...Yaza nə qaldı?!

 

 Bəlkə də builki qədər yazın həsrətini çəkməmişdik, hələ də qışın çilləsindəyik. Bozay da bozaylığını eləmir. Kiçik çillə ilə ittifaqa girib meydanda at oynadır. Qarı qış üzə salıb qapımızdan getmir, gah qarlayır, gah da elə sərt küləkləyir ki, elə bil qışın oğlan çağıdır, soyuq adamı qılınc kimi kəsir. Builki qışı tarixin müxtəlif dönəmlərində keçən soyuq aylarla müqayisə edirlər. Axırıncı çərşənbəyə yetişsək də, hələ təbiət qar-çovğunla əlbəyaxadı, tonqallar qarın üstündə qalanır, yazın ilk müjdəçisi qaranquşdan da xəbər-ətər yoxdur. Torpaq qarın altında uyuyur. Amma dünyagörmüşlər deyirlər ki, bunun ziyanı yoxdur. Torpaq yetərincə su içib, rahat yatır, vaxtı çatanda bənövşə, qarçiçəyi, novruzgülü lap bir metr qarın altından da olsa, baş qaldırıb əbədi-ilahi missiyalarını yerinə yetirəcək, yazın gəlişini bizə müjdələyəcək. Anamız Günəş təbiəti yuxudan oyadıb yamyaşıl örtüyə, gül-çiçəyə bürüyəcək.

Qədimdən insanlar Bozayı ilin, fəslin ən çılğın çağı adlandırıblar. Bu ayda qışın ayağı üzəngidədir, köçünü sürüb gedəcək deyə ərköyünlüyünü yerə qoymur. Hər gün bir təbə düşür, hal-xasiyyətini dəyişir. Təzə doğulan körpənin qırx günü necə çətindirsə, Bozay da fəsillərin ən çətini, qırxlı çağıdır, deyiblər. Behiştliklər onu da söyləyiblər ki, özünü qarlı-şaxtalı qışdan deyil, Bozaydan qoru. Bozaydan salamat çıxdınsa, sənə ölüm yoxdur. Amma nə qədər şıltaqlıq etsə də, ömrünə bir şey qalmayıb, əlimizi yaza çatdırır, təbiəti oyadır. İnsanın torpaqla ünsiyyəti Bozaydan başlayır. Əli ruzi-bərəkətli torpaq adamı lap elə qarın altında torpağa buğda səpir, kartof basdırır, şitil yetişdirir.

Bəllidir ki, qədim zamanlardan yaz insanların həyatında başlıca rol oynamışdır. Buna görə də istər-istəməz insan təfəkkürü onu izləyə-izləyə təqvim anlayışını da yaratmışdır. Yeni təqvimi - yazın gəlişini törən və mərasimlərlə qarşılamış, bayram etmiş, istinin soyuq üzərində qələbəsi kimi anlamışdır. Həmin gün Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, nəticədə gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz başlayır. Novruz bayramı da məhz bu təqvimə düşür. Ona görə də minillərdir xalqımız bu tarixi bayram edir, yazın gəlişini sevinclə qarşılayır. Əski insanların inancına görə, baharın gəlişini xoş üzlə, bayramla, ayin və mərasimlərlə qarşılamasalar, onların heyvanları qırılar, əkin-biçinləri olmaz, özləri də yaşamaz. Azərbaycanda keçirilən Xızır, Kosa-Kosa törəni, "Şəngülüm, Şüngülüm, Məngülüm" mifik nağıllarının yaşı da ilkin insanların yaşı ilə bərabərdir.  

Xalqımız da çərşənbələrdə tonqalların üstündən atlana-atlana Novruza yaxınlaşır. Qəribədir, heç bir dinə, mövhumata dayanmayan, yalnız mifik təfəkkürə əsaslanan çərşənbələrin əlamətləri o qədər doğru və yerli-yerindədir ki, sanki qədim insanlarla təbiətin birgə yazdığı daş qanunlardır - əbədi dəyişilməzdir. Bir daha xatırladaq ki, bütün Şərq xalqlarında keçirilən Novruz ayin və mərasimlərinin heç biri dini ehkamlarla bağlı deyil, dindən çox-çox öncə əski insanların özlərinin yaratdığı inanclardır, Qədim Şərq ənənələridir. Hər çərşənbənin adının ehtiva etdiyi mənalar həmin gün təbiətdə özünü göstərir. Su çərşənbəsində buzlar əriyib, evlərin damından su süzələnir, odda havalar bir az isinir, səmada quşlar uçur, Yel çərşənbəsində isə necə soyuq külək əsdiyinə hamı şahiddir. Torpaq isə ilaxır çərşənbəyə bağlanır. Həmin gün insanlar ötən ilin ağırlığını-çilləsini, dərd-bəlasını çıxarmaq üçün tonqal qalayıb üstündən atlanır, çillədən azad olduqlarını zənn edir, qızlar bəxtlərinin açılması istəyilə oda müraciət edirlər. İnanca görə, köhnə ildəki ağırlıq, çillələr, günahlar hamısı odda yanır, yeni, tərtəmiz həyat başlayır. İnsan da təbiət kimi yeniləşmək, təzələnmək istəyir. 

 

Ağrım, uğrum tökülsün,

Oda düşüb kül olsun.

Yansın, alov saçılsın,

Mənim bəxtim açılsın.

 

Azərbaycan xalqı qədim soy-kökünə əsaslanaraq minillərin sınağından çıxmış gözəl ənənələrini indi də yaşadır, çərşənbələrdə tonqallar qalayıb çillədən çıxır, ilaxır çərşənbədə bir çox ayin və mərasimlər icra edir, gənc qızlar qulaq falına çıxır, sevgililərini yuxuda görmək üçün duzlu kökə yeyir, kiçik yaşlı oğlanlar papaq atırlar və sair. Bundan sonra anamız torpaq yuxudan oyanıb dərindən nəfəs alıb isinməyə başlayır. Yerdən bir buxar qalxır ki, gəl görəsən. Qışın uzun gecələri qısalıb uzun günlə əvəzlənir. İnsanlar gün çıxandan gün batanacan torpaqla ünsiyyətdə olur, ağac tingləri basdırır, calağ edir, mal-qaranı örüşə çıxarırlar, qoyun-quzular yamaclara səpələnir. Təbiətdə yaz nəfəsinin duyulması mifologiyamızda, folklorumuzda rəmzi olaraq döyüş-vuruş təsəvvürü də yaradır. İnsanlar yazı gülər üzlə qarşılamaq üçün Bozayda bir yerə toplaşır, tarla, əkin nəğmələri oxuyur, üzlərini Günəşə tutub tez gəlməsini diləyirlər.

Çox keçməyəcək hava isinəcək, ay bədirlənəcək. Yazın erkən çağında səmanı göy qurşağı bəzəyəcək. Bozayın bir yaxşı əlaməti də odur ki, ərköyünlük etsə də, girən kimi sinilərə buğdalar sərilib səmənilər hazırlanır. Nənələrimiz göyərən arzuların bənzəri olan səməni qoymaq üçün buğdanı əvvəlcədən xəlbirdən keçirər, arıtlayar, sonra da min bir dua-kəlam, arzu-niyyətlə sinilərə sərib su çiləyərdilər. Qaranlıq yerə qoyardılar ki, yaxşı yetişsin, boy atsın. Bərəkətinə qurban olduğumuz səmənilər də Novruza qovuşmaq üçün hər gün bir buğda dənəsi qədər göyərərdi. Yarım qarış oldumu, qız-gəlinlər belinə qırmızı kəmər bağlayardılar. Nənələr də gəlin kimi bəzədilmiş səməniləri urvatlı tutar, bərəkət rəmzi kimi evdə ən hündür yerə qoyardılar.

Quşların səsi də yazın gəlişinə bir ayrı gözəllik qatır. "Maestro" bülbül şanapipiyin, sığırçının, bildirçinin, göyərçinin nəğmələrinə "dirijorluq" edəcək, özü də "solo" oxuyacaq. Yazın ilk xəbərçilərindən biri olan  qaranquşlar da nigaran qalmış insanlara müjdə gətirəcək, tövlələrin, çardaqların tavanında yuva qurub, bala bəsləyəcəklər. Türk xalqlarına məxsus Novruz bayramı müxtəlif inanclar, adət və ənənələrə köklənmiş mərasimlərlə zəngindir. Bir inancımız da var ki, Novruzu gərək tər-təmiz qarşılayasan. Qışın qara hisini atasan, mir-mitili çölə sərəsən, yorğan-döşəyin üzünü dəyişəsən, ev-eşiyi yuyub-yığışdırasan, həyət-bacanı gülə-çiçəyə döndərəsən, səliqə-sahmana salasan, divarları ağardasan. Bir də gərək bərəkət rəmzi kimi məhz həmin gün təndir qalayasan, çörək bişirəsən, yuxa salasan. Analar, nənələr buğda-qovurğa tədarükünə başlayır, toyuğun yumurtalarını bir-bir yığıb boyamaq üçün ilaxır çərşənbəyə saxlayırlar. Yetik cavanlar at çapır, dirədöymə, kəməndatma, qılıncoynatma, mətəqoruma oynayır, güləş yarışı keçirirlər. Bunlar hamısı torpağın oyanmasına, yazın gəlişinə sevinməklə, şənlənməklə əlaqələndirilir.



 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 12.