Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri Milli Məclisdə olmuşlar

 

Martın 14-də Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçısı olan Ukrayna Azərbaycanlı Gənclər  Birliyinin nümayəndələri ilə görüşmüşlər.

Gəncləri səmimi salamlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov parlamentin fəaliyyəti, komitələrin, deputatların, dostluq qruplarının gördüyü işlər, diaspor təşkilatları ilə əlaqələr barədə ətraflı məlumat vermişdir. İşçi qrupunun rəhbəri ölkə Prezidentinin Azərbaycan ilə Ukrayna arasındakı münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini vurğulamışdır.

E.İbrahimov Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar azərbaycanlı gənclərin Ukraynada keçirdikləri tədbirləri çox yüksək dəyərləndirmişdir. Birlik üzvlərinin gələcəkdə Ukraynanın siyasi və mədəni həyatında böyük rola malik olacaqlarına ümidvar olduğunu bildirmiş, tövsiyələrini vermişdir.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov  belə bir görüşün baş tutmasına göstərdiyi köməyə görə Milli Məclisin Sədri Oqtay Əsədova dərin minnətdarlığını ifadə edərək rəhbərlik etdiyi təşkilat barədə geniş məlumat vermiş, birliyin şöbələrinin Krım vilayətində, Nikolayev və Odessa şəhərlərində də  fəaliyyət göstərdiyini nəzərə çatdırmışdır.

A.Tahirov ulu öndər  Heydər Əliyevlə xaricdə təhsil alan  azərbaycanlı tələbələrin çoxsaylı görüşlərini xatırlamış və birliyin fəaliyyət prinsiplərinin dahi liderin dəyərli tövsiyələrinə söykəndiyini vurğulamışdır.

Görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlamış, bu məsələdə gənclərə böyük ümidlər bəsləndiyini diqqətə çatdırmışlar.

Söhbətdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclər təşkilatlarının rolu, xaricdə təhsil, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.    

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 9.