Rəssam Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisi açılmışdır

 

 Martın 14-də İçərişəhərdəki "Qız qalası" qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir neçə illik fasilədən sonra rəssam Rəşad Mehdiyevin yeni fərdi yaradıcılıq sərgisi açılmışdır.

Sərginin açılışından əvvəl R.Mehdiyev AzərTAc-a müsahibəsində bildirmişdir ki, nümayiş olunan əsərlər onun fikirlərinin, düşüncələrinin, emosiyalarının ifadəsidir. Hesabat xarakterli sərgidə əsasən yağlı boya və qrafit texnikası ilə çəkilmiş 25 əsər nümayiş olunur. Rəssam vurğulamışdır ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mədəniyyətimizə və incəsənətimizə böyük qayğı və diqqət göstərir. Biz rəssamlar bu diqqət və qayğıdan böyük qürur duyuruq və yeni əsərlər yaratmağa ruhlanırıq. Belə bir mühitdə biz də gərək əsərlərimizlə bu sahəyə öz töhfəmizi verək. 

Tədbirdə qalereyanın direktoru Emin Məmmədov sərgi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, sərginin məqsədi rəssamın son illərdə yaratdığı sənət incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi, R.Mehdiyevin yaradıcılığının təbliği və dəstəklənməsindən ibarətdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov sənətkarın əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini diqqətə çatdırmışdır. R.Mehdiyev dünyada  yeganə rəssamdır ki, 2006-cı ildə BMT-nin Vyanada yerləşən  Avropa ofisində fərdi sərgisi təşkil olunmuşdur. İşə ciddi, professional yanaşma və fikrin ifadə tərzi R.Mehdiyevin bütün əsərlərində özünü göstərir. Rəssam tamaşaçıya fikrini aydın çatdırmağa müvəffəq olmuşdur. Ö.Eldarov sərgini yüksək qiymətləndirmiş və rəssamı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulamışdır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov həmkarının yaradıcılığından danışmışdır. O bildirmişdir ki, rəssamın 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə isə Bakıda fərdi sərgiləri keçirilmişdir. Rəşad Mehdiyev 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülmüşdür. Onun Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisi keçirilmişdir. İstedadlı rəssam BMT-nin Vyana Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil etmişdir.

A. İbrahimov demişdir ki,  rəssamın əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, orijinal yaradıcılıq axtarışları, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. Onun əsərləri təkcə sənətsevərlər üçün deyil, rəssamlar üçün də maraqlıdır. O, Azərbaycan Rəssamlar İttifaqının adından rəssamı təbrik etmiş və eyni zamanda "Qız qalası" qalereyası rəhbərliyinə belə sərginin təşkilinə görə təşəkkürünü bildirmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov sərginin müasir Azərbaycan incəsənətində yaddaqalan bir hadisə olacağını bildirmiş  və rəssama yeni yaradıcılıq uğurları arzulamışdır.

Sonra sərgiyə baxış olmuşdur.

Martın 20-dən davam edəcək sərgi böyük maraqla izlənilmişdir.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 9.