Almaniyanın xarici işlər naziri Qido Vestervelle: Biz Azərbaycan xalqına, Azərbaycana öz hisslərimizlə çox bağlıyıq

 

 Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfərə gələn Almaniyanın xarici işlər naziri Qido Vestervelle ilə görüşmüşdür.

Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunduğu görüşdə Bakıda Azərbaycan-Almaniya Xarici Ticarət Palatasının təsis edilməsi ilə bağlı sənəd imzalanmışdır.

AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər mətbuat konfransı keçirmişlər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Almaniyalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə də məlumat verilmişdir.

Görüşdə ölkələrimiz arasında viza rejiminin ləğv edilməsi, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, regional məsələlər və s. müzakirə edilmişdir.

Nazir Qido Vestervelle Almaniyanın Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunubunun üçün geniş potensialın mövcudluğunu vurğulamışdır.

Azərbaycan Almaniyanın ən yaxın tərəfdaşıdır, - deyən Q.Vestervelle vurğulamışdır ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi tamam olur. Ötən müddətdə ölkələrimiz arasında səmərəli diplomatik əlaqələr qurulmuşdur.

Azərbaycanın Almaniya üçün mühüm siyasiiqtisadi tərəfdaş olduğunu deyən Q.Vestervelle ölkəmizin sürətlə inkişaf etdiyini xüsusi vurğulamışdır.

Ölkələrimiz arasında enerji sahəsində də səmərəli əməkdaşlığın olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri demişdir ki, bu istiqamətdə mövcud əlaqələrin inkişafı üçün böyük potensial vardır. Azərbaycan Almaniya üçün tranzit ölkə kimivacibdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə münasibət bildirən almaniyalı nazir qeyd etmişdir ki, problem yalnız sülh yolu ilə həll olunmalıdır. Bu münaqişənin aradan qaldırılması üçün bütün vasitələrdən istifadə edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region üçün vacibdir.

Sonra nazirlər jurnalistlərin suallarını cavablandırmışlar.

Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın müxbiri): Mənim sualım cənab Vestervelleyədir. Son zamanlar Almaniyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycana qarşı total böhtan kampaniyası başlanmışdır. Almaniya hökumətinin bu kampaniya ilə bağlılığı varmı? Şəxsən siz həmin yazılarda Azərbaycan ilə bağlı deyilən fikirləri bölüşürsünüz, yoxsa yox?

- Mən hər şeydən əvvəl demək istərdim ki, Almaniya Federal hökuməti azad mətbuatda gedən açıqlamalara məhdudiyyət qoymur, onun işinə heç zaman müdaxilə etmir, nəzarət altında saxlamır. Fikir, söz azadlığına hörmətlə yanaşır. Almaniya mətbuatı müstəqil azaddır. Azərbaycan ilə əlaqədar məsələyə gəldikdə isə düşünərəm ki, ölkənizlə bağlı Almaniyada fikirlər müxtəlifdir. Almaniyada Azərbaycanın son illərdə iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verən insanlar da çoxdur. Azərbaycan ilə Almaniya arasında əlaqələr çox yüksək sürətlə inkişaf edir. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan ilə Almaniya arasında uzunmüddətli ənənəvi əlaqələr mövcuddur. Bu onu göstərir ki, biz Azərbaycan xalqına, Azərbaycana öz hisslərimizlə çox bağlıyıq.

"Eurovision -2012" mahnı müsabiqəsi Azərbaycana özünü açıq, müstəqil bir cəmiyyət kimi dünyaya təqdim etmək üçün böyük şansdır. Mən rəsmi açıqlama vermək istərdim ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniyanın "Tageszeitung" ("Gündəlik qəzet") qəzetinə müsahibə vermişdir. Azərbaycanlı həmkarım Elmar Məmmədyarovun həmin qəzetin suallarına verdiyi cavabları alqışlayıram.

Daniel Brössler (Almaniyanın "Süddeutsche Zeitung" qəzetinin müxbiri): Cənab nazir Məmmədyarov, mənim sual sizədir. Federal hökumətin insan hüquqları humanitar məsələlər üzrə müvəkkili Löninq rəsmi nümayəndə heyətinin üzvüdür. O, dəfələrlə Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti tənqid etmişdir. Siz bu tənqidi necə qəbul edirsiniz? Siz necə düşünürsünüz, cənab Löninq Azərbaycanı üçün bu şəkildə tənqid edir? "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində siyasi məhbusların azadlığa buraxılması barədə məlumatınız varmı?

- Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayətə görə məsuliyyətə cəlb olunanlar vardır. Əfv məsələsi ilə xüsusi komissiya məşğul olur. Mən xarici işlər naziri olaraq bu komissiyanın üzvü deyiləm. Ona görə də əfv barədə qərarın olub-olmayacağını deyə bilmərəm. Sualınızın birinci hissəsinə gəldikdə isə deməliyəm ki, Löninqin tənqidləri ədalətsizdir. Löninq Almaniyanı təmsil edir. Almaniya da, Azərbaycan da müstəqil ölkələrdir. Onun Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur. Gənc müstəqil Azərbaycan dövlətində demokratiya yüksək səviyyədədir. Demokratiya daim tərəqqi edən prosesdir və Azərbaycan da bu prosesin içindədir. Azərbaycan demokratiya yolu ilə irəliləyir, kimlərinsə haqsız tənqidi ilə onu bu yoldan döndərmək mümkün deyildir. Əmin ola bilərsiniz ki, cənab Löninq Azərbaycana demokratiya dərsi keçə bilməz.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 9.