Mərakeşin
nüfuzlu “L'opinion” qəzetində
“Qarabağ müharibəsi,
uzun bir münaqişə” adlı geniş
məqalə dərc edilmişdir
Mərakeşdə nəşr olunan fransız dilli "L'opinion" qəzetində "Qarabağ müharibəsi, uzun bir münaqişə" adlı geniş məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildən başladığı və indiyədək bu problemin öz ədalətli həllini tapmadığı vurğulanmışdır. Yazıda qeyd edilmişdir ki, bu problem keçmiş Sovet İttifaqı dağılandan sonra baş verən ən böyük etnik münaqişələrdən biridir.
Məqalədə iki ölkə arasında atəşkəs rejiminə nail olunduğu, münaqişənin sülh və dialoq yolu ilə həlli məqsədi ilə ATƏT-in Minsk qrupunun yaradıldığı qeyd edilmişdir. Müəllif erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizindən çox hissəsini işğal etdiyini və işğal edilmiş ərazilərdə beynəlxalq aləmdə tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradıldığını bildirmişdir. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi regionun əsas və prinsipial problemlərindən biri olduğu vurğulanmış, münaqişənin həlli istiqamətində Madrid prinsiplərinin mahiyyəti və dövlət başçıları səviyyəsində danışıqlar aparıldığı qeyd edilmişdir. Dövlət başçılarının Soçidə keçirilən son görüşü də yazıda yer almış və tərəflər arasında ötən illərə nisbətən yaxınlaşmanın hiss olunduğu bildirilmişdir.
Məqalədə Azərbaycanın Mərakeşdəki
səfirliyinin təşəbbüsü ilə İSESCO-nun
Rabatdakı mənzil qərargahında Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı anma mərasiminin yüksək səviyyədə
qeyd olunması da bildirilmişdir. Müəllif İSESCO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin
Xocalı soyqırımı və dünyada baş verən
bu kimi hadisələrə hüquqi qiymət verilməsinə
çağırışını yüksək qiymətləndirmiş
və tədbirlərin Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında mühüm rol
oynayacağına əminlik ifadə etmişdir.
Azərbaycan.- 2012.- 15 mart.- S. 10.