Azərbaycan Prezidenti İlham Əliyevin
sərəncamı TÜRKSOY ailəsini və türk
dünyası mədəniyyət camiəsini sevindirmiş
və qürurlandırmışdır
TÜRKSOY-dan bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın baş katibi Düsen Kaseinovun "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncamı TÜRKSOY ailəsini və türk dünyası mədəniyyət camiəsini sevindirmiş və qürurlandırmışdır.
Düsen Kaseinov dövlətimizin başçısının onun əməyinə verdiyi bu yüksək qiyməti dəyərləndirərkən demişdir ki, bir millətin fərqli dövlətləri arasındakı sağlam və geniş əlaqələrin təzahürü olan bu mükafatı qiymətli xəzinə kimi ömrüm boyu qoruyacağam. Bu orden, eyni zamanda, türk xalqları arasında əməkdaşlığı daha da möhkəmləndirmək sahəsində üzərimizə böyük məsuliyyət qoymuşdur. Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün bütün gücümlə fəaliyyətimi davam etdirəcəyəm.
Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini də vurğulayan D. Kaseinov bildirmişdir ki, bunun sayəsində təşkilat dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasını bütün türk dünyasına təqdim etmiş, "Leyli və Məcnun" operasının 100 illik yubileyi ilə bağlı geniş tədbirlər keçirmişdir. Bundan əlavə, TÜRKSOY Azərbaycan kinosunun 100 illiyi ilə bağlı Antalyada sərgi təşkil etmiş, türk dünyasının görkəmli şairləri Bəxtiyar Vahabzadə və Rəsul Rzanın əsərlərini nəşr etmiş, 2012-ci ili "Mirzə Fətəli Axundzadə ili" elan etmişdir.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 15 mart.- S. 10.