DİN-in əməkdaşları Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşlər

 

Bütün bayramlarda olduğu kimi, xalqımızın çoxəsrlik milli adət-ənənələrini özündə əks etdirən, ən əziz bayramlarımızdan olan Novruz ərəfəsində - martın 15-də respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-in əməkdaşları Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşlər.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlərdən, böyük quruculuq işlərindən danışmış, bu kateqoriyadan olan həmvətənlərimizin qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Əsgər Ələkbərov DİN-in rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından görüş iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını və səmimi duyğularını çatdırmışdır.

Belə görüşlərin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan polis general-leytenantı Ə.Ələkbərov son illər bütün sahələrdə həyata keçirilən köklü islahatlardan danışmışdır. Bildirilmişdir ki, cinayətkarlıqla qətiyyətli mübarizə aparılır, ölkəmizdə dönməz sabitlik, əmin-amanlıq yaradılmış, iqtisadi gücümüz və müdafiə qüdrətimiz durmadan yüksəlir. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü strategiya nəticəsində yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurd yerlərinə qayıdacaqları əminliklə qeyd olunmuşdur.

Görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlət başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini qeyd etmişlər. 

Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllü  topladıqları 63 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılmışdır.

Qalan 23 min manat isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilmişdir. 

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 7.