Prezident İlham Əliyevin
uğurlu xarici siyasəti nəticəsində artıq
dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul
edir
Müsahibimiz Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli HƏSƏNOVDUR
- Əli müəllim, martın 5-dən 7-dək Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsü və Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının təşkilatçılığı ilə Brüsseldə "İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - hüquqi və humanitar aspektlər)" mövzusunda aparılan müzakirələrdə Sizin rəhbərliyinizlə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Müzakirələr, ümumiyyətlə isə, səfər necə keçdi? Bu barədə oxucularımıza məlumat verərdiniz.
- Əvvəla qeyd edim ki, Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupu Belçika parlamentarilərini mütəmadi olaraq Azərbaycana səfərlərə dəvət edir. Bu təşəbbüslə son altı ayda digər Avropa ölkələrinin parlament deputat qrupları da Bakıda səfərdə olublar. Belçika parlamentində "İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - hüquqi və humanitar aspektlər)" mövzusunda müzakirələrin təşkil olunmasında Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun sədri deputat Elxan Süleymanovun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Avropalı parlamentarilərin səfər çərçivəsində Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərlə yaxından tanış olmaq imkanı yaranır. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, soydaşlarımızın öz doğma yurdlarından didərgin düşmələri barədə qonaqlar daha geniş məlumatlandırılır. Ötən müddətdə Bakıda səfərdə olan avropalı parlamentarilərlə şəxsən mən özüm də bir sıra görüşlər keçirmişəm.
Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın dəvətinə əsasən, mənim rəhbərliyim altında martın 5-dən 7-dək Azərbaycan nümayəndə heyəti Brüsseldə səfərdə olmuşdur. Bu çox vacib bir səfər idi. Məlumdur ki, Belçika parlamenti uydurma erməni soyqırımını qəbul edib. Digər bir tərəfdən də bəllidir ki, Belçikada güclü erməni lobbisi var. Bu baxımdan Belçika parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı dinləmələrin keçirilməsi zəruri idi. Belçikanın qanunverici orqanında ölkəmiz haqqında, eləcə də münaqişənin başvermə səbəbləri və nəticələri barədə adıçəkilən ölkənin parlamentarilərinə məlumat vermək vacib idi. Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar səfərin səmərəli keçməsi üçün böyük səylər göstərmiş, ciddi hazırlıq işləri həyata keçirmişdi.
Səfər çərçivəsində Belçika Krallığı Senatının prezidenti xanım Sabin de Betün ilə görüşdük. Sabin de Betün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirdi, 2007-ci ildə Belçikanın Cənubi Qafqaz ölkələri içərisində məhz Azərbaycanda səfirliyini açmasının bu ölkəyə verilən önəmə bariz nümunə olduğunu vurğuladı. O əlavə etdi ki, Belçika parlamentində nəzərdə tutulan dinləmələr də belçikalı parlamentarilərin Azərbaycan ilə əlaqələrə, həmçinin onun yaşadığı problemlərə necə önəm verdiyini göstərir.
Söhbət əsnasında Avropada demokratiyanın mərkəzi, söz və fikir azadlığının beşiyi olan bir şəhərdə səfərdə olmağımızdan məmnunluq duyduğumuzu, ölkələrimiz arasında həm qarşılıqlı, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət əməkdaşlığın mövcudluğunu bildirdim. Qeyd etdim ki, Azərbaycan Prezidenti İlham Əliyev üç strateji hədəfi - neftdən asılılığı minimuma endirməyi, ölkədə yoxsulluğa son qoymağı və Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını müəyyən etmişdir. Bu məqsədlərə nail olmaq üçün ölkədə sosial-iqtisadi islahatlar həyata keçirilir, regionların inkişafı, yeni iş yerlərinin açılması üçün dövlət proqramları icra olunur. Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazandığını qeyd etdim və ölkənin daha güclü inkişafı yolunda ən böyük problem olan - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırdım. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün görülmüş tədbirlər və onların ehtiyaclarını əks etdirən kitabça, həmin münaqişə və məcburi köçkünlərin sosial və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülmüş işlərə dair hazırlanmış "Vətən həsrəti: sönməyən ümidlər" sənədli filmini, Xocalı soyqırımına həsr olunmuş "Xocalı: XX əsrin soyqırımı" kitabını Belçika Senatının prezidentinə hədiyyə etdik. Xanım Sabin de Betün Azərbaycana rəsmi səfərə dəvət olundu.
Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Blanşar qeyd etdi ki, rəhbərlik etdiyi qrupla Azərbaycana etdiyi səfərlər zamanı ölkədə dini tolerantlığın, müxtəlif xalqların nümayəndələrinin dinc birgəyaşayışının şahidi olmuşdur. Azərbaycanın böyük qaçqın və məcburi köçkün problemini yaşadığını bildirən F.Blanşar bu münaqişədən nəinki Dağlıq Qarabağ regionunda yaşayan, eləcə də Ermənistandakı əhalinin də ciddi əziyyət çəkdiyini, ermənilərin özlərini bu münaqişənin girovuna çevirdiyini dedi. O, beynəlxalq təşkilatlar səviyyəsində münaqişənin həlli üçün ciddi uğurlar əldə olunmadığını nəzərə alaraq, Belçika deputatlarının bu məsələni öz parlamentlərində müzakirəyə çıxarmaq və əldə olunmuş qərarlar sayəsində münaqişənin dinc yolla həllinə töhfə vermək niyyətində olduqlarını diqqətə çatdırdı.
Belçika parlamentində dinləmələrdən öncə bəzi deputatlarla fikir mübadiləsi apardıq. Məlumat üçün bildirim ki, Belçika parlamentində 71 millət vəkili təmsil olunur. Onlardan təxminən 30-a yaxın parlamentari ilə vaxtaşırı Azərbaycanda görüşmüşdük və bu millət vəkilləri bizi yaxından tanıyırdılar. Ancaq onlarda belə bir narahatlıq var idi ki, ola bilər deputatların heç də hamısı dinləmələrdə iştirak etməsin. İclas başlayanda isə tamamilə fərqli mənzərənin şahidi olduq. Bütün zal dolmuşdu, hətta ayaq üstə dayananlar da var idi. Hesab edirəm ki, bu mənzərə Prezident İlham Əliyevin son 9 ildə uğurla davam etdirdiyi xarici siyasət nəticəsində dünya dövlətlərinin Azərbaycana olan marağının gündən-günə artmasını göstərən növbəti fakt idi. Artıq inkarolunmaz həqiqətdir ki, ölkə başçısının Azərbaycanın qüdrətli dövlət, xalqımızın isə bacarıqlı millət kimi dünyaya tanıdılması istiqamətində apardığı işlər öz nəticələrini verməkdədir.
Tədbiri Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açdı, iştirakçıları müzakirələrdə fəal olmağa çağırdı. Sonra "Euronyus" kanalının 2011-ci ildə "Dağlıq Qarabağ: qaçqınları ziyarət" adlı videoreportajı nümayiş etdirildi.
Daha sonra mən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar tərəfləri" mövzusunda çıxış etdim. Bildirdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından yaranaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq vətəndaşımızın öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Münaqişə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində ziyan vurmuşdur. Milyonlarla insanın faciəsinə səbəb olmuş münaqişə kökündə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddialarının dayandığı tarixi bir prosesin müasir mərhələsidir. Belə ki, mühüm əhəmiyyətə malik Cənubi Qafqaz regionunda maraqları olan güc mərkəzlərinin geosiyasi oyunları üçün onlara ayrılan rolu "məharətlə oynayan" erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq xülyası bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur.
Əsrlər boyu erməni xalqının gənc nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni "alim"lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara və türklərə qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda və Şərqi Anadoluda baş verən hadisələr təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş və məzlum" erməni xalqı obrazı yaradılmışdır.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində müasir İran və Türkiyə ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmişdir.
Parlamentarilərin diqqətinə çatdırdım ki, rus çarının xüsusi himayəsi altında ermənilər az zaman içərisində yerli azərbaycanlıları silah və zor gücünə sıxışdırmağa başlamış, nəticədə yerli əhalinin bir hissəsi İran və Türkiyə ərazisinə, bir hissəsi isə Azərbaycanın mərkəzi ərazilərinə köçməyə məcbur olmuşdur ki, bunun da nəticəsində XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişmişdir. Bu siyasət bölgənin Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra da davam etdirilmişdir. Belə ki, müxtəlif illərdə sovet hakimiyyəti orqanlarının qərarları ilə Azərbaycan SSR-in əraziləri hesabına Ermənistan ərazisi genişləndirilmiş, Ermənistanda tarixən məskunlaşmış azərbaycanlı əhalinin müxtəlif bəhanələrlə kütləvi şəkildə köçürülməsi davam etdirilmişdir. Bu xüsusda baş vermiş ən mühüm hadisələrdən biri isə 1923-cü ildə ermənilərin mənafeyinə uyğun olaraq Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması olmuşdur. Muxtar vilayətdə erməni mənşəli əhalinin üstünlük təşkil etməsinə xüsusi əhəmiyyət verilərək onun inzibati sərhədləri tərtib edilmişdir. Sovet hakimiyyət orqanları Qarabağ ərazisində yaşayan ermənilərə muxtariyyət statusu versə də, Ermənistan SSR-in ərazisində öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara eyni yanaşma tətbiq edilməmiş, əksinə, onlar öz yaşayış yerlərindən deportasiya edilmişlər. Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsi isə SSRİ-nin süqutu kontekstində 80-ci illərin sonlarından başlamışdır.
Tarixə bir daha ekskurs edərək qeyd etdim ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatları vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı Azərbaycan, Ermənistan, eləcə də SSRİ-nin Xalq Deputatları Sovetinə müraciət etdilər. Azərbaycan SSR-in, eləcə də SSRİ-nin o vaxt qüvvədə olan konstitusiyalarına zidd olan bu müraciət SSRİ Ali Soveti tərəfindən rədd edilsə də, erməni millətçiləri bölgəni Azərbaycandan qoparmaq niyyətlərindən əl çəkməyərək Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, terror aktları təşkil etməklə onları öz yaşayış yerlərindən qovmağa və bununla da Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi üçün zəmin hazırlamağa başladılar. 1991-ci ildə SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləşmələrinin Dağlıq Qarabağ ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri indiki Ermənistan prezidenti Serj Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara və Axısxa türklərinə qarşı soyqırımı cinayətini həyata keçirdilər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyildir.
Bütövlükdə 1991-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisi işğal edilib. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkünə çevrilib, 20 min nəfər şəhid, 50 min nəfər əlil olub, 200 min nəfər müxtəlif bədən xəsarəti alıb,
4 853 nəfər isə itkin və girov düşüb.
Diqqətə çatdırdım ki, münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən böyük humanitar fəlakətə səbəb olmuşdur. Öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər ağır və dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Beləliklə, yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır. Əlavə etdim ki, Azərbaycan hökuməti əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.
Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il "Qaçqınların statusu haqqında" Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə əlaqədar beynəlxalq normalara tam uyğun hüquqi baza yaradılmışdır.
Ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası zaman-zaman bu sahəyə ayrılan vəsaitin həcmini artırmağa imkan yaratdı. Dövlət Neft Fondunun ilkin vəsaiti də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır.
Ölkədə mövcud olmuş 12 çadır düşərgəsindən sonuncu 2007-ci ilin dekabrında ləğv edildi, həmçinin ötən dövrdə 6 fin tipli qəsəbədə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürüldülər. Ümumiyyətlə, ötən dövrdə 22 min ailə, 110 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkün üçün bütün sosial-texniki infrastruktura malik 70 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Qeyd etdim ki, 2011-ci ildə həmin məsələ ilə bağlı 500 milyon ABŞ dolları həcmində vəsait xərclənmiş, bir nəfər məcburi köçkünə düşən vəsaitin həcmi təxminən 894 ABŞ dolları təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Azərbaycan hökuməti bu gün məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatları üçün tədbirlər görür.
Lakin bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təmini baxımından kifayət deyildir. Beynəlxalq hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulmuşdur.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası, NATO PA, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir.
Lakin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. Təəssüflər olsun ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs müntəzəm olaraq pozulur ki, bundan da ən çox ziyan çəkən tərəf məhz Azərbaycandır. Belə ki, Ermənistandan fərqli olaraq, təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində dinc əhali məskunlaşmışdır. Atəşkəsin müntəzəm şəkildə pozulması nəticəsində dinc əhali arasında itkilər, yaralanmalar baş verir. Ermənistanın təhrikedici addımları nəticəsində təmas xəttinə bitişik ərazidə məskunlaşan əhalinin təsərrüfat fəaliyyətinə ciddi maneələr yaranır.
Ermənistan işğalı davam etdirmək, qanunsuz güc tətbiqi nəticəsində yaranmış qəbuledilməz vəziyyəti möhkəmləndirmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinin demoqrafik, sosial, inzibati strukturunu dəyişdirir. Beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Ermənistan, eləcə də başqa ölkələrdə, o cümlədən bir sıra Yaxın Şərq ölkələrindən olan milliyyətcə erməni mülki əhali bu ərazilərə yerləşdirilir. Tərkibində BMT QAK-ın nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk qrupu həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında işğal altında olan Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür halların bir daha şahidi olmuş, status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir.
Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə əfqan narkotiklərinin MDB və Avropa ölkələrinə əlverişli tranzit marşrutuna çevrilir. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə monitorinq aparılması barədə müraciət etmişik.
Parlamentarilərə onu da bildirdim ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda region və bütövlükdə beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir. Lakin ATƏT-in Minsk qrupunun himayəsi altında 20 ildən artıqdır davam edən danışıqlar Ermənistanın destruktiv mövqeyi səbəbindən heç bir nəticə verməmişdir.
Azərbaycan dövlətinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini bir daha diqqətə çatdırdım. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgəyaşayışına zəmanət verən özünüidarə formasında ola bilər. Qeyd etdim ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq. Buna baxmayaraq, Ermənistan tərəfi hər vasitə ilə bölgənin azərbaycanlı əhalisinin öz doğma yaşayış yerlərinə qayıtmasına mane olur və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına dair Azərbaycanın dəfələrlə irəli sürdüyü təkliflərin həyata keçirilməsinə imkan vermir. Bu məqsədlə beynəlxalq hüququn norma və prinsiplərinə, münaqişə üzrə qəbul edilmiş qərarlara zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla bundan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Bu, Ermənistan tərəfindən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktının tələblərinə zidd olaraq Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin davam etməsi deməkdir.
Sonda bir daha bildirdim ki, 20 il ərzində davam edən danışıqların nəticə verməməsinə baxmayaraq, biz ümid edirik ki, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi nəticəsində yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcək, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti bərqərar olacaq.
- Əli müəllim, bəs müzakirələr necə keçdi?
- Müzakirələr olduqca səmərəli
və maraqlı keçdi. Öncə Avropa İntellektual və
Təhlükəsizlik Strategiyası Mərkəzinin direktoru
Klod Monike, "Sərhədsiz vəkillər" təşkilatının
təsisiçisi və rəhbəri Pyer Leqro da
çıxış edərək məsələyə
münasibət bildirdilər. Klod Monike bildirdi ki, ötən
əsrin 90-cı illərində alovlanan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində terror elementləri
kifayət qədərdir. Həmin elementlərdən
yalnız birini nümunə göstərən K.Monike qeyd etdi
ki, Fransada terrorçu kimi axtarışda olan Monte Melkonyan
müharibədə erməni silahlılarının əsas
simalarından olmuş, bu gün Ermənistanda milli qəhrəman
kimi sevilməkdədir. O, üzünü
Belçika parlamentarilərinə tutaraq soruşdu: "1988-1991-ci
illərdə hələ SSRİ mövcud olduğuna görə
münaqişəni bu dövlətin daxili işi hesab edən
Avropa ölkələri həmin dövrdə hərəkətsiz
qaldıqları halda nəyə görə 1991-ci ildən
sonra bu istiqamətdə tutarlı addımlar
atmamışlar? BMT-nin Təhlükəsizlik Şurası tərəfindən
münaqişə ilə bağlı ən sonuncusu 2008-ci ildə
olmaqla beş qətnamənin qəbul edilməsi Ermənistanın
konstruktiv addımlar atmağa sövq edilməsi
üçün yetərli deyilmi? Nəyə görə
Avropanın qonşuluğunda yerləşən bu
münaqişənin həlli yollarının
axtarılmasında 27 üzv dövləti özündə
birləşdirən Avropa İttifaqı deyil, yalnız bir
Avropa dövləti iştirak edir? Avropa təsisatları Tibet,
Fələstin, Somali və s. haqqında mütəmadi şəkildə
müzakirələr aparıb sənədlər qəbul
etdiyi halda öz qonşu regionunda yerləşən Azərbaycanın
probleminə niyə diqqətini yönəltmir?"
K.Monike
münaqişənin həlli ilə bağlı Avropanın fəaliyyətinin
gücləndirilməsinin və Belçika parlamentində
aparılan dinləmənin məntiqi ardıcıllıqla digər
Avropa ölkələrinə də keçməsinin
vacibliyini vurğuladı.
"Sərhədsiz vəkillər" təşkilatının rəhbəri Pyer Leqro isə çıxışında münaqişənin nizamlanmasına beynəlxalq qeyri-hökumət təşkilatlarının verə biləcəyi töhfədən bəhs edərək beynəlxalq hüququn münaqişəyə tətbiq olunan prinsipləri barədə danışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dünyəvi və hüquqi dövlətin qurulduğunu, onun davamçısı Prezident İlham Əliyev tərəfindən həmin dayaqlar üzərində ölkənin uğurla inkişaf etdiyini diqqətə çatdıran natiq Azərbaycanın Avropaya inteqrasiya kursu seçdiyini, öz hüquqi və qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırdığını bildirdi. Avropaya bu qədər yaxınlaşan bir ölkənin yaşadığı problemlərə avropalıların biganə qalmamalı olduğunu söyləyən P.Leqro parlament təmsilçilərini belə bir sual ətrafında düşünməyə çağırdı: "BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə riayət etməyən, Azərbaycanın ərazi bütövlüyünü pozan, onun 20 faiz ərazisini işğal edərək bir milyondan artıq dinc əhalini qaçqın və məcburi köçkünə çevirən Ermənistandan nəyə görə münaqişə ilə bağlı status-kvonu dəyişmək üçün hərəkətə keçməsi xahiş olunmalıdır?! Axı Ermənistanın Azərbaycana qarşı törətdiklərini yalnız cinayət kimi xarakterizə etmək olar!"
ATƏT-in Minsk qrupunun uzun müddətdən bəri münaqişənin həlli sahəsində fəaliyyətinin optimist olmağa əsas vermədiyini qeyd edən natiq Azərbaycana "Sərhədsiz vəkillər" təşkilatının əməkdaşlarından ibarət missiya göndərilməsini, münaqişə ilə bağlı faktların toplanmasını və Avropa ictimaiyyətini məlumatlandırmaq üçün müvafiq işin aparılmasını təklif etdi. O qeyd etdi ki, parlamentarilər dondurulmuş münaqişələrin unudulmuş münaqişələrə çevrilməməsi üçün konkret addımlar atmalı, Avropada haqq-ədalətin gec də olsa öz yerini tapmasına çalışmalıdırlar.
Milli Məclisin deputatı Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun üzvləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Zahid Oruc, Azər Kərimli, Ceyhun Osmanlı, eləcə də beynəlxalq hüquq üzrə doktor Fuad Süleymanov və tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı debatlarda iştirak edərək Azərbaycanın mövqeyini diqqətə çatdırdılar. Milli Məclisin deputatları Qüdrət Həsənquliyev və Fərəc Quliyevin çıxışları parlamentarilərdə maraq doğurdu. Müzakirələrdə həmçinin Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov, NATO yanında daimi nümayəndə Xəzər İbrahim də iştirak etmişlər. Belçikalı deputatlardan Alan Desteks, Dalmani və Dükarm mövzu ilə əlaqədar fikirlərini bildirərək suallar verdilər. Çıxışlardan sonra mən parlamentarilər və ekspertləri maraqlandıran sualları cavablandırdım.
İclas zalında belçikalı parlamentarilərə "Vətən həsrəti... Sönməyən ümidlər" sənədli filmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba torpaqlarından qovulan qaçqınlar, məcburi köçkünlər, həmçinin "qaçqın" statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər və mövcud problemlər haqqında məlumat kitabçası, "Xocalı: XX əsrin soyqırımı" kitabı və digər materiallar təqdim edildi.
Dinləmələrin sonunda Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi David Gerdt elan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qrup tərəfindən hazırlanmış qətnamə layihəsi gələn həftə Nümayəndələr Palatasına təqdim olunacaqdır.
- Səfər çərçivəsində "Röyters" agentliyinin və İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbirlərinə geniş müsahibə vermisiniz. Müsahibələrdə əsas diqqət nəyə yönəlmişdi? Adıçəkilən KİV təmsilçilərini Azərbaycanla bağlı əsasən hansı məsələlər maraqlandırırdı?
- Müsahibələrdə əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı, ölkədəki qaçqın və məcburi köçkün məsələlərinə yönəltmişdim. Əvvəla qeyd etdim ki, Azərbaycan 20 il bundan əvvəl dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, ötən qısa müddət ərzində ölkə yerləşdiyi regionda lider dövlətə çevrilmiş, sürətli iqtisadi inkişaf tempi və ümumi daxili məhsulun artım səviyyəsinə görə dünyada layiqli yerini tutmuşdur. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider mövqeyə yüksəlmiş, regional və beynəlxalq layihələrdə aparıcı rol oynamağa başlamışdır. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini təşkilatın 155 üzv ölkəsinin dəstəkləməsi, MDB ölkələrindən yalnız respublikamızın "Böyük 20"-lərin Meksikada keçirilmiş toplantısına dəvət olunması bunun əyani təsdiqidir. KİV təmsilçilərinin diqqətinə çatdırdım ki, bütün bu uğurlara rəğmən Azərbaycanın ən ağır problemi hələ də həll olunmamış qalmaqdadır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, bir milyon Azərbaycan vətəndaşı daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Münaqişə zamanı XX əsrin ən ağır cinayəti - Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədilmişdir. Ümumilikdə bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 60 milyard ABŞ dolları dəyərində ziyan vurmuşdur.
Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qəbul etdiyi qətnamələrə, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların verdiyi qərarlara Ermənistan etinasız münasibət göstərir, işğal olunmuş əraziləri boşaltmır. Bundan başqa, Cenevrə Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisini məskunlaşdırmaq siyasəti yürüdür.
Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün probleminə diqqəti yönəltdim və bildirdim ki, 20 ildən bəri öz torpaqlarından didərgin düşmüş insanların ən sadə hüquqlarının - öz dədə-baba yurdlarına qayıtmasının təmin olunması son dərəcə vacibdir. Qeyd etdim ki, demokratiyanın beşiyi sayılan Avropada yerli təsisatlar qaçqınların hüquqlarının bərpa olunmasında ədalətli və prinsipial mövqe nümayiş etdirməli, işğalçı Ermənistana beynəlxalq təzyiq göstərilməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı və Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpasına nail olmağa çalışmalıdır.
- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlər öz nəticələrini verməkdədir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına yanaşmada dünya dövlətlərinin mövqelərində əvvəlki dövrlərlə müqayisədə nə kimi dəyişikliklər müşahidə edilir?
- Azərbaycan Prezidenti İlham Əliyevin son 9 ildə apardığı uğurlu xarici siyasət kursu öz nəticələrini göstərməkdədir. Azərbaycanın dünyaya tanıdılması istiqamətində atılan addımlar öz səmərəli töhfələrini verir. Ölkə başçısının nüfuzlu beynəlxalq qurumlara, dövlətlərə səfərləri, eləcə də Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər ölkəmizi dünyada tanıdır. Azərbaycan bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanın qüdrəti artdıqca işğalçı Ermənistan zəifləməyə başlayır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, dünyada erməni lobbisi, diasporu hələ də güclüdür. Ermənistanın ölkəmizə qarşı apardığı ideoloji müharibənin qarşısında Azərbaycanı dünyaya tanıtmaq istiqamətində hər kəs də öz imkanlarından istifadə etməlidir. Azərbaycan reallığını dünya ölkələri bilsinlər və davamlı inkişafımız barədə məlumatlı olsunlar.
Nüfuzlu beynəlxalq qurumlar, ölkələr Ermənistanın işğalçı dövlət oldğunu qəbul etsələr də, konkret addımlar atılmır. Ola bilər ki, Azərbaycanın probleminin olması kimlərəsə sərf edir. Bu mənim şəxsi qənaətimdir. Ancaq biz bütün imkanlardan istifadə edib təcavüzkar dövlətin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqda davam etməliyik.
Hesab edirəm ki, Azərbaycan parlamentində fəaliyyət göstərən dostluq qruplarının köməyilə ölkə həqiqətlərini dünyaya çatdırmaq üçün daha geniş fəaliyyət göstərilməlidir. Bu baxımdan Milli Məclisin deputatı Elxan Süleymanovun işi nümunədir.
- Bir tərəfdə günü-gündən
güclənən Azərbaycan, digər tərəfdə isə
zəifləyən, yoxsullaşan Ermənistan
reallığı göz önündədir. Amma buna
baxmayaraq, Ermənistan hələ də sülh
danışıqlarında qeyri-konstruktiv mövqe
nümayiş etdirir. Sizcə, status-kvonun başqa vasitələrlə
dəyişdirilməsi vaxtı deyilmi?
- Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, status-kvo mütləq dəyişdirilməlidir! Status-kvonun saxlanılması ölkəmizin maraqlarına uyğun deyil! Təbii ki, Ermənistan tərəfi cidd-cəhdlə status-kvonun saxlanılmasını istəyir. Səbəbi isə çox aydındır. Belə ki, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz olarq erməni əhalisini köçürür, nəzarətsiz qalan ərazilərdə narkotik vasitələrin becərilməsini həyata keçirir, bütün varidatımız darmadağın edilir. Meşələrimiz qırılır, atom elektrik stansiyasının radioaktiv tullantıları bizim torpaqlarda basdırılır. Bu əraziləri beynəlxalq narkotik tranzitinə çeviriblər. Narkotik vasitələr bu nəzarətsiz ərazidən Avropaya daşınır. Ən təhlükəlisi isə odur ki, burada erməni terror qrupları hazırlanır. Ona görə də Ermənistan tərəfi konstruktiv mövqeyə gəlmir, status-kvonun saxlanmasına tərəfdardır.
Ölkə başçısı bildirib ki, Azərbaycan tərəfi münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır. Ancaq danışıqlar nəticə verməzsə, Azərbaycan tərəfi digər vasitələrlə torpaqlarını işğaldan azad etmək hüququnu da özündə saxlayır.
- Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin, məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu işlərin davamı kimi yaxın perspektivdə nə kimi tədbirlər nəzərdə tutulur?
- Azərbaycan Prezidenti ötən il dekabrın 24-də Ağcabədidə laçınlı məcburi köçkünlərlə görüşərkən bəyan etdi ki, 2012-ci ildə məcburi köçkünlər üçün tikiləcək obyektlərin həcmi iki dəfə artacaq. 2012-ci ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-2,2 dəfə əlavə vəsait ayrılıb. Bu il biz 9 rayonda tikinti işləri həyata keçirəcəyik və 12 minə yaxın məcburi köçkün yeni inşa olunacaq mənzillərə köçürüləcəklər. Tikinti işləri Mingəçevirdə, Şəkidə, Abşeronda həyata keçirilir. Qəbələdə iki beşmərtəbə və 150 mənzildən ibarət bina tikiləcək. Bərdədə 195 mənzilli fərdi evlər tikiləcək, yeni qəsəbə salınacaq. İmişlidə 350 evdən ibarət qəsəbənin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, Füzulidə də tikinti işləri aparılacaq. Məqsəd Bakı şəhərində mövcud olan yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsidir. Bu məqsədlə Abşeron rayonunun Qobu ərazisində çox böyük şəhərcik salınacaq. Qaçqın və məcburi köçkünlərin sosial problemi, demək olar ki, yoxdur. Bu kateqoriyadan olan vətəndaşlarımız dövlətin təminatındadır. Yeganə problem torpaqlarımızın işğaldan tezliklə azad olunmasıdır. Mən əminəm ki, ölkə Prezidenti tərəfindən uğurla aparılan xarici siyasət öz uğurlu nəticələrini verəcək və soydaşlarımız tezliklə öz doğma yurdlarına qayıdacaqlar.
Elnur HACIALIYEV
Azərbaycan.-
2012.- 16 mart.- S. 5; 6.