Almatıda beynəlxalq konfrans olmuşdur

 

 Fridrix Ebert Fondu və Qazaxıstanda nəşr olunan "Exclusive" analitik jurnalının təşəbbüsü ilə Almatıda "Xəzər məkanında təhlükəsizlik və enerji məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə Almaniya, Azərbaycan, ABŞ, Rusiya, İran, Çin, Türkmənistan və bir sıra digər ölkələrin diplomatik missiyalarının və beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq ekspert və politoloqlar iştirak etmişlər.

Avropa İttifaqının təhlükəsizlik üzrə eksperti Yorq-Ditrix Nakmayr bildirmişdir ki, Qazaxıstan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çox iş görür və bu, təqdir olunmalıdır.

Konfransda Xəzər dənizi regionunda iqtisadi şərait, Xəzər hövzəsi ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Tədbirdə Xəzər məkanında hərbi, sosial-siyasi təhlükəsizlik, Xəzərin hüquqi statusunun tənzimlənməsi, regionda təhlükəsizliyin təmin olunması, İran ilə bağlı vəziyyət və hərbi münaqişənin mümkün nəticələri və digər məsələlər müzakirə olunmuşdur.

 

 

 Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 10.