ADA Kitab Mərkəzində Ədəbiyyat məclisi
təşkil etmişdir
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində ADA Ədəbiyyat Məclisi keçirilmişdir.
ADA Ədəbiyyat Məclisi Akademik Kitab Mərkəzi ilə AzTV Mədəniyyət kanalının birgə layihəsidir. Layihə ADA-nın bakalavr tələbələrinin təşəbbüsü əsasında həyata keçirilmiş tədbirdə məqsəd ədəbiyyatı sinif otağından kənara çıxarmaq, onu interaktiv şəkildə öyrənmək və ustadlarla birlikdə təhlil etməkdir.
Ədəbiyyat məclisinin ilk görüşü böyük mütəfəkkir və dahi şairimiz Səməd Vurğuna həsr olunmuşdur. Görüşdə ədəbiyyat aləmində görkəmli yer tutan şəxslər şairin zəngin həyat və yaradıcılığı haqqında söhbət açmışlar.
Tədbirdə qonaq qismində xalq şairi Vaqif Səmədoğlu, əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, "Azərbaycan İnternational" jurnalının redaktoru Betti Blair və ADA-nın rektoru Hafiz Paşayev iştirak etmişlər. Səməd Vurğunun nəvəsi Aygün xanım və nəticəsi Vurğun Vəkilov da qonaqlar sırasında olmuşlar.
ADA-nın rektoru Hafiz Paşayev məclisi açaraq tədbirin Azərbaycan Diplomatik Akademiyası tələbələrinin təşəbbüsü ilə hazırlandığını vurğulamış və gələcəkdə belə tədbirlərin davamlı olacağını qeyd etmişdir.
Şairin sevgi dolu ədəbiyyat dünyasına daha yaxından bələd olmağa çalışan iştirakçılar ziyalıların şairlə bağlı xatirələrini dinləmiş, ADA tələbələrinin ifasında şairin şeirlərindən və müxtəlif musiqi nümunələrindən zövq almışlar.
ADA Ədəbiyyat Məclisi silsilə tədbirlərlə davam etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 16 mart.- S. 5.