüşürəm. Deyirlər ki,
tələbat həddindən artıq çoxdur. Xüsusilə təmir edilmiş, gözəl şəraiti
olan bağçalara.
Ona görə biz soydaşlarımızı tədricən
uşaq bağçalarından köçürməliyik. Amma hara
köçürməliyik? Evlərə
köçürməliyik. Biz onlar
üçün yaxşı şərait yaradıb,
onları oradan köçürməliyik. Fin evlərində
yaşayanlar var. Məktəblərdə, hərbi hissələrdə
və yataqxanalarda yaşayan qaçqınlar var. Ona görə
bu proses gedir. Bu il yataqxanalardan qismən
köçkünlər evlərə köçürüləcəklər
və bu proses getdikcə, əlbəttə ki, yeni yataqxanalar
da tikiləcəkdir. Bakı üçün
bu, daha da aktualdır, nəinki bölgələr
üçün. Amma bir halda ki, siz məsələni
qaldırırsınız, biz bu məsələyə
ayrıca baxıb Lənkəran üçün də qərar
verəcəyik.
Mübariz
İbrahimov adına Biləsuvar rayon məktəb-lisey
kompleksinin 11-ci sinif şagirdi Gövhər AĞAZADƏ:
Möhtərəm cənab Prezident, Siz Mübariz İbrahimova,
onun qəhrəmanlığına yüksək qiymət
verdiniz və onu Azərbaycan qəhrəmanlığının
zirvəsi ilə - Milli Qəhrəman adı ilə
mükafatlandırdınız. Məktəbimizin
qarşısında Mübariz İbrahimovun şərəfinə
abidə ucaldılıb. Oxuduğu məktəbə
onun adı verilib. Yaşadığı kənddə
onun ev-muzeyi yaradılıb. Ümumiyyətlə,
rayonumuzda keçirilən bütün tədbirlərdə
Mübariz İbrahimovun xatirəsi xüsusilə
anılır. Onu demək istəyirəm
ki, bu gün Mübariz İbrahimov kimi vətənpərvərlik
ruhunda böyüyən gənclərimizin sayı çoxdur.
Biz gənclər hər birimiz Sizin
qaldırdığınız bayraq altında
torpaqlarımızı düşməndən azad etməyə
hazırıq.
Hazırda
yüksək təhsil alan Azərbaycan gənclərinin
ölkəmizin hərtərəfli inkişafı və
rifahı naminə töhfələrini əsirgəmədiklərini
vurğulayan Gövhər Ağazadə gənclərimizin Vətənə
layiqli övlad olmaq üçün bundan sonra da səylə
çalışacaqlarını söyləyərək dedi:
- Bu
gün təkcə Azərbaycanın qəhrəman oğulları
deyil, həmçinin onlarla yanaşı qızlarımız
da torpaqlarımızı düşməndən azad etmək
uğrunda mübarizəyə qalxmağa qadirdir.
Bizim güclü ordumuz vardır. Bunu bir fakt da
təsdiq edir ki, Azərbaycanın təkcə hərbi
büdcəsi Ermənistanın bütünlüklə
dövlət büdcəsindən çoxdur. Lakin müharibə bəşəriyyətə fəlakət
və bədbəxtlikdən başqa bir şey gətirmir.
Ona görə də biz sülh tərəfdarıyıq
və düşünürük ki, Dağlıq Qarabağ
problemi sülh yolu ilə öz həllini tapacaqdır. İnanırıq ki, dünya ictimaiyyəti də ədalət
tərəfində olacaq və biz tezliklə öz
torpaqlarımızı geri qaytara biləcəyik. Sonda
bir məsələni xüsusi vurğulamaq istərdim, biz -
Mübariz İbrahimovun davamçıları olan gənclər
daim Sizin arxanızda gedirik, Sizin ətrafınızda sıx
birləşib var gücümüzlə səfərbərliyə
hazırıq. Sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ ol. Mübariz
İbrahimov Azərbaycan xalqının böyük oğludur,
böyük qəhrəmandır. Onun xatirəsi
hər birimiz üçün çox əzizdir. Mən Prezident kimi onu ölümündən sonra
Milli Qəhrəman adı ilə təltif etmişəm.
O, ədalətsizliyə dözə bilmədi və əslində
düşməni, işğalçını məhv etmək
üçün ölümə getdi. Onun qəhrəmanlıq
nümunəsi məhz bundan ibarətdir. O,
işğalçıya qarşı vuruşa gedəndə dəqiq
bilirdi ki, döyüşdən qayıtmayacaqdır. Bir neçə düşməni məhv etdi və
özü də qəhrəman kimi həlak oldu. Erməni vəhşiliyi təkcə Xocalı
soyqırımında özünü göstərmədi.
Erməni vəhşiliyi məhz Mübariz
İbrahimovun meyitinin qaytarılmamasında da özünü
göstərmişdir.
Həyatın da, müharibənin də qanunları
vardır. Ancaq erməni faşistləri heç bir qanuna,
heç bir mənəvi prinsiplərə riayət etmirlər.
Hər bir müharibədə, ən şiddətli
müharibələrdə həlak olanların meyitlərinin dəyişdirilməsi
və qaytarılması praktikası vardır. Ermənilər isə Mübariz İbrahimovu bizə
qaytarmaq istəmirdilər. Böyük səylər
göstərdik, böyük işlər görüldü.
Böyük çətinliklə biz nail
olduq ki, Mübariz İbrahimovu qaytardıq və qəhrəman
kimi dəfn etdik. Bu gün onun adı bir qəhrəmanlıq
rəmzinə çevrilib. Bizim Mübariz
kimi oğullarımız çoxdur. Mübariz
kimi Vətəni sevən, Vətən üçün
canından keçməyə hazır olan minlərlə, on
minlərlə gənclərimiz vardır.
Ancaq mən də istəmirəm ki, qan
tökülsün, müharibə olsun. Kim istəyər
ki?! Bizim görüləcək işlər
çoxdur. Ölkəmiz
inkişafdadır. Hər bir Azərbaycan vətəndaşının
həyatı bizim üçün əzizdir və
doğmadır. Ancaq işğal ilə də
barışmaq mümkün olmur. Əlbəttə,
mən Prezident kimi çalışıram ki, bu məsələ
öz həllini siyasi yollarla tapsın. Mübariz
döyüşçü kimi başqa yolla öz qəhrəmanlığını
göstərdi və mən onun hərəkətlərinə
böyük hörmətlə yanaşıram. O,
düşmən əsgərlərini məhv etdi. Ermənilərdən fərqli olaraq o, dinc əhaliyə
əl qaldırmadı. O, öz doğma torpağında
işğalçılara qarşı döyüşə
getdi. O, başqa ölkənin ərazisinə gedib
döyüş aparmadı. Budur fərq. Biz öz doğma torpağımızdayıq.
Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında başlanmış
və 1990-cı illərin əvvəllərində başa
çatmış Azərbaycana qarşı müharibə
bax, bu işğala imkan yaratdı. Dağlıq
Qarabağı Ermənistana birləşdirməklə
bağlı birinci cəhd 1987-ci ilin noyabr ayında
olmuşdur. Heydər Əliyev Siyasi
Bürodan uzaqlaşdırılandan iki həftə sonra erməni
millətçiləri bu məsələni
qaldırmışdılar ki, Dağlıq Qarabağ Ermənistana
birləşməlidir. Nə qədər
Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə
işləyirdi və ondan sonra Moskvada Siyasi Büroda idi, onlar
buna cürət etmirdilər. Ulu öndər
vəzifədən uzaqlaşdırılandan iki həftə
sonra bu məsələ qaldırıldı. O vaxtkı
sovet rəhbərliyi bu separatçı meyillərə təkan
verdi və Azərbaycana, azərbaycanlılara
qarşı böyük qarayaxma kampaniyası başlandı. Mən yaxşı xatırlayıram, ermənilər
o vaxt bütün təbliğat resurslarını işə
salmışdılar. Sovet rəhbərliyində
təmsil olunan ermənilər öz fəaliyyətlərini
genişləndirmişlər. Onların Azərbaycanı
qaralamaq, ləkələmək və Azərbaycan haqqında
mənfi rəy yaratmaq cəhdləri geniş vüsət
almışdı.
Əfsuslar
olsun ki, onlar buna nail ola bilmişlər. Çünki birincisi, Azərbaycanın o vaxtkı rəhbərliyi
yerində deyildi və bu böyük məsuliyyəti dərk
etmirdi. Azərbaycanın maraqlarını
müdafiə edə bilmədi və istəmədi,
satqınlıq, yaltaqlıq etdi, mərkəz
qarşısında baş əydi. Bizim dərdimiz
bundan ibarətdir. Əfsuslar olsun ki, 1980-ci
illərin sonlarında, 1990-cı illərin əvvəllərində
ölkəyə rəhbərlik etmiş insanlar
satqınlıq etdilər, xəyanət etdilər,
satıldılar, əyildilər. Ermənilər
isə xarici dəstək hesabına və Azərbaycandakı
hərc-mərclikdən istifadə edərək
torpaqlarımızı zəbt etdilər.
Bu, məsələnin tarixi hissəsidir. İndi isə
biz çalışırıq ki, öz ərazi
bütövlüyümüzü bərpa edək. Bir çox amillər bizim mövqeyimizi gücləndirir
və müdafiə edir. İlk növbədə,
tarix. Dağlıq Qarabağ tarixi Azərbaycan
torpağıdır. Burada iki fikir ola
bilməz. Ermənilər də bunu yaxşı
bilirlər. Əlbəttə ki, beynəlxalq
ictimaiyyət də artıq bunu bilir. Çünki
biz beynəlxalq ictimaiyyətə real həqiqətləri
çatdıra bilmişik.
Beynəlxalq hüquq baxımından Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. BMT
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi
kimi tanıyır. Azərbaycan BMT-yə Dağlıq
Qarabağla birlikdə üzv olmuşdur və BMT Baş Məclisinin,
Təhlükəsizlik Şurasının qətnamələri
bizim mövqeyimizi hüquqi cəhətdən də möhkəmləndirir.
Yəni, bir tərəfdən tarix və tarixi həqiqət,
digər tərəfdən beynəlxalq hüquq bizim
mövqeyimizi gücləndirir.
Siyasi aspektə baxdıqda görərik ki, indi Azərbaycan
ilə Ermənistan idmanda deyildiyi kimi, fərqli çəki dərəcələrindədir. Yəni,
müqayisəedilməz dərəcədə fərq
vardır. Azərbaycan siyasi cəhətdən
çox uğurlu və dünya birliyində layiqli yer tutan bir
ölkədir. Ermənistan isə siyasi
uğursuzdur. Onlar 20 illik müstəqilliyi
faktiki olaraq əldən verdilər. Bu
işğalçı siyasət nəticəsində məcbur
oldular ki, öz real müstəqilliklərini əldən
versinlər. Ona görə, orada gedən
siyasi proseslər kənar qüvvələrin təsiri
altında baş verir. "Ermənistan
iqtisadiyyatı" anlayışı, ümumiyyətlə
yoxdur. Olan-qalan da xarici biznes
qruplarının əlindədir və dünyada heç bir
nüfuza malik olmayan bir ölkədir.
Yəni, siyasi tərəf də bizim mövqeyimizi
gücləndirir. İqtisadi sahədən heç
danışmağa dəyməz. Bu,
aydındır. Yəni, bütün bu
amillər, o cümlədən ordu quruculuğu, siz də qeyd
etdiniz, ordumuz son illər ərzində böyük dərəcədə
inkişaf etmişdir. Bütün bu amillər
torpaqlarımızın azadlıq olunacağı günü
yaxınlaşdırır. Mən hesab edirəm
ki, hər ay, hər gün biz torpaqlarımızın azad
olunması gününə yaxınlaşırıq.
Ancaq ermənilərin
güclü xarici diasporu vardır və bu, real qüvvədir, əsas
düşməndir. Mən bunu demişəm və
bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz
dünya erməni lobbisidir və onun himayədarlığı
altında olan rüşvətxor xarici siyasətçilərdir
ki, erməni lobbisinin pulu ilə fəaliyyət göstərir.
Ermənistan
bizim üçün rəqib deyil, rəqib də ola bilməz. Bizim əsas
düşmənimiz bir daha tam məsuliyyətlə deyirəm
ki, erməni lobbisidir və onların nəzarəti altında
olan qüvvələrdir. Azərbaycana
qarayaxma, ləkələmə kampaniyası, xarici mətbuatda
uydurmalar, iftiralar erməni lobbisinin fəaliyyətidir. Onlar üçün də bir nömrəli
düşmən Azərbaycandır. Nəyə
görə? Çünki onlar da bilirlər
ki, real qüvvə kimdir və nədir? Dünya
erməniliyi tərəfindən son illər ərzində elə
bil ki, yeni yanaşma müəyyən edilibdir. İndi bir nömrəli düşmən Azərbaycandır.
Çünki ən böyük təhlükəni
Azərbaycandan görürlər. Çünki
bilirlər ki, torpaqlarımız azad olunmayana qədər biz
sakitləşməyəcəyik. Bilirlər
ki, gec-tez biz ərazi bütövlüyümüzü bərpa
edəcəyik. Bilirlər ki,
qısamüddətli və uzunmüddətli perspektivdə Azərbaycan
qarşısında onlar duruş gətirə bilməyəcəklər.
Onlar bunu bilirlər, biz də bunu bilirik. Biz özümüzü gücləndiririk ki, daha da
qüdrətli olaq və eyni zamanda, işğal olunmuş
torpaqlar bizi daha da səfərbər edir. Gün
gələcək ki, biz Azərbaycan bayrağını Xankəndidə,
Şuşada qaldıracağıq. Mən
buna tam əminəm.
Mən də istəyirəm ki, bunu sülh yolu ilə edək. Amma bunu
sülh yolu ilə etmək üçün biz bütün
amillərdən istifadə etməliyik. Ermənistanın
təcrid edilmiş vəziyyətini daha da dərinləşdirməliyik.
Biz Ermənistanı bütün beynəlxalq
layihələrdən təcrid edə bilmişik. Biz bunu etmişik. Ermənistana
yeni nəfəs verə biləcək razılaşmanın
qüvvəyə minməməsində Azərbaycanın rolu
olubmu? Bəli olub. Mən
bu gün bunu açıq deyə bilərəm. Bunu onsuz da hamı bilir. Nəyə
görə? Çünki bizim əsas təsir
mexanizmlərimiz məhz iqtisadi amildir, nəqliyyat, enerji
amilidir. Biz bundan sonra da maksimum dərəcədə
çalışacağıq ki, Ermənistanı
bütün beynəlxalq layihələrdən təcrid edək.
Neft-qaz kəmərləri, böyük dəmir yolu layihəsi
Ermənistandan kənar keçir. Gələn ilin əvvəlində
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi
Ermənistanın rəsmən dalan ölkəyə
çevrilməsi deməkdir. Bu yollardan biz
istifadə edirik, eyni zamanda, öz siyasi gücümüzü
artırırıq. Biz BMT Təhlükəsizlik
Şurasının üzvüyük. Biz
orada öz sözümüzü deyirik. Biz
digər beynəlxalq təşkilatlarda fəal iştirak
edirik. Bizimlə dostluq, əməkdaşlıq
etmək istəyən ölkələrin sayı artır.
Biz Avropanı enerji resursları ilə təmin
edirik və daha böyük həcmdə edəcəyik.
Avropanın enerji təhlükəsizliyi müəyyən
dərəcədə bizdən asılı olacaqdır.
Bu, bizim əlimizdə olan gözəl amillərdir,
vasitələrdir. Bu siyasəti biz
çox düşünülmüş şəkildə
aparırıq, həm bölgədə, həm dünyada,
bütün qitələrdə. Baxın, ermənilər
öz qondarma "soyqırımı"nın
tanınması ilə əlaqədar 1960-cı illərdən
fəaliyyətə başlamışlar. Əlli il ərzində bu yolu keçiblər. Biz təzə başlamışıq. Artıq iki ölkə Xocalı
soyqırımını tanıyır, Pakistan və Meksika.
Bu proses davam edəcəkdir. Biz Xocalı
soyqırımının tanınmasında bundan sonra da fəal
işlər aparacağıq. Əminəm
ki, bu faciəni soyqırımı kimi tanıyan ölkələrin
sayı artacaqdır.
Beləliklə, qeyri-hərbi vasitələrdən hələ
ki, istifadə edərək biz özümüz
üçün daha da əlverişli vəziyyəti
yaradacağıq. İndi həm də informasiya mübarizəsi
gedir. Bu da çox vacib mübarizədir.
Bəlkə on il bundan əvvəl bundan
söhbət getmirdi, amma indi informasiya mübarizəsi
müharibə növüdür. Burada qeyd
etdiyim kimi, gənclər ön sıralardadırlar və daha
da fəal işləməlidirlər ki, real vəziyyət
haqqında dünyada daha da geniş məlumat olsun.
Lənkəran
Dövlət Universitetinin III kurs tələbəsi Sevinc
ŞİRZADOVA: Cənab Prezident, bizimlə bu gün
görüşdüyünüz üçün Sizə dərin
minnətdarlığımızı bildiririk. Əlbəttə
ki, bu gün bizim həyatımızda ən əlamətdar
bir gün olaraq qalacaqdır. Mən
özüm Astara rayonunda yaşayıram, amma hazırda Lənkəran
Dövlət Universitetinin riyaziyyat və informatika müəllimliyi
ixtisası üzrə III kurs tələbəsiyəm.
Ulu öndərimiz Heydər Əliyev universitetimiz haqqında
demişdir: "Lənkəran Dövlət Universiteti bölgənin
elm, təhsil ocağı olmaqla yanaşı, həm də ən
böyük mədəniyyət mərkəzlərindən
biridir". Doğrudan da, tələbələrimiz
burada təkcə təhsil almır, onlar həm də mədəni,
ictimai həyatda fəal iştirak edirlər. Tələbələrimizin ictimai fəallığında
Heydər Əliyev mərkəzlərinin əvəzsiz rolu vardır.
Respublikamızın bütün bölgələrində
yaradılan Heydər Əliyev mərkəzlərinin ulu
öndərin irsinin dərindən öyrənilməsi və
təbliğində, gənclərin hərtərəfli
inkişafında mühüm rol oynadığını bildirən
Sevinc Şirzadova gənclərə yüksək səviyyədə
dövlət qayğısına görə Prezident İlham Əliyevə
minnətdarlığını çatdırdı.
Prezident
İlham ƏLİYEV: Bir daha sizi bu gözəl hadisə
münasibətilə təbrik etmək istəyirəm. Yenə də demək istəyirəm ki, bu, bizim
siyasətimizdir. Hər bir şəhərdə
Gənclər Evi yaradılacaqdır. "Azərbaycan
Gəncliyi" Dövlət Proqramı, əminəm ki,
uğurla icra ediləcəkdir. Gənclər
Fondunun fəaliyyətinə mən çox böyük
ümidlər bəsləyirəm. Mən
artıq nazirə də göstərişlər verdim ki, bu
Fond doğrudan da, çox gözəl bir mexanizm
olmalıdır. Əlbəttə,
nazirliyin büdcəsində də gənclər siyasətinə
vəsait ayrılır. Bu, ayrı, amma
Fond ayrı. Yəni, burada gənclər
öz təkliflərini irəli sürməlidirlər, öz
layihələrini təqdim etməlidirlər. Mən
hesab etdim ki, beş milyon manat birinci
töhfədir. Çünki artıq Azərbaycanın
dövlət büdcəsi formalaşmışdır. Büdcədə əlavə mənbələr
yoxdur. Ona görə vaxt itirməmək
üçün mən qərara gəldim ki, Prezidentin ehtiyat
fondundan ilkin ödəmələr ayrılsın. Ancaq o
demək deyil ki, siz bu beş milyonla
bütün bu işləri görəcəksiniz. Bu, birinci addımdır.
Bütün bölgələrdən,
hər bir rayondan mən gənclərdən təkliflər gözləyirəm. Hansı layihələri onlar icra edə bilərlər.
Hansı layihələrə maddi dəstək
lazımdır. Bu layihələr həm gənclər,
həm onların yaşadıqları şəhərlər,
həm də ölkə üçün faydalı layihələr
olmalıdır. Yəni, biz ölkə
qarşısında duran problemlərin uğurla həll edilməsi
üçün hansı əlavə tədbirləri görməliyik.
Əlbəttə ki, mən Prezident kimi bütün
bölgələri gəzirəm. Çalışıram
ki, hətta hər bir kəndə gedim, orada da soruşum vəziyyət
necədir. Amma nə qədər istəsəm
də bu, fiziki cəhətdən mümkün deyildir. Ona görə yerlərdən məlumatlar, məsələn,
harada nə çatışmır, harada nə əlavə
olunmalıdır, harada yerli icra orqanları pis işləyirlər,
insanları incidirlər, insanlara laqeyd münasibət göstərirlər
və sair barədə məlumatlar, o cümlədən gənclərdən
də gəlməlidir.
Fondun, əlbəttə ki, fəaliyyəti çox
geniş olmalıdır. Yəqin ki, yaxın zamanlarda Fondun əsas
istiqamətləri haqqında məlumat veriləcəkdir.
Ancaq mən çox istərdim ki, bu vəsaitdən
səmərəli şəkildə istifadə olunsun. Həm gənclər bu vəsaitdən faydalansın,
həm ölkəmiz. Beləliklə,
ölkəmizin uzunmüddətli, uğurlu və
dayanıqlı inkişafı təmin edilsin.
Bir daha sizi salamlayıram. Bir daha xahiş edirəm ki, mənim
xoş arzularımı yaşadığınız şəhərlərin,
kəndlərin gənclərinə
çatdırasınız. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 15 mart.- S. 1; 2;
3.