Azərbaycan Prezidenti İlham Əliyev Bakıelektrikşəbəkə ASC-nin Gənclik yarımstansiyasının, Tədris Mərkəzinin və İçərişəhər yarımstansiyasının açılış mərasimlərində iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da "Bakıelektrikşəbəkə" ASC-nin "Gənclik" yarımstansiyası, Tədris Mərkəzinin və "İçərişəhər" yarımstansiyasının açılış mərasimlərində iştirak etmişdir.

"Bakıelektrikşəbəkə" ASC-nin idarə heyətinin sədri Baba Rzayev yeni inşa olunan "Gənclik" yarımstansiyası ilə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt və ətraf qəsəbələrin dayanıqlı elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elektrik enerjisi sahəsində görülən işlərin nəticəsi olaraq artıq "Bakıelektrikşəbəkə"də dairəvi təchizat sxeminin tətbiqinə başlanıb. Dairəvi sxemin tətbiqi paylayıcı və ötürücü şəbəkənin etibarlılığı və dayanıqlığını artırmaqla yanaşı, operativliyi də təmin edir. Bu sistemin başlıca üstünlüklərindən biri də istənilən vaxtda istehlakçıları elektrik enerjisi ilə tam təmin etmək imkanlarına malik olmasıdır. Son bir neçə ildə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində "Bakıelektrikşəbəkə" dairəvi təchizat sxeminin formalaşdırılmasına nail olub.

Yaxınlıqdakı ərazidə yerləşən bir sıra obyektləri elektrik enerjisi ilə qidalandıracaq "Gənclik" yarımstansiyası  "Səngəçal"-"Xırdalan" sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı II dairəvi elektrik sxeminin tərkib hissəsidir.  Qeyd olundu ki, Gənclik meydanı və ətraf ərazilərdəki idarə və müəssisələrin enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə tikilən 35/10 kilovoltluq "Gənclik" yarımstansiyası paylayıcı şəbəkə üçün müstəsna əhəmiyyətə malikdir. Bu yarımstansiyaların şəbəkələrinin genişləndirilməsi obyektlərin fasiləsiz  və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Ərazidə yerləşən  idarə və müəssisələrin enerji mənbəyi olan "Gənclik" yarımstansiyası 215 və 96 saylı yarımstansiyalar arasında uzlaşaraq, 35 kilovoltluq elektrik əlaqəsinə malikdir ki, bu da qovşağın etibarlılığına və 35 kilovoltluq dairəvi sxemin yaradılmasına xidmət edir. Yarımstansiyanın ətrafında yenidənqurma, abadlıq və  yaşıllaşdırma işləri görülübdür.

Prezident İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısı mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektrik enerjisi sənayesinin inkişafındakı xidmətlərini əks etdirən fotolardan ibarət guşəyə baxdı. Sonra Prezident İlham Əliyev mərkəzin ikinci mərtəbəsində quraşdırılan  müxtəlif texniki avadanlıqla tanış oldu. Bu mərtəbədə 10/04 kilovoltluq iki yarımstansiya, rele mühafizəsi və avtomat elektrik avadanlığı və kabel xətlərinin sınaqları, dispetçer SCADA idarəetmə sistemi bölmələri, alternativ və bərpa olunan enerji mənbələri üzrə sinif otaqları və konfrans zalı yerləşir. Tədris Mərkəzinin dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edildiyi qeyd olundu. Tədris prosesində elektrik şəbəkəsinin idarə olunması avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriləcəkdir.  Dövlət başçısı 110 kilovoltluq eleqaz  açarının məsafədən idarə olunması prosesini həyata keçirdi.

Sonra  "Bakıelektrikşəbəkə" ASC tərəfindən yeni inşa olunan 110 və 35 kilovoltluq yarımstansiyaların slaydları nümayiş etdirildi. Bakı şəhərində ilk dəfə olaraq 110 kilovoltluq dairəvi elektrik sisteminin yaradıldığı bildirildi.

Mərkəzin tədris otaqları müasir əyani vəsaitlər, avadanlıq və kompyuter texnologiyası ilə tam təmin edilib. Burada istehlakçıların dünya standartlarına uyğun elektrik enerjisi ilə təmin etmək üçün tətbiq edilən  avadanlıqdan yüksək peşəkarlıqla istifadə etmək üçün şəbəkə işçilərinə müvafiq kurslar təşkil olunacağı bildirildi.

Kursların keçirilməsinə qabaqcıl ölkələrin mütəxəssisləri və  yerli kadrlar cəlb olunacaqdır. Tədris Mərkəzində şəbəkə işçiləri ilə yanaşı, ali məktəbi bitirən məzunlar da ixtisaslarını artıracaqlar. Kursları bitirənlərə xüsusi sertifikatlar veriləcəkdir.

"Bakıelektrikşəbəkə" ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev yüksək gərginlikli kabellərin diaqnostika və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnika laboratoriya kompleksi ilə də tanış oldu.

Sonra  dövlət başçısı "İçərişəhər" yarımstansiyasının açılışında iştirak etdi. Bu yarımstansiya barədə də Prezidentə məlumat verildi. Qeyd olundu ki, "İçərişəhər" yarımstansiyası "Müşfiq"-"Xırdalan" sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı I dairəvi elektrik sxeminin tərkib hissəsidir.  "İçərişəhər" yarımstansiyası "Siemens" şirkətinin  əməkdaşları tərəfindən  quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır.  "İçərişəhər" yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyasının ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı,  həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb  edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı  və dayanıqlı şəbəkə yaradılmışdır.

Yarımstansiyanın bütün elektrik avadanlığı, rele mühafizəsi və avtomat qurğuları  SCADA məsafədən idarə  etmə sisteminə qoşulmaqla  sadə, asanoperativ idarə olunur. Yarımstansiyada elektrik avadanlığı, materialların yanğından  və partlayışdan  mühafizəsi üçün  yanğın əleyhinə siqnalizasiya sistemi də quraşdırılmışdır.

Dövlət başçısı 40 meqavatlıq transformatoru işə saldı.   Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 1; 2.