Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Astara rayonunda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, həmçinin ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlər inşa edilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 mart
2012-ci il
Azərbaycan.- 2012.- 16 mart.- S. 1.