Xilaskarlıq missiyası

 

 Heydər ƏLİYEV: "Bu dövləti biz qurduq, biz də yaşadacağıq"

 

 "Gəlin hər şeyi bir kənara qoyaq, dövlətimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəliyə gedək. Mən bütün Azərbaycan xalqını milli birliyə, milli həmrəyliyə dəvət edirəm. Əminəm ki, mənim səsimə milyonlarla adam səs verəcəkdir. Mən əminəm ki, xalq Azərbaycan dövlətini, Azərbaycan Prezidentini müdafiə edəcəkdir".

 

Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 15-də xalqa müraciətindən

 

 Əgər hesablasaq, bəlkə də hər bir xalqın azadlıq eşqinin, müstəqillik istəyinin ölçüləri onu təqib edən faciələrin, başına gətirilən müsibətlərin miqdarı ilə mütənasib gələr. Tarix boyu zülmə baş əyməyən, azadlıq mücadiləsi ilə çırpınan xalqın çəpərinin yağısı, başının qeylü-qalı əskik olmayıb. Şüurlu həyatımız boyu hafizəmizə və beynimizə həkk olunmuş hadisələr, əslində, elə tarixin bir parçasıdır və illər ötdükcə onlardan hansının məişət, hansınınsa tarixi hadisə olduğu ilə bağlı sərhədlər əriyib itir. Bəzən çox sonralar fərqinə varırıq ki, içində olduğumuz, gözlərimiz önündə cərəyan edən konkret bir hadisə, heç demə, tarixi taleyimizin son dərəcə mühüm bir məqamına, faktına çevrilib. Və o kəs xoşbəxtdir ki, tarixin yaddaşında ilişib qalmış həmin hadisələr vaxtı həssas, yaxud biganə seyrçi kimi qalmayıb, fəal iştirakçı olub. Olsun ki, bir hadisədən bizi 5 il, o birindən 10 il, digərindən lap 20 il ayırsın. Əsas şərt ondan ibarətdir ki, biz həmin hadisələri statist kimi deyil, tarixin canlı bir parçası kimi qəbul edək və ibrət dərslərini həmişə xatırlayaq.

 

 Yeni tarixin köhnə problemləri

 

1991-ci ildə Müstəqillik haqqında  Konstitusiya Aktının qəbul edilməsi ilə deyil, ötən əsrin 80-ci illərinin sonundan hesablanan ən yeni tariximiz xalqımızı azadlıq, müstəqillik, demokratiya kimi ümumbəşəri nemətlərdən barındırmaqla yanaşı, hər biri mənəviyyatımızda, ictimai əxlaq və milli-mədəni düşüncəmizdə dərin və dərdli bir şırım açan ləkələr də "ərməğan" etmişdir. Onların unutdurulması yaddaşın və zamanın hökmündə olsa da, dərsləri mütləq ümumiləşdirilməli, təhlil və əxz edilməlidir.

1988-ci ildə ədalətsizliyə qarşı xalqın etirazı kontekstində zühur edən hərəkatın fırtınasını Ə.Vəzirov kimi kölə xislətli "rəhbər" susdura bilmədi. Həmin dövr Azərbaycan cəmiyyətinin "siyasi-ictimai konstruksiyasını" müəyyənləşdirən amillər cərgəsində azərbaycanlıların Ermənistan ərazisindəki doğma torpaqlarından qovulmasını, erməni separatçıları tərəfindən Dağlıq Qarabağ kartı müstəvisində müharibə tonqalının körüklənməsini, xalqın qəhrəmanlıq əzminin və iradəsinin qanlı sınağına çevrilən 20 Yanvar faciəsini, Kremlin yeni naibi qismində iqtidara yiyələnmiş A.Mütəllibovun müti və zəif hakimiyyətini, eləcə də Azərbaycan torpaqlarının total itkisi ilə nəticələnən AXC-Müsavat cütlüyünün səriştəsiz və antimilli iqtidarı mərhələsini göstərmək mümkündür.

1993-cü ildə - Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə baş-başa qaldığı bir dönəmdə, ölkənin şimal və cənubunda süni şəkildə qabardılan etnik narazılıqlar zəminində böyük bir separatçı hərəkatın toxumlarının cücərdiyi dramatik məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya dönərək nizamı pozulmuş siyasi prosesləri axarına salması dövləti və dövlətçiliyi məhv olmaqdan xilas etdi. İyun böhranının aradan qaldırılmasının, daha sonra 1994-cü ilin oktyabr ayında marginallıqdan çıxıb sosial-fəal təzyiq üsullarına əl atan bir qrup kriminallaşmış hökumət məmurunun dövlət çevrilişi cəhdinin dəf edilməsinin müstəqilliyimizin qorunmasında və ona dönməz xarakter verilməsində müstəsna rolu oldu. Yalnız  Heydər Əliyevin rəhbərliyi sayəsində biz həqiqi müstəqilliyimizin nailiyyətlərini qoruyub saxlaya bildik. Əlamətdar haldır ki, Heydər Əliyev həmin hadisələrin qarşısını silah-sursatla, dövlətin məcburetmə aparatının gücü ilə deyil, öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqın əzm və iradəsi ilə aldı. Budur ən böyük cəbbəxana! İnsanların ürəyini, varlığını tərksilah edən mənəvi cəbbəxana!

Ən yaxın tariximizin qara ləkələrindən biri də 1995-ci ilin mart hadisələridir. Bu gün 17 il əvvəl cərəyan etmiş hadisələr barədə söz demək, o dövrün ictimai-siyasi təbəddülatlarının, mənəvi-psixoloji ab-havasının xəritəsini cızmaq tarixi aspektdən nə qədər asan, mümkündürsə, bir insan və vətəndaş kimi həmin xatirələri yenidən yaşamaq  çox ağır və çətindir.

 

 Ərəfə

 

1993-cü ilin avqust referendumu, oktyabr ayında demokratik şəraitdə keçirilən seçkilər nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin həyatını yaxşılığa doğru dəyişdi, xalqa nəsə vermək deyil, əksinə, daha çox qoparmaq kimi miskin bir amalla yaşayan "bəylər"in və onların arxasında duran məkrli qüvvələrin perspektivə hesablanmış iyrənc niyyətlərini alt-üst etdi.

Azərbaycanın nəinki demokratik Qərbə, bütövlükdə bəşər sivilizasiyasına inteqrasiyasının təkanverici amillərindən biri kimi çıxış edən "Əsrin neft kontraktı"nın 1994-cü ilin sentyabr ayında imzalanması "bəlkə də qaytardılar" xülyası ilə yaşayan radikal-revanşistlərin əsəb kasasında son damlaya çevrildi.

Beş il sonra - 1999-cu ilin mayında Prezident Heydər Əliyev çıxışlarından birində deyəcəkdi: "...Tam əsasla deyə bilərəm ki, 94-cü, 95-ci illərdə Azərbaycanda dövlət çevrilişinə silahlı cəhdlər, terror aktları və təxribat əməlləri də məhz ölkəmizin sərbəst, müstəqil neft strategiyasının qarşısını almaq məqsədi ilə həyata keçirilirdi".

Həmin tarixi dövrün aparıcı ictimai-siyasi tendensiyalarını, qüvvələr və maraqlar tənasübünü ümumiləşdirərək səciyyələndirən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Azərbaycan tərəqqi və azadlıq yolunda" adlı əsərində yazmışdır: "Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin rəhbərliyə yenidən qayıdışı ilə ... hər şeydən əvvəl, əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması istiqamətində uğurlu addımlar atıldı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Ayrı-ayrı daxilixarici qüvvələr tərəfindən Prezidenti fiziki cəhətdən məhv etmək üçün dəfələrlə təşkil edilmiş sui-qəsdlər zərərsizləşdirildi, Azərbaycan dövlətçiliyi qorunub saxlandı".

Yeni neft strategiyası, artıq dönməz faktora çevrilən iqtisadi irəliləyiş tempi, cəmiyyət həyatının bütün sahələrində əlamətləri getdikcə daha aydın sezilməyə başlayan inkişaf tendensiyaları, sabitqədəm xarakter alan ictimai-sosial faktorlar, eləcə də durulmağa başlayaraqöz məcrasına qayıdan siyasi proseslər, heç şübhəsiz, Heydər Əliyev iqtidarının aşkargizli düşmənlərini qane edə bilməzdi. Ayaz Mütəllibovun, Surət Hüseynovun, keçmiş AXC-Müsavat cütlüyünün timsalında siyasi müxalifətin, onları dəstəkləyən müxtəlif mafioz qrupların, xaricdən dəstəklənən antimilli qüvvələrin başa düşdükləri o idi ki, bir vaxtlar sərnişini olduqları hakimiyyət qatarı bir daha geri dönməyəcəkdir. Peşmançılıq, həsəd, xainlik qəlblərini gəmirib parçalasa da, bu, acı bir gerçəklik idi!

Heydər Əliyev cəmiyyətin bütün sahələrində dönməz xarakter almağa başlamış inkişaf meyillərini gözü götürməyən, millətinə qənim kəsilmiş nadanlara müraciətlə deyirdi: "Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Bunu qiymətləndirmək, qorumaq, möhkəmləndirmək, gücləndirmək lazımdır".

 

 Başlanğıc

 

 1994-cü ilin payızı ağır gəldi. Sentyabrın 29-da, "Əsrin müqaviləsi"nin böyük təntənə ilə imzalanmasından 9 gün sonra dəhşətli terror hadisəsi baş verdi. Ali Sovet sədrinin müavini Afiyəddin Cəlilov Prezident  yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildilər.

 

Sentyabrın 21-dən 22-nə keçən gecə isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından keçmiş müdafiə naziri Rəhim Qazıyev və müavini Baba Nəzərlinin, AXC rəhbərlərindən Arif Paşayev və separatçı Əlikram Hümbətovun qaçışı təşkil edilmişdi.

Oktyabrın 2-də Mahir və Rövşən Cavadov qardaşları başda olmaqla, XTPD-nin bir qrup üzvü respublika Prokurorluğuna silahlı basqın edərək əməkdaşlara fiziki zor tətbiq etmiş, hakimiyyətə və qanunlara itaət etmədiklərini göstərmişdilər.

İki gün sonra Baş nazir Surət Hüseynovun himayə etdiyi silahı dəstələr Gəncədə dövlət orqanlarının yerləşdikləri inzibati binaları və mühüm kommunikasiya obyektlərini zəbt etdilər.

Bütün bu lokal cinayətlər, əslində, ustalıqla hazırlanmış daha böyük cinayətin - dövlət çevrilişinin simptomları idi. Azərbaycan dövlətçiliyinin taleyindən yana son dərəcə məsul bir məqam yetişmişdi. Səngərin bir tərəfində dövlətin və hakimiyyətin qanına susamış irtica və onları dəstəkləyən xarici qüvvələr, o biri tərəfində isə Heydər Əliyev və xalq dayanmışdı. Oktyabrın 4-dən 5-nə keçən gecə ölkə Prezidenti xalqa müraciət etdi: "Hörmətli həmvətənlər, əziz bacılar, qardaşlar! Bu gün kim Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qorumaq istəyirsə, mən onu Azərbaycan Respublikası Prezidenti Aparatının önünə dəvət edirəm. İndi bizim hamımız üçün çox həlledici məqamdır, həlledici dəqiqədir. Kim Azərbaycana doğrudan ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm..."

Ulu öndərin hamımızın efir vasitəsilə izlədiyi həyəcanlı çıxışı öz işini gördü. Təxminən bir saatdan sonra beş-beş, on-on kiçik dəstələrin toplaşdığı meydanda böyük insan dənizi kükrəyirdi.

Dövlət çevrilişinə cəhd iflasa uğradıqdan sonra həmin cinayətin iştirakçıları cəzasız qalmaqlarından ruhlanaraq revanş götürmək məqsədilə yenidən köhnə əməllərinə qurşandılar. Surət Hüseynov, İlqar Səfixanov, Rövşən və Mahir Cavadov qardaşları, onların müxalifət düşərgəsində maskalanmış havadarları, habelə öz ölkələrinin məxfi orqanları ilə əməkdaşlığı şübhə doğurmayan əcnəbi emissarların dəstəyi və iştirakı ilə növbəti çevriliş planı hazırlanırdı. Əldə olunan məlumatlara əsasən, budəfəki aksiya öz icra mexanizminə və taktiki hazırlığına görə daha mürtəce və qəddar olacağını vəd edirdi.

"Traza" firmasının prezidenti Kənan Kürəl, Ali Sovetin məsul əməkdaşı Fərman Dəmirkol, müsavatçı Tofiq Qasımov və başqaları cinayətkar Cavadov cütlüyü ilə birləşərək ağır dövləti cinayətin ideoloji qərargahını yaratmağa müvəffəq oldular. Bu ittifaq Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (ASAM) adı altında fəaliyyət göstərirdi. Mərkəzin məxfiliyini təmin etmək məqsədilə yığıncaqlar gizli, konspirativ qaydalara tam əməl olunmaqla keçirilirdi.

1995-ci il yanvarın 7-də mərkəzin Fərman Dəmirkol, Tofiq Qasımov, Ərtoğrul Güvən, Rasim Musabəyov və başqalarının iştirakı ilə keçirilən yığıncağında F.Dəmirkol və T.Qasımov siyasi müxalifətin "quldur dəstələri" kimi tanınan hər hansı hərbi müxalifətlə birləşməsi ideyasını irəli sürdülər. Hakimiyyəti devirmək məqsədilə nəinki kriminal elementlərlə, lap şeytanın özü ilə də sazişə girmək təcrübəsinin naqis presedentiniözünün "xəlqi və humanist" olduğunu iddia edən müxalifət yaratdı.

Bir həftə sonra daxili işlər nazirinin müavini, adı birmənalı şəkildə reket, quldurluq, adam öldürmə, adam oğurlama, zorakılıq və s. cinayətlərdə "baş rolun ifaçısı" kimi hallandırılan Xüsusi Təyinatlı Polis Dəstəsinin başçısı Rövşən Cavadovun iştirakı ilə üçüncü iclas keçirildi və iştirakçılar bəyan etdilər ki, dövlət çevrilişi yalnız zor gücünə həyata keçirilə bilər və növbəti addım kimi Dövlət Şurası adı altında Əbülfəz Əliyev, Ayaz Mütəllibov, Rövşən Cavadov, Fərman Dəmirkol və digərlərinindaxil olduqları koalision hökumət yaradılmalıdır.

Beləliklə, növbəti silahlı qiyama hazırlıq prosesi gedirdi. AXC və Müsavatın simasında müxalifətə yenə də öz çirkin missiyasını həyata keçirmək həvalə olunmuşdu. Öz xalqına və dövlətə qarşı həmişə rəqib deyil, düşmən mövqeyində dayanan, hakimiyyətə özünüifadə deyil, barınma vasitəsi kimi baxan dağıdıcı müxalifət regionlarda mitinqlər təşkil etməli, dövlət çevrilişi senarisini beynəlxalq aləmə, həmçinin respublika ictimaiyyətinə "xalq hərəkatı" adı altında təqdim etməli idi.

Martın 4-də əldə edilən razılaşmaya əsasən, Mütəllibovun emissarı Adil Hacıyev mərkəzin təşkilatçılarına bildirmişdi ki, Ayaz Mütəllibov Əbülfəz Əliyevlə müştərək hakimiyyətin yaranmasına tərəfdardır və onlara sadiq qüvvələrin dövlət çevrilişində iştirakı təmin olunacaq.

Elə həmin günlərdə Rövşən Cavadov özəl telekanallarda yayımlanan müsahibələrində hərbə-zorba dolu bəyanatlar verməkdən yorulmurdu: "Qan tökülsə də, vətəndaş müharibəsi olsa da, hər şeyə gedəcəyik. Biz geri çəkilməyəcəyik!.. Biz hakimiyyətə gələcəyik. Dövlət Şurası yaradacağıq. Elçibəy də, Mütəllibov da, lap elə Vəzirovun özüŞuraya cəlb olunacaq". Miskinlik və riyakarlığın dərəcəsinə bax ki, R.Cavadov vəzifə kreslosu uğrunda qolları dirsəyəcən xalqının qanına bulaşmış Vəzirovla da  ittifaqa girməkdən çəkinmədiyini elan edirdi.

 

(Ardı var)

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 4.