Birləşmiş Ştatlar Konqresinin The Hill qəzetində Erməni lobbisi ABŞ-da ictimai rəyi çaşdırmağa çalışır sərlövhəli məqalə dərc edilmişdir

 

 ABŞ Konqresinin "The Hill" qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun "Erməni lobbisi ABŞ-da ictimai rəyi çaşdırmağa çalışır" sərlövhəli məqaləsi dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, məqalədə Amerika Erməni Milli Komitəsi (AEMK) və ABŞ-dakı digər erməni lobbi qruplarının Azərbaycana qarşı yönələn fəaliyyəti pislənir. Qeyd olunur ki, ermənilər uzun illərdir ABŞ-da ictimaiyyətin və rəsmi şəxslərin, xüsusilə Konqres üzvlərinin fikirlərini yanlış istiqamətə yönəltməklə antiazərbaycan rəy formalaşdırmağa çalışırlar.

Müəllif vurğulayır ki, sülhü və iqtisadi inkişafı himayə etmək əvəzinə AEMK tarixi revizionizmi, müharibə qurbanlarına (azərbaycanlı qaçqın və məcburi köçkünlərə) iqtisadi sanksiyaları, Ermənistan tərəfindən işğal olunmuş və azərbaycanlıların etnik təmizlənmə siyasətinə məruz qaldığı Azərbaycanın Dağlıq Qarabağ regionuna yardımı və digər destruktiv fəaliyyətləri dəstəkləyir.

Məqalədə göstərilir ki, Ermənistan müstəqillik əldə etdiyi 20 illik dövr ərzində erməni lobbisinin fəaliyyəti nəticəsində ABŞ-dan 3 milyard dollar məbləğində yardım almışdır. ABŞ bu müddətdə  ərazisinə və əhalisinin sayına görə Ermənistandan dəfələrlə böyük olan, bir milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycana isə vur-tut 800 milyon dollardan az yardım ayırmışdır.

Ermənistanda insan hüquqları ilə bağlı vəziyyətin gərginliyini oxucuların diqqətinə çatdıran müəllif qeyd edir ki, bu ölkə adıçəkilən sahə üzrə keçmiş SSRİ məkanında ən pis göstəricilərə malikdir.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 9.