Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakimlər C.QaracayevR.Qvaladzenin məruzələrini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu məcəllənin 416-cı, habelə  407.1.4-cü, 407.2-ci və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan Apelyasiya İnstansiyası Məhkəməsi üçün məcburidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

 

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 5.