Elektron hökumət quruculuğunda növbəti addım

 

 Yaxın zamanda əmlak şəhadətnamələri internet vasitəsilə veriləcək

 

 Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına, eləcə də "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsinə başlayır.

Dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin təqdimatı keçirilmişdir. Öncə qeyd edək ki, bu sistemin yaradılması və tətbiqi üzrə NETCAD və "Saybernet" şirkətləri ilə müvafiq müqavilə imzalanmışdır. Artıq yaxın zamanlarda tətbiqinə başlanılacaq Elektron Qeydiyyat İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə, fizikihüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsinə imkan verəcək ki, bu da qeydiyyat prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə yanaşı, şəffaflığı və etibarlığı artıracaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, Dünya Bankı və KfW bankın, NETCAD, "Saybernet", Koreya Respublikasının "SK C & C" Co.LTD, Sumqayıt kadastr layihəsi üzrə podratçı şirkətin, əmlak bazarında fəaliyyət göstərən QHT-lərin və özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi təqdimatda müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları, hüquqifiziki şəxslərə yeni sistemin mahiyyəti, prinsipiondan istifadə imkanları barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ƏMDK daşınmaz əmlak üzərində hüquqların elektron qeydiyyatına keçidlə bağlı müvafiq işlər görür. Artıq ƏMDK və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin internet saytlarında elektron xidmətlər bölməsi yaradılıb. Bu bölmələrdə elektron xidmətlərin göstərilməsi qaydaları, qeydiyyat üçün müraciət (ərizə) formaları və tələb olunan sənədlərin siyahısı, qeydiyyat üçün tələb edilən dövlət rüsumu və xidmət haqları, bir sözlə, elektron xidmətlərdən istifadə etmək üçün bütün gərəkli məlumatlar yerləşdirilib.

Məlumdur ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Elektron arxivin yaradılması, yəni qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində qeydiyyat prosesi zamanı  bu sənədlərin axtarılmasına vaxt itirilmir. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində operativliyi dəfələrlə artırmağa imkan verir.

Bununla əlaqədar ƏMDK tərəfindən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 190 mindən artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdəki mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib. Onu da qeyd edək ki, elektron xidmətlərə keçidlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin korporativ şəbəkəsi Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müasir avadanlıqlarla təchiz olunaraq yenidən qurulub. Həmçinin korporativ şəbəkənin yenidən qurulması və vahid mərkəzdən idarə olunması nəticəsində komitənin daşınmaz əmlakın qeydiyyatını həyata keçirən 18 regional ofisinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib. Artıq fevral ayının 1-dən etibarən qurumun bütün yerli ofisləri bu bazadan istifadə etməklə fəaliyyət göstərir.

Təqdimatda o da bildirildi ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək ki, bunun da ilk mərhələsinə mart ayının 1-dən başlanıb. Yəni artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün vətəndaşlardan müraciətlər elektron qaydada qəbul olunur. Fizikihüquqi şəxslər DƏDRX-in internet səhifəsindəki (http:emdkdedrx.gov.az) "Elektron xidmət" bölməsinə daxil olmaqla ərizələrin qəbulu üçün elektron müraciət edə bilərlər. Müraciətlərə komitənin yerli qeydiyyat ofislərində operativ qaydada baxılır və vətəndaşlara yerli ofislərə hansı tarixdə və hansı vaxtda müraciət etməsi barədə elektron bildiriş göndərilir.

May ayının 1-dən etibarən isə elektron xidmətlərin ikinci mərhələsi başlayacaq. Bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin elektronya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq. Başqa sözlə, elektron xidmətlərin ilk mərhələsində şəxslər əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edib, bunun üçün tələb olunan sənədləri DƏDRX-in yerli ofislərinə adi qaydada təqdim etməli idilərsə, bu  mərhələdə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada - internet vasitəsilə göndərilə biləcək. Bununla da hüquqifiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaqlar.

Tədbirdə bildirildi ki, yaradılacaq internet portalı fasiləsiz olaraq - həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaq. Müraciətlər portal vasitəsilə qeyri-iş günləri və ya günü başa çatdıqdan sonra daxil edildikdə həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədikləri zaman, istədikləri yerdən internet vasitəsilə öz müraciətlərini göndərə biləcəklər.

 

 

 Azərbaycan.- 2012.- 16 mart.- S. 7.