QHT layihələrinin
cari ildə maliyyələşdirilməsi
ilə bağlı birinci maliyyə
yardımı müsabiqəsinə yekun vurulmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan olunmuş birinci maliyyə yardımı müsabiqəsinin nəticələrini müzakirə etmişdir.
Şuradan AzərTAc-a bildirmişlər ki, 2011-ci il dekabrın 30-da elan edilmiş müsabiqəyə ümumilikdə 541 QHT-dən layihə təklif olunmuşdur. Onlardan 73-nün texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seçmə mərhələdə müsabiqədən kənarlaşdırılmış, 468 layihə təklifi ekspertizaya göndərilmişdir.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 265 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Qurum müraciətlərin çoxluğunu nəzərə alaraq, 2012-ci ilin birinci maliyyə yardımı müsabiqəsi üçün ayrılan 1,1 milyon manat vəsaitə ikinci maliyyə yardımı müsabiqəsinin fondundan 556,7 min manatın əlavə olunması haqqında qərar qəbul etmişdir. Beləliklə, bu müsabiqədə dəstəklənmiş 265 layihəyə ümumilikdə 1 milyon 656 min 700 manat ayrılmışdır.
Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarında yerləşdirilmişdir. Müsabiqə qalibləri aprelin 15-dən gec olmayaraq Şuranın Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri martın 28-i saat 15:00-dək Şuranın Katibliyində qəbul edilir.
Tədbirdə, həmçinin Şura üzvlüyünə keçirilmiş yeni seçkilərin yekunları da müzakirə olunmuşdur. Bildirilmişdir ki, seçkilər obyektiv, demokratik və şəffaf keçirilmiş, vətəndaş cəmiyyəti layiqli namizədlərə səs vermişdir.
İclasda Şuranın fəaliyyətinin bir sıra digər sahələri ilə bağlı məsələlərə aid qərarlar da qəbul edilmişdir.
Bundan əlavə, QHT-lərin
fəaliyyəti ilə bağlı bir çox məsələlər müzakirə
olunmuş, müvafiq
tövsiyə və tapşırıqlar verilmişdir.
Azərbaycan.- 2012.- 16 mart.- S. 5.