PA Monitorinq komitəsinin üzvləri Azərbaycanda gedən prosesləri dəstəklədiklərini bəyan etmişlər

 

Martın 13-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin yığıncağı keçirilmişdir. Toplantıda Rusiya Federasiyasının, Azərbaycanın, Bosniya-Herseqovinanın, Monteneqronun, Moldovanın, Ukraynanın, Macarıstanın və Ermənistanın Avropa Şurasına üzvlüyə qəbul olunarkən təşkilat qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi vəziyyəti müzakirə olunmuşdur.

Yığıncaqda Azərbaycanla bağlı ilkin məlumat səslənmişdir. Həmməruzəçilər - Pedro Aqramunt (İspaniya) və Cozef Debano Grex (Malta) 2012-ci il yanvarın 31-dən fevralın 2-dək ölkəmizə etdikləri səfər barədə komitə üzvlərinə məlumat vermişlər. Onların məlumatlarında Azərbaycanın inkişaf etdiyi, Avropa Şurası ilə sıx əlaqə yaradıldığı diqqətə çatdırılmışdır. Həmməruzəçilərin çıxışı komitədə geniş müzakirə olunmuşdur. Avropalı deputatlar Azərbaycanda gedən prosesləri dəstəklədiklərini birmənalı şəkildə bəyan etmişlər.

Müzakirələrdə ölkəmizlə bağlı müxtəlif fikirlər səsləndirmək cəhdləri göstərilmişdir. Onların arasında Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyanın  gecikmiş  təklif səsləndirməsi qəribə təsir bağışlamışdır. Ölkəmizlə bağlı müzakirələr zamanı suyu bulandırmağa dəfələrlə səy göstərmiş  erməni deputat bu dəfə də ənənəsinə sadiq qalmış, öz gecikmiş təklifi ilə özünü inkar etmişdir.  O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin hər iki ölkə üzrə həmməruzəçiləri birgə müzakirə edib ümumi bir nəticəyə gəlməsi təklifini irəli sürmüşdür.

AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında ölkəmizin Avropa Şurası ilə əlaqələri inkişaf etdirmək istiqamətində atdığı və atacağı addımlar barədə konkret faktlarla  söhbət açmış, təşkilatla Azərbaycan arasında əməkdaşlığın normal şəkildə inkişaf etdiyini vurğulamış, hər iki tərəfin Avropa dəyərləri olan demokratiya, qanunun aliliyi, insan haqları istiqamətində birgə xeyli işlər gördüklərini bildirmiş və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləmişdir.  

 Erməni deputatın təklifinə münasibət bildirən S.Seyidov Avropa Şurasının belə bir təkliflə çoxdan çıxış etdiyini xatırlatmış, qurumun vaxtilə münaqişə ilə bağlı yaradılmış alt komitə çərçivəsində Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərin birlikdə ümumi təkliflər etməsi mexanizmini hazırladığını diqqətə çəkmiş, erməni deputatın bir tərəfdən gecikmiş təklif irəli sürdüyünü, digər tərəfdən isə erməni nümayəndə heyətinin  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə yaradılmış alt komitənin fəaliyyətindən dəfələrlə imtina etməyə cəhd göstərdiyini bəyan etmişdir. Bu onu göstərir ki, erməni deputatın təklifində normal anlayış yoxdur.

Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanmışdır.

Komitənin toplantısında həmməruzəçilərin ölkəmizə iyun ayında səfər edəcəkləri haqda məlumat verilmişdir.

 

 

 Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 10.