Küveytdə XIII Beynəlxalq enerji forumu və V Beynəlxalq enerji biznes forumu işə başlamışdır

 

 Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, martın 13-də Küveytdə XIII Beynəlxalq enerji forumu və V Beynəlxalq enerji biznes forumu işə başlamışdır.

Forumun açılış mərasimində sədrlik edən Oman Sultanlığının neft və qaz naziri Məhəmməd bin Haməd Al-Rumhi tədbir iştirakçılarını salamlamış və Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktubu  oxumuş və bundan böyük şərəf duyduğunu qeyd etmişdir.

Forumun işində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

N.Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah və vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşmüş, Prezident İlham Əliyevin salamlarını çatdırmışdır. Küveytin Əmiri və vəliəhdi də səmimi arzularının və xoş salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etmişlər.

N.Əliyev beynəlxalq forum çərçivəsində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger, OPEC-in baş katibi Abdulla Səlim Əl-Bədri, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, İtaliyanın infrastruktur və nəqliyyat naziri Korrado Passera, İsveçrənin ətraf mühit, nəqliyyat, enerji və kommunikasiya Federal İdarəsinin rəhbəri xanım Doris Leuthard, Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov, Fransanın iqtisadiyyat naziri Fransua Baruen, Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar naziri Əli İbn İbrahim an Nuayimi, Küveytin neft naziri Hani Abdulaziz Hüseyn ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.

Azərbaycanın sənaye və energetika naziri sonra Küveyt Dövlət Televiziyasının I kanalına və  "Bloomberg" kanalına, həmçinin  "Reuters" və "Argus" xəbər agentliklərinə müsahibələr vermişdir.

Natiq Əliyevin çıxışı konfransın rəsmi jurnalı olan "Küveyt-2012"-də dərc edilmişdir.

Beynəlxalq forum martın 14-də işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 10.