Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davamlı olaraq artır

 

 Bu insanların problemlərinin həlli üçün indiyədək 4,6 milyard dollar vəsait sərf olunub və 70 müasir qəsəbə salınıb

 

 Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı onun hər bir vətəndaşının həyatında özünü göstərməkdə, insanların maddi-rifah halının günü-gündən yaxşılaşmasına təkan verir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizdə insan kapitalının daha sürətli tərəqqisinə yol açır. Azərbaycanın bu sahədə əldə etdiyi möhtəşəm nailiyyətlər beynəlxalq miqyasda da açıq etiraf olunur.

Respublikamızda sosial rifah halının yüksəlməsi, insanların həyat səviyyəsinin daha da yaxşılaşması hələ də öz doğma torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkünlərin timsalında özünü aydın büruzə verir. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan vətəndaşların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Azərbaycan MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə olan dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Bu gün də qaçqın və məcburi köçkünlərin sosial durumunun yüksəldilməsi dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və bu yönümdə uğurlu nəticələrin əldə olunduğunu çoxsaylı faktlar təsdiq edir. Ən mühüm faktlardan biri isə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin sürətlə azalmasıdır.

Qaçqın və məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması, onların dövlət hesabına müasir standartlara cavab verən yaşayış evləri ilə təmin olunması, bütün kommunal xərclərinin dövlət tərəfindən ödənilməsi, bu zümrəyə hər ay çörəkpulu verilməsi və digər bu kimi məsələlər böyük vəsaitlər tələb edir. Yalnız iqtisadiyyatı güclü olan dövlət belə problemləri uğurla həll etmək iqtidarındadır. Azərbaycan isə bu məsələdə ən bariz nümunə ola biləcək ölkə kimi çıxış edir.

Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımızın üzləşdikləri problemlər dövlət tərəfindən uğurla həll  edilir və bu kateqoriyadan olan insanlar tezliklə öz ata-baba torpaqlarına da qayıdacaqlarına əminlik ifadə edirlər. O da faktdır ki, qaçqın və məcburi köçkünlər dövlətin onlara qayğısını məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hiss etməyə başladılar.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən  Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atdı. Görülən işlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq  maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi. 1999-cu ildə ümummilli liderin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alır və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu.

1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daim xüsusi diqqət ayırır. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev həmin il 1 iyul tarixli 298 saylı sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiqlədi. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü idi. Ümumilikdə dövlət proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) açılması nəzərdə tutulurdu.

Sözügedən proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. 2007-ci ildə isə proqrama yeni əlavələr olundu və onun icra müddəti uzadılaraq daha çox məcburi köçkün ailələrini əhatə etdi.

Prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir çadır şəhərciyi də qalmayacaq" deyən cənab İlham Əliyev bu vədini 2007-ci ildə tam doğrultdu. Görülən tədbirlər nəticəsində Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonları ərazisindəki 12 çadır düşərgəsi ləğv edildi. Ötən dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan beynəlxalq, eləcə də yerli humanitar təşkilatların və onların təsis etdikləri  inkişaf qurumlarının ölkəmizdə tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün bir sıra yeni addımlar atıldı. Milli Məclisin 2004-cü il 3 dekabr tarixli qərarına əsasən, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edildi və beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əməkhaqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edildi.

Lakin yenə də qaçqın və məcburi köçkünlərin problemlərinin həllində əsas söz dövlətə məxsusdur. Yeri gəlmişkən xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı da donor vəsaitinin çatışmazlığı ilə əlaqədar ölkəmizdə yardımın paylanılmasını dayandırıb. Azərbaycan dövləti bu problemi də öz üzərinə götürüb və ərzaq yardımından tutmuş digər məsələlərə qədər əsas problemləri öz iqtisadi gücü hesabına həll edir.

Məcburi köçkünlərə yüksək diqqət və qayğının daha bir ifadəsi isə 525 məcburi köçkün ailəsi üçün Goranboyda inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışı oldu. Yanvarın 21-də Prezident İlham Əliyevin açılışında iştirak etdiyi bu binalara Naftalan şəhərində və  Goranboyda müvəqqəti məskunlaşmış, ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüldü. Buradakı mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi infrastruktur yaradılıb, o cümlədən mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilib. Ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli  beşmərtəbəli 12 binadan ibarət bir məhəllə salınıb.

Ötən ilin dekabrında dövlət başçısı məcburi köçkünlər üçün Ağcabədidə inşa edilən daha bir qəsəbənin asılışında iştirak edib. Laçından olan məcburi köçkün ailələrinin Ağcabədidə inşa edilən 552 evdən ibarət yeni qəsəbəyə köçürülməsi də artıq başa çatdırılıb. Dövlət tərəfindən yeni salınan qəsəbədə məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq üçün hər cür şərait yaradılıb.

Qəsəbə 111 hektar ərazidə salınıb. Yaşayış massivində 2 yanğınsöndürmə deposu, 1 inzibati bina, 260 yerlik orta məktəb, 500 kubmetrlik 2 su anbarı, qəsəbənin içməli su ilə təchiz olunması üçün Yuxarı Qarabağ kanalından çəkilmiş su xətti, sutəmizləyici qurğular və digər zəruri infrastruktur tikilərək istifadəyə verilib. Qəsəbə təbii qazla da təmin olunub.

Diqqət yetirilən önəmli məqamlardan biri ondan ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və sözügedən məqam müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini qurublar. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə bu rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına imkan verir.

Ümumiyyətlə, ötən illərdə olduğu kimi, cari ildə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması əsas prioritetlərdəndir. Cari il üçün bu məqsədlə dövlət büdcəsindən 110 milyon manat ayrılması nəzərdə tutulub. Lakin Nazirlər Kabinetində keçirilən müşavirədə Prezident İlham Əliyev bu məbləğin 3 dəfəyədək artırılmasına göstəriş verib. Nəticədə bu il məcburi köçkünlər üçün yeni mənzillərin tikintisinə 300 milyon manat sərf ediləcək ki, bununla da 14 minə qədər məcburi köçkün yeni evlərə, qəsəbələrə köçürüləcək.

Ümumiyyətlə, son 20 ildə dövlət qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün 4,6 milyard dollar vəsait sərf edib. Bu vəsaitin 2,7 milyard dolları büdcədən, 1 milyard dolları Neft Fondundan, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılıb. Bu günə qədər qaçqın və məcburi köçkünlər üçün 70 müasir qəsəbə salınıb, 120 minə yaxın insan həmin qəsəbələrdə yerləşdirilib. Qəsəbələrdə minlərlə mənzil, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib, onlarla səhiyyə, təhsil, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Görülən işlər nəticəsində qaçqın və məcburi köçkünlər arasında yoxsulluq həddi 70 faizdən 18 faizə düşüb. Bundan başqa, şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanılıb. İndiyədək 400-ə qədər məcburi köçkün belə evlərdən çıxarılıb. Həm 2007-ci, həm də 2011-ci illərdə məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarında şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam edir.

Bu il və gələn il Azərbaycanda məcburi köçkünlərlə bağlı böyük həcmdə tikinti işləri aparılacaq. Bakı şəhərindəki yataqxanalardan məcburi köçkünlərin böyük bir qismi köçürüləcək. Bunun üçün Abşeron rayonunun Qobu qəsəbəsində 200 hektar yer ayrılıb. Burada məcburi köçkünlər üçün çox böyük şəhərcik salınacaq. Ümumiyyətlə, bu  il Azərbaycanın 9 rayonunda məcburi köçkünlərlə bağlı tikinti işləri aparılacaq. Nəticədə ilin sonuna qədər 3610 mənzildən ibarət qəsəbələrdə 17 minə qədər məcburi köçkün yerləşdiriləcək. Şəkidə artıq 423 evdən ibarət qəsəbənin tikintisinə başlanılıb. Mingəçevirdə 502 mənzildən ibarət doqquzmərtəbəli 10 binanın tikintisi davam edir. İsmayıllıda 45 mənzildən ibarət kiçik qəsəbə belarus inşaatçılar tərəfindən tikilir. Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində beşmərtəbəli binaların tikintisinə də bu il başlanacaq. Xocavənd köçkünləri üçün 320 fərdi evdən ibarət qəsəbə Beyləqan rayonu ərazisində salınacaq. İmişlidə 350 evdən ibarət qəsəbə, Qəbələdə isə 155 evdən ibarət 2 beşmərtəbəli bina tikiləcək.

Yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan və ciddi sosial çətinliklərlə üzləşən məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli istiqamətində də işlər davam edir. Ötən il fevralın 21-də Prezident İlham Əliyevin "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamını təkcə məcburi köçkünlər yox, bütün ölkə ictimaiyyəti böyük məmnunluqla qarşıladı.

Qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsi olaraq tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə inamları daha da artıb. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar, hər zamankı kimi, dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra onlar bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını yaxşı bilirlər. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Məcburi köçkünlər yaxşı bilirlər ki, dövlət başçısının uğurla reallaşdırdığı siyasət nəticəsində Ermənistan diplomatik sferada tam məğlubiyyətə uğrayıb, işğal altında olan ərazilərdən düşməni hər an geriyə  atmağa qadir olan qüdrətli Azərbaycan Ordusu yaradılıb. Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşən qaçqın və məcburi köçkünlərin özləri də zəbt olunmuş doğma torpaqlarının azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırdırlar.

 

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 7.