Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti ilə görüşmüşdür

 

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə martın 14-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində qısamüddətli səfərdə olmuşdur.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində A.Paşazadə Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov ilə görüşmüşdür.

Səmimi şəraitdə keçən görüşdə qardaş xalqlarımız arasında mövcud tarixi-mənəvi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri seyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov ilə səmimi görüş keçirmişdir.

Səfər müddətində Qafqazın dini lideri şeyxülislam Allahşükür Paşazadə Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Əhməd Abdullayev ilə, həmçinin Rusiya Federasiyasının Çeçenistan Respublikasının müftisi Soltan Mirzəyev ilə görüşmüş, qarşılıqlı əhəmiyyət kəsb edən dini-mənəvi məsələləri müzakirə etmişlər.

QMİ-nin sədri A.Paşazadə Mahaçqala şəhərində Dərbənd şəhərindən və Çeçenistandan gəlmiş dindarlarla səmimi ünsiyyətdə olmuş, onlara xeyir-dualarını vermişdir.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 9.