Azərbaycanın
Avropaya inteqrasiyasında bütün
siyasi qüvvələrin mövqeyi
eynidir
Dünən Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ilə Azərbaycanda səfərdə olan Almaniya federal hökumətinin insan hüquqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iki ölkə arasında olan əməkdaşlıq münasibətlərindən söz açıb və Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirib. Deputat diqqətə çatdırıb ki, Azərbaycanda Avropaya inteqrasiya prosesində atılan addımlar və görülən işlərlə bağlı bütün siyasi qüvvələrinin mövqeyi eynidir. Ancaq Azərbaycanın geosiyasi mövqeyi Avratlantika məkanında təhlükəsizliyin tam təmin olunmasına imkan vermir. Bunun səbəbi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsidir. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həllinə tərəfdar olduğu halda Ermənistan beynəlxalq təşkilatların verdiyi bəyanatlara, çıxardığı qərarlara əməl etmir.
Azərbaycana son dəfə 10 il bundan öncə səfərə gəldiyini deyən Markus Löninq Bakıda aparılan quruculuq-abadlıq işlərindən danışıb: "Azərbaycana 4-cü dəfədir ki, səfərə gəlirəm. Son dəfə 10 il bundan öncə Bakıda olmuşam. Mən Berlin şəhərində yaşayıram və orada da quruculuq işləri gedir. Ancaq Bakıdakı inkişaf oradakı inkişafdan daha çoxdur və paytaxtınızın bu qədər tez inkişaf etməsi təəccüb doğurur".
Markus Löninq bildirib ki, Azərbaycanın Avropaya inteqrasiyası prosesində bütün siyasi partiyaların mövqeyinin eyni olması müsbət haldır. Onun sözlərinə görə, Almaniya da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq huquq normaları çərçivəsində həllinə tərəfdardır. Qonaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını da qeyd edib.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Yeni Azərbaycan Partiyasının nümayəndəsi Əhliman Əmiraslanov isə bildirib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyası Almaniyanın hakim Xalq Partiyası ilə əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan üzvü olduğu Avropa Şurası Parlament Assambleyası, Avronest PA, ATƏT PA ilə demokratiya, insan hüquq və azadlıqları mövzusunda müzakirələr aparır.
Azərbaycanla Almaniya arasında təhsil və elm sahələri üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən deputat qeyd edib ki, hər il Azərbaycan Tibb Universitetini bitirən 40 nəfər Almaniyada diplomunu təsdiqlədərək həkim kimi fəaliyyətə başlayır.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan. -2012.- 16
mart.- S. 4.