Azərbaycanın regionları yeni inkişaf mərhələsindədir

 

"Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin".

 

İlham ƏLİYEV

 

 

Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli sosial-iqtisadi modelin başlıca istiqamətləri ölkə iqtisadiyyatının dinamik inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində Azərbaycanın genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ölkəmiz ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur. Artıq dövlət müstəqilliyinin 20-ci ilini qeyd etmiş ölkəmizdə sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanır. Bu siyasətin başlıca istiqamətlərindən biri isə ölkənin regionlarının tarazlı inkişafıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq olunan regionların davamlı iqtisadi yüksəlişi strategiyasının möhtərəm Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilməsi bölgələrin sürətli inkişafına, ölkəmizdə liberal, ünvanlı və kompleks dövlət proqramlarına əsaslanan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsinə imkan yaratmışdır. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir.

Möhtərəm Prezidentin dediyi kimi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda, bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir. Ölkəmiz məhz bu istiqamətdə inkişaf etməlidir. Güclü iqtisadiyyatla yanaşı, insanlara qayğı və diqqət də ən yüksək səviyyədə olmalıdır".

2004-2008-ci illəri əhatə edən birinci dövlət proqramının icrası artıq müvəffəqiyyətlə başa çatmışdır. Proqram çərçivəsində görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, o cümlədən iqtisadi və inzibati rayonlar üzrə həyata keçirilmiş tədbirlər öz real bəhrəsini vermiş, iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir. Qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, ölkənin regionlarında, eləcə də paytaxt Bakıda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur. Yeni müəssisələrin və iş yerlərinin yaradılması regionların mövcud potensialından düzgün istifadə edilməsinə, bölgələrdə məhsul istehsalının artmasına və xidmətlərin səviyyəsinin yüksəlməsinə, nəticədə isə əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Beləliklə, qarşıya qoyulmuş məqsədlərin reallaşması, nəzərdə tutulmuş vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycanın bütün regionları tarazlı inkişaf mərhələsinə qədəm qoymuş, bölgələrin siması kökündən dəyişmiş, bütövlükdə ölkənin dinamik sosial-iqtisadi tərəqqisi təmin edilmişdir. Dövlət proqramının icra olunduğu 2004-2008-ci illər ərzində ÜDM-in real həcmi 2,6 dəfə, qeyri-neft sektoru 1,8 dəfə artmış, o cümlədən sənayedə 2,5 dəfə, kənd təsərrüfatında 25,2 faizlik artıma nail olunmuşdur. Bu dövrdə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,6 mini daimi olmaqla 766,3 min yeni iş yeri açılmış, əhalinin gəlirləri 4 dəfə yüksəlmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən, elmi əsaslara söykənən iqtisadi islahatlar siyasəti əldə edilən uğurların həlledici amilidir. Proqramın uğurlu nəticələri Prezident İlham Əliyevin xalqımızın maraqları və dövlətimizin mənafeyi əsasında müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf kursunun real bəhrələr verdiyini təsdiq etdi və bunun nəticəsi kimi Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən qüdrətli dövlətinə çevrildi. İnkişaf templərinə və investisiya cəlbediciliyinə görə Azərbaycanın dünya ölkələri arasında nüfuzu və beynəlxalq iqtisadi qurumlar tərəfindən müəyyənləşən reytinqləri xeyli yüksəlmişdir.

Qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Birinci proqramın məntiqi davamı olan bu proqramda bölgələrin daha geniş miqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi və digər bu kimi tədbirlər öz əksini tapmış və onların uğurlu icrası yüksək iqtisadi nəticələrin əldə olunmasına imkan vermişdir. Artıq 3 ildir ki, icra olunan bu proqram Azərbaycanın iqtisadi inkişafında xüsusi önəm kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, infrastrukturun, kommunal xidmətlərin daha da yaxşılaşdırılmasında, əhalinin rifah halının yüksəlməsində, yoxsulluq səviyyəsinin azaldılmasında xüsusi rol oynayır.

Onu da qeyd etmək yerinə düşər ki, 2008-ci ildən başlayaraq dünyada baş verən qlobal iqtisadi böhran ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarının icrasına təsir edə bilmədi. Böhran bir sıra ölkələrdə iqtisadiyyatın durğunluğu, bəzi ölkələrdə isə tənəzzülə uğraması ilə müşayiət olundu. Azərbaycan isə qlobal böhranı kifayət qədər hazırlıqlı qarşıladı. Eyni zamanda, regional inkişaf proqramının icrası uğurla davam etdirildi və nəzərdə tutulan bütün layihələr vaxtında həyata keçirildi. Dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial-iqtisadi proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu növbəti dəfə əyani şəkildə sübut etdi.

Fevralın 28-də "Baku Expo" Sərgi Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqram çərçivəsində görülən işlər müzakirə edildi, qarşıda duran vəzifələrə dair tapşırıqlar verildi, prioritet istiqamətlər müəyyənləşdirildi. Prezident İlham Əliyev konfransdakı giriş nitqində apardığı əhatəli təhlildə regional inkişaf proqramlarının dinamik inkişaf prosesindəki müstəsna rolunu bir daha önə çəkdi. Dövlət başçısı proqramın icra vəziyyətini yüksək qiymətləndirərək dedi: "Artıq üç ildir ki, ikinci dövlət proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş və kompleks tədbirlər reallaşdırılmışdır. Hər bir sahə üzrə əsaslı irəliləyişə nail olunmuş, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində dövlət proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri açılmışdır ki, bunun 180 mini daimi olmuşdur. Ən mühüm göstəricilərdən biri isə yoxsulluğun səviyyəsinin 7,6 faizə enməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də inkişaf davam etmişdir. İqtisadi sferada əldə olunan mühüm nailiyyətlər eyni zamanda, regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının ölkə iqtisadiyyatının inkişafında oynadığı mühüm roldan xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də proqramın icrasını və regionların inkişafını diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Dövlət başçısı yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq, müvafiq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə 40 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda qeyd etmişdir ki, "Hər bir bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni müşahidə edirik. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir. Bu, məni çox sevindirir. Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram və hər dəfə müsbətə doğru dəyişiklikləri görəndə çox sevinirəm. Ölkəmizin çox böyük imkanları, böyük potensialı vardır".

Ötən il regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, regionların inkişafına 6 milyard manatdan çox əsas kapitala vəsait yönəldilmişdir. Ölkənin sosial-iqtisadi inkişafı sahəsində tətbiq olunan məqsədyönlü siyasət nəticəsində 2011-ci il ərzində 72,4 mini daimi olmaqla 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Dövlət proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.

Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ölkəmizin iqtisadi yüksəlişində mühüm rol oynayır. Məhz buna görə də, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan enerji siyasəti regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz aktuallığını saxlamışdır. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir. Hazırda ölkədə elektrik enerjisinin 70 faizdən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir.

Əlverişli təbii iqlim şəraitinə malik ölkəmizdə kifayət qədər alternativ və bərpa olunan enerji potensialı mövcuddur. Dövlət başçısının müvafiq sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması Azərbaycanda energetika sahəsində su, külək və Günəş potensialından istifadə tendensiyasını gücləndirmişdir. Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində 2011-ci ildə Qobustan rayonunun ərazisində 5 MVt gücündə hibrid tipli Eksperimental Poliqonu və Tədris Mərkəzi istifadəyə verilmiş, külək, Günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı təmir edilmişdir. Möhtərəm Prezident dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda 2013-cü ilin sonuna qədər Azərbaycanda qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirmişdir.

Azərbaycanda yol, nəqliyyat infrastrukturunun müasir səviyyəyə çatdırılması sahəsində də mühüm işlər görülmüşdür. "Yol olmayan yerdə inkişaf da yoxdur" - deyən Prezident İlham Əliyev infrastruktur sahəsində, həmçinin yol təsərrüfatında aparılan abadlıq-quruculuq işlərini ölkəmizin və onun regionlarının inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirir. 2011-ci ildə dövlət proqramı çərçivəsində 690 kilometrə yaxın respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilmişdir.

Ötən il ərzində informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilmiş, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılmışdır. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12-dən 20-yə çatmış, hər 100 nəfərdən 65 nəfəri isə internet istifadəçisidir. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmış, rəqəmsal TV yayım şəbəkəsinin təşkili ilə bağlı regionlarda 9 stansiya quraşdırılmışdır.

Dövlət proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş və ölkənin 36 şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə dövlət proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış və nəticədə 340 mindən artıq əhali daha keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

2011-ci il ərzində regionlarda 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. 90 min hektara yaxın əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü su kanalının və Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir. Ölkə üzrə 18,6 min hektar sahədə su təminatı, 19 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış və 1100 hektar sahədə yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.

Aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam ortüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədi və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir.

Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.

Ölkə Prezidentinin Sumqayıtda və Balaxanıda sənaye parklarının yaradılması ilə bağlı ötən il imzaladığı müvafiq fərman və sərəncamlar innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsinə və sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan vermişdir. Sənaye parklarının yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesini daha da gücləndirəcəkdir.

2011-ci ildə ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda məhsul istehsalı 5,8 faiz artmışdır. Ötən ildə də aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmişdir. Aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturlarının yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə 2,5 milyon tona yaxın taxıl istehsal olunmuş, tütün istehsalı 10,6 faiz, bostan məhsulları istehsalı 10,3 faiz, tərəvəz istehsalı 2,1 faiz, meyvə və giləmeyvə istehsalı 5 faiz, üzüm istehsalı 5,8 faiz artmışdır. 2010-cu illə müqayisədə ötən il ət istehsalında 4,3 faiz, süd istehsalında 5,6 faiz, yun istehsalında 3,7 faizlik artıma nail olunmuşdur.

Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın iki-üç ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır. Ümumilikdə, 2011-ci il ərzində fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6500-dək yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür. Ötən il güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, bu il isə 96 müəssisənin istifadəyə verilməsi gözlənilir.

Ölkəmizdə, o cümlədən regionlarda Azərbaycan İnvestisiya Şirkəti tərəfindən qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə müəssisələrin dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçirilmişdir. Şirkətin payçı qismində iştirak etdiyi Yevlax rayonunda yerləşən "Azərtoxum" MMC, Şabranda fəaliyyət göstərən "Dəvəçi broyler" quşçuluq müəssisəsi, Samux rayonundakı "N.A.A Aqrotara" MMC soyuducu anbar və qurudulmuş meyvə istehsalı kompleksi belə layihələrdəndir. Bundan başqa, şirkət bir sıra layihələrə (Ağstafa Aqroservis, Uşaq Qidasının Qablaşdırılması, İşlənmiş akkumulyatorların təkrar emalı layihələri) investisiya qoyuluşları həyata keçirmək üçün müvafiq işlər aparır.

"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir. 2011-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixrac potensialının artırılmasına və kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaqdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə sosial infrastruktur obyektlərinin, xüsusən də, təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir. Ötən il 247 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin 87 faizi, o cümlədən şəhərlərdə 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təchiz edilmişdir. Qarşıdakı iki il ərzində təkcə regionlarda 325 məktəb binasının tikintisi və ya əsaslı təmiri nəzərdə tutulur və bu da o deməkdir ki, proqramın icrası başa çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb qalmayacaq.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər də dövlət proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilmişdir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillərlə təmin olunmuşdur.

Məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə ötən il Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboyda 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılmışdır.

Ölkə başçısı tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlərə təkan vermişdir. Ölkənin müxtəlif regionlarında, o cümlədən Qəbələ, Balakən, Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran və Lerikdə yeni turizm və mədəniyyət obyektləri açılmışdır.

Heydər Əliyev Fondunun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın və ölkəmizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Nəcib, xeyirxah və humanist dəyərlərə söykənən Heydər Əliyev Fondunun təhsil, səhiyyə, elm, mədəniyyət, ekologiya, idman sahələrində həyata keçirdiyi layihələr ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsinə yönəlmiş çox mühüm addımlardır.

Əvvəlki illərdə olduğu kimi, ötən il də sosial sahələrdə görülmüş işlərə Heydər Əliyev Fondunun müstəsna töhfəsi olmuşdur. 2011-ci ildə fondun təşəbbüsü ilə regionlarda məktəb, səhiyyə və digər sosial obyektlər tikilmiş və əsaslı təmir edilmiş, onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Təkcə fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində indiyədək yüzlərlə müasir tipli məktəb binası inşa edilərək istifadəyə verilmişdir.

Ötən ildə də ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər aparılmış, dövlət proqramı çərçivəsində 10,5 min hektar sahədə meşəbərpa tədbirləri yerinə yetirilmiş, yaşıllıqlar və parklar salınmışdır.

Əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində işlər davam etdirilmiş, 4 rayon və şəhərdə Olimpiya idman kompleksləri inşa olunmuş, şahmat məktəbləri açılmış, Şəki Olimpiya İdman Kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Beləliklə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmiş, bölgələrimizin siması dəyişmiş və investisiya cəlbediciliyi artmışdır. Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına şərait yaradır. Regionlarda istehsal olunan bir çox məhsullar artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə qeyri-neft ixracını artırmışdır. İxracyönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir. Heç şübhəsiz ki, yeni müəssisələrin yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi regionlarda yaşayan əhalinin iş yerləri ilə təmin olunmasında  xüsusi rol oynayır. Proqramın icrasının ən əhəmiyyətli göstəricilərindən biri də məhz regionlarda məşğulluğun artması, gəlir əldə etmək imkanlarının genişlənməsi və həyat səviyyəsinin yüksəlməsi nəticəsində əhalinin paytaxta axını əks proseslə əvəz olunmasıdır.

2011-ci ildə və ümumilikdə son 3 ildə Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarının təhlili göstərir ki, iqtisadiyyatın dinamik yüksəlişi dönməz xarakter almışdır. Prezident İlham Əliyevin uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti, regionlara göstərilən diqqət, o cümlədən ölkədə yaradılmış əlverişli iqtisadi mühit qarşıdakı illərdə də dövlət proqramından irəli gələn vəzifələrin, verilmiş tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini, hər bir bölgənin və bütövlükdə ölkəmizin inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kimi: "Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaq".

Azərbaycanın hərtərəfli inkişafının regional kontekstdə əhəmiyyətli nailiyyətlər qazanması ümumilikdə, ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına mühüm təkan verir. Ən əsas cəhət isə odur ki, dəyişiklik, müasirlik yalnız görüntüdə, abadlıq-quruculuq işlərində deyil, inkişaf Azərbaycan vətəndaşlarının güzəranında, rifahında real əksini tapır.

 

 

 Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının

iqtisadi inkişaf naziri

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 6.