Əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən növbəti qərar

 

 Gələn ilin sonunadək Azərbaycan vətəndaşlarının keçmiş SSRİ-dən qalmış bütün əmanətləri qaytarılacaq

 

Çoxdandı ölkə əhalisinin böyük qisminin səbirsizliklə gözlədiyi mühüm bir problemin həllinə də qərar verildi. Söhbət Azərbaycan vətəndaşlarının keçmiş SSRİ dövründən qalmış əmanətlərinin qaytarılmasından gedir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərman imzalamışdır. Eyni zamanda dövlət başçısının fərmanı ilə  "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları" təsdiq edilmişdir.

Əvvəlcədən qeyd edək ki, özlüyündə birbaşa çoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna təsir etmək imkanında olan sözügedən problemin bugünkü müstəqil Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur. Bu, SSRİ adlı keçmiş ölkədən postsovet respublikalarına, o cümlədən Azərbaycana miras qalmış həlli çətin çoxsaylı problemlərdən biridir. O problemlərdən ki, onu yoluna qoymaq üçün əsrlər boyu böyük bir imperiyanın tərkibində əyalət statuslu respublika müstəqil dövlət kimi oturuşmalı və maliyyə imkanları əldə etməli idi. Onu da unutmayaq ki, keçmiş sovetlər birliyindən xüsusən Azərbaycana miras qalmış problem təkcə əhalinin əmanətlərinin qaytarılması deyildi. SSRİ bizə Dağlıq Qarabağ kimi bugünəcən həll olunmayan problem də qoyub ki, hətta bütün dünya əhalisinin əmanətləri belə onun fəsadları ilə müqayisədə heç nədir. Başqa sözlə, keçmiş İttifaq yalnız əhalimizin yox, Azərbaycanımızın da (Qarabağ adlı) əmanətinə xəyanət edib. İndi özünüz hesablayın, bu xəyanətlər Azərbaycana nəyin hesabına başa gəlib. İndi özünüz deyin, ilk növbədə hansı xəyanətin fəsadları həll olunmalı idi - ən yaxşı halda yataqxanalarda, ən pis halda isə qazmalarda, vaqonlarda, çadırlarda məskunlaşmış 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, yoxsa əmanətlərin qaytarılması?! İndi özünüz qiymət verin, əmanətləri hansı məqamda qaytarmaq daha məqbul və səmərəli olardı - ölkədə islahatların başa çatmadığı, keçid dövrünün ağrı-acılarının yaşandığı, inflyasiyanın bütün gəlirləri dəyərsizləşdiyi bir vaxtda, yoxsa Azərbaycanın sosial-iqtisadi inkişafının getdikcə sürətləndiyi, maliyyə sabitliyinin bütün dünyada nümunə kimi göstərildiyi indiki zamanda?! İndi özünüz düşünün, ölkənin maliyyə imkanlarını öncə hansı sahələrə yönəltmək vacib idi - dağılmış xalq təsərrüfatının bərpasına, həyati zəruri infrastrukturun yenidən qurulmasına, birbaşa iş yerləri ilə bağlı olan yeni müəssisələrin yaradılmasına, regionların sosial-iqtisadi inkişafına, aqrar sektorun dirçəldilməsinə və bu kimi digər qlobal tədbirlərin həyata keçirilməsinə, yoxsa sabahkı günü fikirləşmədən min bir əziyyət və hətta risk hesabına qazanılmış vəsaiti əhalinin bir hissəsinə kor-koranə paylamağa?!

Cavabları məlum bu cür sualları artırmaq da mümkündür. Ancaq elə qeyd etdiklərimiz də kifayətdir ki, Azərbaycan dövlətinin ölkə vətəndaşlarının keçmiş SSRİ dövründən qalmış əmanətlərinin qaytarılmasına uzaqgörənliklə, bütün gözləntiləri nəzərə almaqla və başlıcası, qeyri-populistcəsinə yanaşdığı məlum olsun. Və sadaladığımız bu üç şərt dövlət büdcəsinə heç də kiçik məbləğə başa gəlməyəcək problemin həllində çox incə və vacib məqamlardır. Ölkəyə daxil olan neft pullarının kortəbii, heç bir iqtisadi və sosial nəticələri hesablamadan və nəzərə almadan əhalinin əmanətlərinin qaytarılması adı ilə səmərəsiz xərclənməsinin sonradan törədəcəyi fəsadları təsəvvür edirsinizmi? Yalnız əmanətçilərə hesablanan bu populist addımı keçmiş sovet respublikalarının əksəriyyəti atdı. Nəticəsi nə oldu? Büdcələrinə külli miqdarda ziyan dəydi. Əvəzində ədalətli indeksasiya edilməyən və inflyasiya nəzərə alınmadan qaytarılmış əmanətlərdən əhali də yararlana bilmədi. Bilməzdi də. Çünki şərait yaranmamış, tələm-tələsik, hansısa seçkidə səs qazanmaq xatirinə verilmiş qərarın nəticəsi elə belə də olmalı idi. Bu yerdə Prezident İlham Əliyevin 14 mart 2012-ci il tarixli adıçəkilən fərmanın preambulasından sitat gətirmək yerinə düşər: "Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaratmışdır. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini təklif etmək niyyətini bəyan edir".

Bir neçə kəlmə də əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları, başqa sözlə desək, əmanətlərin indeksləşdirilməsi barədə. Öncə onu vurğulayaq ki, dövlət başçısının təsdiq etdiyi Qaydalarda təqdim olunan indeksləşdirmə postsovet respublikaları arasında ən yüksək faizlərdəndir. Əmanətlərin məbləğinin artdıqca qaytarılacaq vəsaitin indeksləşdirmə faizinin azaldılması isə sırf əhalinin sosial qrupları ilə bağlı məsələdir. Məlumdur ki, əmanət kitabçasında "qara gün" üçün 1000-5000 rubl (keçmiş SSRİ-nin pul vahidi) saxlayanla banka 100-200 min qoyan eyni sosial təbəqənin nümayəndələri deyillər, yaxud olmamışlar. Ən azı bu səbəbdən Qaydalarda həmin amilin nəzərə alınması ədalətli hesab edilməlidir.

Ədalətdən söz düşmüşkən, əmanətlərin qaytarılması Qaydalarından bundan artığını gözləyənlərin nəzərinə bir məqamı çatdırmaq istərdik: axı keçmiş SSRİ Əmanət Bankının əhaliyə borcu qaldığı kimi, əhalinin, o cümlədən Azərbaycan vətəndaşlarının da banklardan kredit götürüb qaytarmadıqları borcları olmuşdu və konkert olaraq bizdə həmin kreditlər inflyasiyanın tüğyan etdiyi vaxtda bugünkü pulumuzla 5-10 qəpiyə bağlanmışdır. Elə isə gəlin insaflı olaq və unutmayaq ki, Azərbaycan dövləti, onun başçısı əhalinin sosial rifahı naminə mövcud imkanlardan maksimum istifadə etmək əzmində olduğunu dəfələrlə sübut etmişdir və əhalinin keçmiş əmanətlərinin qaytarılmasına başlanılması bu istiqamətdə atılan növbəti addımdır.

 

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 3.