“Milli təhlükəsizliyin
təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir
Martın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü ərəfəsində "Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş və büstü önünə gül dəstələri düzmüşlər. Sonra bu təhsil ocağını bitirmiş, Vətənin müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə həsr olunmuş guşəyə baxılmış, onların da xatirəsi yad edilmişdir.
Mərasim təhsil ocağının akt zalında davam etdirilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən bəhs edən videosüjet nümayiş olunmuşdur.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının, Milli Məclisin deputatlarının, İdman və Gənclər Nazirliyinin nümayəndələrinin, alim, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbiri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova açmışdır. Rektor MTN-in keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini vurğulamışdır. Gülçöhrə Məmmədova bu günlərdə milli təhlükəsizlik orqanlarının Azərbaycana qarşı hazırlanan təxribatların qarşısını vaxtında alması barədə məlumatları öyrəndiklərini qeyd edərək bildirmişdir ki, ölkəmiz nə qədər inkişaf edəcəksə, onun uğurlarını gözü götürməyənlər, uğurlara kölgə salmaq istəyənlər, təxribat törətmək istəyənlər də olacaq. Amma əsas odur ki, bizim milli təhlükəsizlik orqanları bu cür halların qarşısını vaxtında alır. Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında MTN-in mühüm rolunu qeyd edən rektor qarşıdan gələn peşə bayramı münasibətilə qurumun rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, yaradılmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, kəşməkəşli və eyni zamanda, şərəfli tarixi yol keçmişdir.
Ümummilli lider Heydər Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışdığını və bu quruma rəhbərlik etdiyini xüsusi vurğulayan nazir müavini ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında və inkişafındakı rolu barədə danışmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndərin diqqət və qayğısı sayəsində Milli Təhlükəsizlik Nazirliyində işin yenidən qurulduğunu, qurumun fəaliyyətinin təkmilləşdiyini qeyd edən Ə.Şəfiyev demişdir ki, ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında, milli maraqların qorunmasında qeyd edilən dövrdən başlayaraq təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərir.
Nazir müavini milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan ətraflı danışmışdır. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, milli təhlükəsizlik
orqanlarının fəaliyyətinin prioritet
istiqamətlərindən biri Azərbaycanın
ərazi bütövlüyünün bərpası
istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün
əlverişli şəraitin yaradılmasıdır.
İşğalçı Ermənistan tərəfindən
dövlət səviyyəsində dəstəklənən
terrorçuluq və təcavüzkar
separatçılıqla mübarizənin səmərəsinin
artırılması istiqamətində də ardıcıl tədbirlər
görülmüşdür.
Ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə də uğurlu əməliyyatlar həyata keçirilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstələr və ayrı-ayrı şəxslər yaxalanmış, 600 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, 36 cinayət işi başlanmış, 129 nəfər məsuliyyətə cəlb olunmuşdur. Rusiya Federasiyası və Ukraynadan olan tərəfdaşlarla birgə keçirilmiş əməliyyatlar nəticəsində 7 beynəlxalq cinayətkar dəstə və ayrı-ayrılıqda 25 nəfər zərərsizləşdirilmiş, onlardan 353 kiloqram narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Milli təhlükəsizlik orqanlarının fəaliyyətində önəm verdiyi məsələlərdən biri son illər şəxsi heyətdə gənc kadrların xüsusi çəkisinin artması tendensiyasıdır. Gənclərin milli təhlükəsizliyin təmin olunmasında getdikcə daha mühüm rol oynayacağı nəzərə alınaraq, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında fəaliyyət istiqamətlərinə uyğun yeni ixtisas kursları açılır və əvvəlki qəbul yerləri artırılır. Müasir dünyagörüşlü, texnoloji və xarici dil biliklərinə malik yüksək ixtisaslı gənclərin dövlət orqanlarında işə qəbulu etibarlı gələcəyimizə ən yaxşı qarantdır.
MTN-in beynəlxalq əlaqələri barədə məlumat verən Ə.Şəfiyev demişdir ki, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır. Hazırda 50-dən çox ölkənin təhlükəsizlik orqanları ilə dinamik və bərabərhüquqlu əməkdaşlıq münasibətlərinə malik olan MTN Azərbaycan Respublikasının beynəlxalq sülh və təhlükəsizliyin təmini üzrə fəaliyyətinə mühüm töhfə verir.
Milli maraqların və mənafelərin qorunması naminə qazanılan nailiyyətlərdən bəhs edən nazir müavini milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının Vətənə, dövlətçiliyimizə ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrini dərhal yerinə yetirəcəklərinə əminliyini vurğulamışdır. Ə.Şəfiyev bu ali təhsil ocağında elmin dərinliklərini mənimsəyən tələbələrə daim xalqımızın mənafelərinin qorunması və dövlətimizin qüdrətlənməsi naminə əsl mütəxəssis kimi yetişmələri, onların Vətənə və cəmiyyətimizə layiqli vətəndaş kimi formalaşmaları üçün tədrisdə daha əzmli olmalarını arzulamışdır.
Tədbirdə çıxış edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, deputat Aydın Mirzəzadə təhlükəsizlik orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdırmışdır. Azərbaycanın dünya siyasətində artan rolundan danışaraq demişdir ki, ölkəmizin iqtisadi inkişafı onun beynəlxalq siyasətdəki çəkisini də artırmışdır. Ötən il ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi buna bariz nümunədir. Bu gün bir çox dövlətlər Azərbaycanla müttəfiq olmağa səy göstərirlər. Ölkə Prezidentinin həyata keçirdiyi geniş quruculuq işləri xalqımızın firavanlığını təmin etmişdir. Təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Aydın Mirzəzadə ölkə başçısının rəhbərliyi ilə bu sahədə görülən işlərin nəticəsi kimi Azərbaycanın bu gün dünyada ən sabit ölkələrdən olduğunu diqqətə çatdırmışdır.
Daha sonra universitetin tələbələri xüsusi xidmət orqanlarının fəaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini bildirmişlər. Çıxış edənlər xalqımızın maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini vurğulamışlar.
Tədbirin sonunda MTN-in fəaliyyətinə həsr olunmuş sənədli film
nümayiş etdirilmişdir.
Azərbaycan.- 2012.- 16 mart.- S. 7.