Azərbaycan ilə İndoneziya arasında hüquqi əlaqələr genişlənir

 

 Martın 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfiri Prayato Atiyonto ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, səfiri yeni təyinatı münasibətilə təbrik edən Fərhad Abdullayev ölkələrimiz arasındakı münasibətlərdən danışaraq demişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri İndoneziya olmuşdur. Ötən il isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən İndoneziya tərəfindən dəstəklənmişdir.

F.Abdullayev 2011-ci ildə İndoneziyanın Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfərini xatırlayaraq bildirmişdir ki, hər iki ölkənin Konstitusiya Məhkəməsinin funksiyalarında oxşar cəhətlər çoxdurbu, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük zəmin yaradır. F.Abdullayev, həmçinin qeyd etmişdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Avropa ölkələrinin Konstitusiya Məhkəmələri ilə yaxından əməkdaşlıq edir. Biz, Asiya ölkələri ilə də əməkdaşlıq etməkdə də maraqlıyıq. Bu əməkdaşlıq yalnız dostluq əlaqələrindən ibarət deyil. Eyni zamanda işgüzar xarakteri daşıyır. Biz müxtəlif ölkələrin Konstitusiya Məhkəmələrinin təcrübəsindən də istifadə edirik.

Cari ilin may ayında Seul şəhərində Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının yaradılması üçün toplantı keçiriləcəkdir. Bu toplantıda İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri də iştirak edəcək və toplantı çərçivəsində bizim görüşüb təcrübə mübadiləsi aparmaq üçün imkanımız olacaqdır.

Səfir Prayato Atiyonto göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir ki, İndoneziya ilə Azərbaycan dostqardaş ölkələrdir və bütün sahələrdə əlaqələrə malikdirlər. İndoneziyanın Konstitusiya Məhkəməsi ölkənin hüquq sistemində çox mühüm yer tutur. Vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etməklə öz hüquq və azadlıqlarını bərpa etmək hüququna malikdirlər. Azərbaycanda da bu qayda mövcuddur, bu da ölkələrimizin hüquq sisteminin ədalətli və demokratik xarakterindən xəbər verir.

Səfir bildirmişdir ki, rəsmi Cakarta beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəkləyəcək və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərini artıracaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin mövqeyini nəzərə çatdıran səfir demişdir ki, İndoneziya bu münaqişəni dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını istəyir və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 10.