Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlarimkanlar məqalələr toplusu çapdan çıxmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə layihəsi əsasında "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlarimkanlar" məqalələr toplusu işıq üzü görmüşdür.

AzərTAc xəbər verir ki, kitaba Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq", Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç "Son 20 ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış" başlıqlı "Ön söz"lər yazmışlar.

Kitab Azərbaycan-Türkiyə münasibətlərini müxtəlif istiqamətlərdən işıqlandırmaq missiyasını üzərinə götürmüşdür.

Topluda nəzərə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin səsləndirdiyi "Bir millət, iki dövlət" ifadəsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin gözəl təcəssümüdür.

Qeyd edilmişdir ki, iki dövlət arasında münasibətlərin yeni mərhələsi 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra başlanmışdır. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Tarixietnik köklərin vahidliyinə bağlı olan bu təbii yaxınlaşma, ümumi maraqlar ətrafında səylərin birləşməsi qloballaşan dünyada mövcudpotensial çağırışların aradan qaldırılmasına və gələcəyin möhkəm təməllər üzərində qurulmasına imkan yaradır. Eyni zamanda, yeni dünya nizamında ədalətin əsas meyar kimi qəbul edilməsi hər iki dövlətin əsas siyasi məqsədlərindən birinə çevrilmişdir. Qardaş Türkiyənin 1993-cü ildə  atdığı addımlar təqdirəlayiqdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması leqal bir addımdır və Ermənistanı beynəlxalq hüququn prinsip və normalarına boyun əyməyə vadar etmək məqsədi daşıyır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinin müxtəlif tərəflərini əks etdirən məqalələr toplanmışdır.

Kitabda Milli Məclisin deputatı Qənirə Paşayevanın, təhsil nazirinin müavini Qulu Novruzovun, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin, Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlının, SAM-in Türkiyə koordinatoru Cavid Vəliyevin, bu qurumun  iqtisadiyyatın təhlili və qloballaşma şöbəsinin elmi işçisi Gülmira Rzayevanın, ATİB idarə heyəti sədrinin müavini Rəşad Rəsullunun və şöbə müdiri Kənan Aslanlının, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) proqram koordinatoru Salih Polatın və Bakı Proqram Koordinasiya Ofisinin assistenti Abbas Hümmətovun, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, Xəzər Universitetinin müəllimi Araz Aslanlının məqalələri yer almışdır.

Məqalələrdə XX əsrin əvvəllərində regional hadisələrin hər iki dövlətin münasibətlərinə təsiri, müasir dövrdə parlamentlərarası əlaqələrin nailiyyətləri və perspektivləri, Azərbaycan ilə Türkiyənin iqtisadi, təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığı, enerji münasibətləri, texniki yardım layihələri, qeyri-hökumət təşkilatları arasında əlaqələr öz əksini tapmışdır. Həmçinin yazılarda iki ölkə arasında ortaq tarixi doktrina, erməni iddialarına qarşı yeni platformanın yaradılmasına dair mülahizələr də əksini tapmışdır.

Kitabla bağlı tövsiyələrini bildirmək istəyən oxucular SAM və ya ATİB-yə müraciət edə, həmçinin info@sam.gov.az və ya office@atib.az elektron ünvanları ilə əlaqə saxlaya bilərlər.

Layihənin koordinatorları Cavid Vəliyev (SAM), Rəşad Rəsullu və Kənan Aslanlıdır (hər ikisi ATİB).

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 9.