Sosial xidmət
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. sosial xidmət - çətin həyat şəraitində
yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan
qaldırılması və ictimai
həyatda digər
insanlarla bərabər iştirak imkanlarının
yaradılması istiqamətində həyata keçirilən
kompleks tədbirlər;
1.0.2. çətin həyat şəraiti - şəxsin
(ailənin) sosial xidmətə götürülməsi
üçün əsas yaradan və həyat fəaliyyətini
obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra
bilmədiyi hal;
1.0.3. sosial xidmət göstərən subyektlər -
sosial xidmətə tələbatın müəyyənləşdirilməsi
və sosial xidmət göstərilməsi sahəsində fəaliyyət
göstərən dövlət hakimiyyəti orqanları,
hüquqi və fiziki şəxslər (sosial xidmət müəssisəsi,
sosial işçi, sosial xidmətçi);
1.0.4. sosial xidmət müəssisələri -
mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq əhaliyə sosial xidmət
göstərilməsi sahəsində fəaliyyəti həyata
keçirən hüquqi şəxslər;
1.0.5. sosial işçi - bu qanunla müəyyən
olunmuş qaydada sosial xidmətə olan tələbatı qiymətləndirən
və müəyyən edən, eləcə də sosial xidmət
göstərən şəxs;
1.0.6. sosial xidmətçi - sosial-məişət xidmətləri
göstərən şəxs;
1.0.7. sosial xidmətə götürülmüş
şəxs (ailə) - çətin həyat şəraiti ilə
əlaqədar sosial xidmət göstərilən şəxs
(ailə);
1.0.8. ahıl - yaşı 70-ə çatmış
şəxs;
1.0.9. sosial xidmətin göstərilməsi üzrə
standartlar - normativ hüquqi aktlarla sosial xidmət göstərilməsinin
keyfiyyətini və həcmini müəyyən edən şərtlər;
1.0.10. sosial yadırğama (dezadaptasiya) - şəxsin
(ailənin) sosial mühitə uyğunlaşma qabiliyyətinin
itirilməsi;
1.0.11. sosial məhrumiyyət (deprivasiya) - şəxsin
(ailənin) əsas həyati tələbatlarını
müstəqil şəkildə ödəmək
imkanlarının məhdudlaşması və (və ya) ondan
məhrum olması;
1.0.12. sosial mühit - şəxsin (ailənin)
yaşaması, formalaşması və fəaliyyət
göstərməsi üçün iqtisadi, sosial, siyasi və
mənəvi şərtlərin məcmusu.
Maddə 2. Sosial xidmət haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Sosial xidmət haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən və digər normativ
hüquqi aktlardan ibarətdir.
Maddə 3. Qanunun əhatə dairəsi
Bu qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan
Respublikası vətəndaşlarına, Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
şamil olunur.
Maddə 4. Sosial xidmətin məqsədi
Sosial xidmətin məqsədi vətəndaşların
həyat səviyyəsini ağırlaşdıran,
sosial-psixoloji vəziyyətini çətinləşdirən,
cəmiyyətdən təcrid olunmasına gətirib
çıxaran halların qarşısını almaqdan,
çətin həyat şəraitinin əmələ gəldiyi
hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin
göstərilməsini təmin etməkdən ibarətdir.
Maddə 5. Sosial xidmət sahəsində dövlət siyasətinin
əsas prinsipləri
5.0. Sosial
xidmət sahəsində dövlət siyasətinin əsas
prinsipləri aşağıdakılardır:
5.0.1. insan hüquq və azadlıqlarına riayət
olunması;
5.0.2. humanizm, könüllülük, məxfilik,
tolerantlıq, ünvanlılıq, ədalətlilik və əlçatanlıq;
5.0.3. diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi;
5.0.4. çətin həyat şəraitində olan
şəxslərin (ailələrin) sosial xidmətə götürülməsində bərabər
imkanların təmin edilməsi;
5.0.5. sosial inteqrasiya və əhalinin
yaşayış keyfiyyətinin
yaxşılaşdırılması;
5.0.6. ictimai iştirakçılığın təmin
olunması.
Maddə 6. Sosial xidmət sahəsində dövlətin vəzifələri
6.0. Sosial xidmət
sahəsində dövlətin vəzifələri
aşağıdakılardan ibarətdir:
6.0.1. sosial xidmət sahəsində dövlət
siyasətinin formalaşdırılması və həyata
keçirilməsi, o cümlədən həmin sahədə
normativ hüquqi aktların və dövlət
standartlarının qəbul edilməsi;
6.0.2. sosial xidmətə ehtiyacı olan şəxslərə
sosial xidmətin göstərilməsi sahəsindəki fəaliyyətdə
bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının,
hüquqi və fiziki şəxslərin iştirakının
dəstəklənməsi;
6.0.3. vahid sosial xidmət
təsnifatının hazırlanması;
6.0.4. sosial xidmətin təmin edilməsi
üçün zəruri infrastrukturun və şəraitin, o
cümlədən maddi-texniki bazanın yaradılması və
inkişaf etdirilməsi;
6.0.5. sosial xidmətə ehtiyacı olan şəxslərə
(ailələrə) sosial xidmətin bu qanunla müəyyən
edilmiş forma və növləri üzrə sosial xidmət
göstərilməsinin təmin edilməsi;
6.0.6. sosial xidmət sahəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi və təcrübə mübadiləsinə
şərait yaradılması;
6.0.7. sosial xidmət sahəsində digər tədbirlərin
həyata keçirilməsi.
2-ci fəsil
ÇƏTİN HƏYAT ŞƏRAİTİNDƏ
OLAN ŞƏXSƏ (AİLƏYƏ) SOSİAL XİDMƏT
GÖSTƏRİLMƏSİNİN TƏŞKİLİ
Maddə 7. Şəxsin (ailənin) çətin
həyat şəraitində hesab edilməsinin əsasları
7.1. Şəxs (ailə)
aşağıdakı əsaslardan azı biri olduqda çətin
həyat şəraitində hesab edilir:
7.1.1. uşaqların valideynlərini itirməsi və
ya valideyn himayəsindən məhrum olması;
7.1.2. uşaqların sağlamlıq
imkanlarının məhdud olması;
7.1.3. yetkinlik yaşına çatmayanların
baxımsızlığı və ya sosial təhlükəli
vəziyyətdə olması;
7.1.4. xəstəlik,
əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq
qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq
və köməklik göstərə biləcək əmək
qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin
olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar
özünəqulluq qabiliyyəti olmayan şəxslərə
qulluq və köməklik göstərə biləcək
qohumların olmaması müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir;
7.1.5. şəxsin ictimai təhlükəli xəstəliyə
tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
7.1.6. insan alverinin
qurbanı olması;
7.1.7. məişət
zorakılığından zərər çəkməsi;
7.1.8. müəyyən
yaşayış yerinin olmaması;
7.1.9. valideynlərini itirməsi və ya valideyn himayəsindən
məhrum olmasına görə sosial xidmət müəssisələrində
yaşamış şəxslərin, həmin müəssisələri
tərk etdikdən sonra yaşayış yerinin olmaması;
7.1.10. şəxsin sosial yadırğama (dezadaptasiya)
və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində
olması.
7.2. Bu
qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar
üzrə şəxsin (ailənin) çətin həyat
şəraitində olmasını təsdiq edən sənədlərin
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 8. Çətin həyat şəraitində olan şəxsin
(ailənin) hüquqları
8.0. Çətin həyat
şəraitində olan şəxsin (ailənin)
aşağıdakı hüquqları vardır:
8.0.1. bu qanunun 7-ci maddəsi ilə müəyyən
olunmuş əsaslar olduqda sosial xidmət göstərən
subyektlər tərəfindən təqdim edilən sosial xidmətdən
bu qanuna uyğun olaraq istifadə etmək;
8.0.2. sosial xidmət göstərilməsi
üçün müraciət etmək;
8.0.3. sosial xidmət göstərilməsinin
mümkünlüyü, qaydası və şərtləri,
sosial xidmətin forma və növləri, habelə öz
hüquq və vəzifələri barədə məlumat
almaq;
8.0.4. sosial xidmətə olan tələbatın
müəyyən edilməsi və qiymətləndirilməsində
iştirak etmək;
8.0.5. sosial xidmətə olan tələbatın
xarakteri nəzərə alınmaqla sosial xidmət göstərən
müəssisəni seçmək;
8.0.6. sosial xidmət göstərilməsinə
razılıq vermək və ya sosial xidmət göstərilməsindən
imtina etmək;
8.0.7. sosial xidmət göstərən subyektlər tərəfindən
şərəf və ləyaqətlərinə hörmət
olunmasını və humanist münasibət bəslənməsini
tələb etmək, habelə onların hərəkətlərindən
(hərəkətsizliyindən) inzibati qaydada və (və ya)
məhkəmə qaydasında
şikayət etmək;
8.0.8. sosial xidmət müəssisələrində
sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə
təmin olunmaq;
8.0.9. sosial xidmət müəssisələrində
daxili intizam qaydalarını pozmamaq şərti ilə dini
ayinlərin icrası üçün ayrıca yerlə təmin
olunmaq;
8.0.10. kütləvi informasiya vasitələri ilə
təmin olunmaq;
8.0.11. şəxsi xarakterli məlumatların
konfidensiallığının təmin olunmasını tələb
etmək.
Maddə 9. Çətin həyat şəraitində olan şəxsin
(ailənin) vəzifələri
9.0.
Çətin həyat şəraitində olan şəxsin
(ailənin) vəzifələri
aşağıdakılardır:
9.0.1. sosial xidmət göstərilməsinə tələbatın
müəyyən edilməsi və qərar qəbul edilməsi
üçün tam və düzgün məlumatları vermək;
9.0.2. sosial xidmət göstərilməsinə təsir
göstərən dəyişikliklər barədə sosial
xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;
9.0.3. sosial xidmət müəssisələrinin
daxili intizam qaydalarına əməl etmək;
9.0.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 10. Sosial xidmət göstərilməsi üçün
müraciət edilməsi
10.1.
Çətin həyat şəraitində olan şəxs
sosial xidmət göstərilməsi üçün
yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti
orqanına ərizə və ərizəyə əlavə
olunmaqla, bu qanunun 7-ci maddəsində nəzərdə
tutulmuş müvafiq əsası təsdiq edən digər sənədlərlə
müraciət edir. Çətin həyat şəraitində
olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin
yetkinlik yaşına çatmış üzvlərindən
biri müraciət edə bilər.
10.2.
Çətin həyat şəraitində olan şəxsin
(ailənin) maraqları çərçivəsində şəxsin
valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu,
himayəçisi), bələdiyyələr, qeyri-hökumət
təşkilatları, habelə həmin şəxsin
razılığı ilə digər şəxslər sosial
xidmət göstərilməsi üçün müvafiq icra
hakimiyyəti orqanına müraciət edə bilər.
10.3.
Dövlət hakimiyyəti orqanları, bələdiyyələr
çətin həyat şəraitində olan və sosial xidmətə
ehtiyacı olan şəxslərin müəyyən edilməsi
və bu şəxslərin sosial xidmətə
götürülməsi üçün onlar barəsində
məlumatları müvafiq icra hakimiyyəti orqanına
göndərirlər.
10.4. Bu
qanunun 10.2-ci və 10.3-cü maddələrinə uyğun olaraq
çətin həyat şəraitində olan şəxsə
(ailəyə) sosial xidmət göstərilməsi barədə
digər şəxslərin müraciətləri zamanı bu
qanuna uyğun olaraq sosial xidmət göstərilməsi istiqamətində
zəruri tədbirlər həyata keçirilir.
Maddə 11. Sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi
və müəyyənləşdirilməsi qaydası
11.1. Sosial xidmətin
göstərilməsi çətin həyat şəraitində
yaşayan şəxsin (ailənin) sosial xidmətlərə
olan tələbatının sosial işçi tərəfindən
qiymətləndirilməsi və müəyyən edilməsi əsasında
həyata keçirilir.
11.2.
Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi
və müəyyən edilməsi üçün meyarlar
aşağıdakılardır:
11.2.1. sosial yadırğama (dezadaptasiya);
11.2.2. sosial məhrumiyyət (deprivasiya);
11.2.3. uğursuz sosial mühit.
11.3.
Sosial xidmətin göstərilməsi barədə müraciət
müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən
sonra 5 iş günü ərzində şəxsin (ailənin)
sosial xidmətə olan tələbatının qiymətləndirilməsi
və müəyyənləşdirilməsi üçün
sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin
daxil olduğu gündən sonra 10 iş günü ərzində
şəxsin (ailənin) sosial xidmətə olan tələbatının
qiymətləndirilməsini və müəyyənləşdirilməsini
həyata keçirir.
11.4.
Sosial işçi tərəfindən sosial xidmətin
formasını, növünü, sosial xidmətin göstərilməsi
yeri və müddətini özündə əks etdirən
sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və
müəyyənləşdirilməsi üzrə hesabat və
şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə
dair fərdi plan hazırlanır.
Maddə 12. Şəxsin (ailənin) sosial xidmətə
götürülməsi və ya ondan imtina edilməsi barədə
qərar
12.1.
Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti
hesabına sosial xidmətin göstərilməsi və ya
sosial xidmətin göstərilməsindən imtina edilməsi
barədə qərar sosial işçi tərəfindən
hesabatın təqdim edildiyi gündən sonra 5 iş
günü ərzində müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilir. Şəxsə (ailəyə)
dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin
göstərilməsi və ya sosial xidmətin göstərilməsindən
imtina edilməsi barədə qərar 3 iş günü
müddətində ərizəçiyə təqdim edilir
(göndərilir). Sosial xidmətin göstərilməsindən
imtina barədə qərarda imtinanın səbəbləri
göstərilməlidir. Ərizəyə
əlavə olunan sənədlərin əsli müraciət
edən şəxsə qaytarılır.
12.2.
Şəxsin (ailənin) sosial xidmətə
götürülməsindən imtina üçün əsaslar
aşağıdakılardır:
12.2.1. bu qanunun 7-ci maddəsində göstərilən
əsaslardan azı birinin
olmaması;
12.2.2. təqdim edilmiş məlumatların və sənədlərin
düzgün olmaması.
12.3.
Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin
göstərilməsi barədə qərar qəbul edildiyi
gündən şəxs (ailə) sosial xidmətə
götürülür.
12.4.
Şəxsə sosial xidmətin göstərilməməsinin
onun həyat və sağlamlığı üçün
ciddi təhlükələr yaradacağı hallarda şəxs
dərhal müvəqqəti sosial xidmətə
götürülür. Şəxsin sosial xidmətə
götürülməsi barədə qərar qəbul edildikdə
müvəqqəti sosial xidmətin müddəti
dayandırılmır və şəxs daimi sosial xidmətə
götürülür.
12.5.
Çətin həyat şəraitində olan şəxslərə
(ailələrə) dövlət büdcəsinin vəsaiti
hesabına göstərilən sosial xidmətin zəmanət
verilmiş həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
12.6. Bu
qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş
hallar istisna olmaqla, sosial xidmət şəxsin (ailənin)
yaşayış yeri üzrə göstərilir.
12.7.
Şəxsin (ailənin) zorakılığa məruz
qaldığı və ya sosial yadırğama (dezadaptasiya),
habelə sosial məhrumiyyət (deprivasiya) təhlükəsi
yarandığı hallarda sosial xidmət yaşayış
yerindən asılı olmayaraq göstərilir.
Maddə 13. Çətin həyat şəraitində olan şəxsin
(ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi
13.1. Məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab
edilmiş, özünün əsas həyati tələbatını
müstəqil təmin edə bilməyən çətin həyat
şəraitində olan şəxslər onlara baxmağa
borclu olan əmək qabiliyyətli qohumlarının və ya
qanuni nümayəndələrinin həmin şəxslərə
qulluq edə bilməyəcəkləri barədə ərizələri
olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanının qərarına
əsasən dövlət sosial xidmət müəssisəsinə
yerləşdirilə bilər. Şəxsin
dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi
zamanı bu qanunun 8-ci maddəsində müəyyən olunmuş
hüquqları nəzərə alınır.
13.2.
Çətin həyat şəraitində olan şəxslərin
(ailələrin) dövlət sosial xidmət müəssisələrinə
yerləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
3-cü
fəsil
SOSİAL XİDMƏT GÖSTƏRƏN
SUBYEKTLƏR
Maddə 14. Sosial xidmət sahəsində fəaliyyət
göstərən fiziki şəxslər
14.1. Ali təhsili
və uyğun peşə hazırlığı olan şəxslər
sosial işçi qismində sosial xidmət sahəsində
peşəkar fəaliyyətlə məşğul olmaq hüququna
malikdirlər.
14.2.
Ümumi orta təhsili olan şəxslər sosial xidmətçi
qismində fəaliyyətə cəlb oluna bilər.
Maddə 15. Sosial işçinin hüquqları və vəzifələri
15.1.
Sosial xidmət göstərilməsi ilə əlaqədar
sosial işçilərin hüquqları
aşağıdakılardır:
15.1.1. işə qəbul olunarkən işəgötürənin
vəsaiti hesabına tibbi müayinədən keçmək;
15.1.2. peşə hazırlığı səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi
ilə işəgötürənin vəsaiti hesabına əlavə
təhsil almaq;
15.1.3. xidməti vəzifəsini yerinə yetirərkən
işəgötürənin vəsaiti hesabına zəruri
geyim və avadanlıqlarla təmin olunmaq, nəqliyyat xərcləri
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi məbləğdə pul
kompensasiyası almaq;
15.1.4. zəruri məlumatların əldə edilməsi
üçün sorğu göndərmək;
15.1.5. qanunda nəzərdə tutulmuş digər
hüquqlara malik olmaq.
15.2.
Sosial xidmət göstərilməsi ilə əlaqədar
sosial işçilərin vəzifələri
aşağıdakılardır:
15.2.1. sosial xidmətin göstərilməsini, sosial
xidmətə olan tələbatın qiymətləndirilməsi
və müəyyənləşdirilməsini həyata
keçirmək, sosial xidmətə götürülən
şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə
dair fərdi planı tərtib etmək;
15.2.2. çətin həyat şəraitində olan
şəxsin (ailənin) problemlərinin həllinə və
aradan qaldırılmasına yardım etmək;
15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində
qanunvericiliyə və peşə etikası normalarına əməl
etmək;
15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi
üzrə standartların tələblərinə
uyğun olmasını təmin
etmək;
15.2.5. xidmət göstərdikləri şəxslərin
hüquqlarına, şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq;
15.2.6. sosial xidmət göstərdikləri şəxslərə
münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və
ya ləyaqəti alçaldan rəftara yol verməmək;
15.2.7. sosial xidmət göstərdikləri şəxsləri
hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit
olunmuş sosial müdafiə tədbirləri və çətin
həyat şəraitində olan şəxsin (ailənin)
rifahının yaxşılaşdırması
üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq;
15.2.8. öz vəzifələrini yerinə yetirərkən
əldə etdikləri məlumatların
konfidensiallığını təmin etmək;
15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri
həyata keçirmək.
15.3. Bu
qanunun 15.1-ci maddəsində (15.1.4-cü maddə istisna
olmaqla) nəzərdə tutulmuş hüquqlar və 15.2-ci
maddəsində (15.2.1-ci və 15.2.7-ci maddələr istisna
olmaqla) nəzərdə tutulmuş vəzifələr sosial
xidmətçiyə də şamil edilir.
Maddə 16. Sosial xidmət sistemi
Sosial xidmət sistemi sosial xidmət sahəsində fəaliyyət
göstərən müvafiq icra hakimiyyəti orqanından,
dövlət, bələdiyyə və özəl sosial xidmət
müəssisələrindən, sosial işçilərdən
və sosial xidmətçilərdən, eləcə də
öz vəsaitləri və ya cəlb edilmiş vəsaitlər
hesabına sosial xidmət göstərən qeyri-hökumət
təşkilatlarından, könüllülərdən ibarətdir. Respublika
Qızıl Aypara Cəmiyyətinin strukturları bu sistemin tərkib
hissəsidir.
Maddə 17. Sosial xidmət müəssisələri
17.1.
Çətin həyat şəraitində olan şəxslərə
sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə
uyğun sosial xidmətin göstərilməsi məqsədilə
qanunla müəyyən edilmiş qaydada sosial xidmət müəssisələri
(ahıllar, əlillər və sağlamlıq imkanları məhdud
olan uşaqlar üçün internat evləri, psixonevroloji
internat, insan alveri qurbanları üçün yardım mərkəzləri,
penitensiar müəssisələrdə cəza çəkməkdən
azad edilmiş şəxslər üçün sosial
adaptasiya mərkəzləri, günərzi qayğı mərkəzləri,
yetkinlik yaşına çatmayanlar üçün
ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri,
sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti
sığınacaqlar, peşə istiqamətləndirmə mərkəzləri,
palliativ yardım mərkəzləri, hospislər, icma əsaslı
reabilitasiya mərkəzləri, himayədar ailə, kiçik
qrup evləri, müvəqqəti qayğı xidmətləri,
sosial mağazalar və yeməkxanalar və digər müəssisə
və xidmətlər) yaradılır və fəaliyyət
göstərir.
17.2.
Xeyriyyəçilik məqsədilə sosial xidmətlərə
vəsait ayıran fiziki və hüquqi şəxslər və
bu fəaliyyəti ödənişsiz şərtlərlə
həyata keçirən sosial xidmət müəssisələri
üçün qanuna uyğun olaraq güzəştlər
müəyyən edilə bilər.
4-cü fəsil
SOSİAL XİDMƏTİN FORMALARI VƏ
NÖVLƏRİ
Maddə 18. Sosial xidmətin formaları
18.0.
Sosial xidmətin formaları aşağıdakılardır:
18.0.1. evdə (səyyar) sosial xidmət;
18.0.2. yarımstasionar (günərzi) sosial xidmət;
18.0.3. stasionar sosial xidmət;
18.0.4.
sosial-məsləhət yardımı.
Maddə 19. Evdə (səyyar) sosial xidmət
19.1. Evdə
(səyyar) sosial xidmət əmək qabiliyyətli
qohumları və ya qanuni nümayəndələri ilə
eyni yaşayış məntəqəsində yaşamayan və
sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl
ər-arvadlara, əlillərə və sağlamlıq
imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində
olan şəxslərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada göstərilir.
19.2. Evdə (səyyar) sosial xidmətə
aşağıdakılar aiddir:
19.2.1. dərman vasitələrini, zəruri ərzaq və
əsas tələbat mallarını almağa köməklik
göstərilməsi;
19.2.2. istirahətin təşkil olunmasında, qida qəbul
edilməsində və digər məişət xidmətlərinin
göstərilməsində köməklik edilməsi;
19.2.3. tibbi və psixoloji yardım almaqda köməklik
göstərilməsi, tibb və təhsil müəssisəsinə
müşayiət olunması;
19.2.4. yaşayış şəraitinin
sanitariya-gigiyena tələblərinə
uyğunlaşdırılması;
19.2.5. hüquqi məsləhət alınmasına
köməklik göstərilməsi;
19.2.6. əlillərə və 18 yaşadək
sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətinin
göstərilməsi.
Maddə 20. Yarımstasionar (günərzi) sosial xidmət
Yarımstasionar (günərzi) sosial xidmət
özünün əsas həyati tələbatını
müstəqil təmin edə bilən və aktiv hərəkət
qabiliyyəti olan ahıllara və əlillərə, o
cümlədən çətin həyat şəraitində
olan yetkinlik yaşına çatmayanlara gündüz və ya
gecə vaxtlarında sosial-məişət, tibbi, mədəni
və başqa xidmətlər göstərilməsindən,
asudə vaxtın səmərəli təşkil
olunmasından, onların münasib əmək fəaliyyətinə
cəlb olunmasından ibarətdir.
Maddə 21. Stasionar sosial xidmət
21.1.
Stasionar sosial xidmət, bu məqsədlə
yaradılmış müəssisədə sosial xidmət
göstərilən şəxslərin (ailələrin) fiziki
durumuna və səhhətinə uyğun həyat şəraitinin
yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin
həyata keçirilməsindən, qulluğun təşkilindən
ibarətdir.
21.2.
Sosial xidmət müəssisəsində yaşayan ailənin
üzvləri ayrıca yaşayış sahəsi ilə təmin
olunurlar. Sosial xidmət müəssisəsinin rəhbərliyi
müəssisədə yaşayan çətin həyat şəraitində
olan şəxslərin (ailələrin) şəxsi və
qiymətli əşyalarının mühafizəsini təmin
edirlər.
21.3.
Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan
şəxslər qanunla müəyyən edilmiş qaydada
xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.
Maddə 22. Sosial-məsləhət yardımı
22.1.
Sosial-məsləhət yardımının məqsədi
çətin həyat şəraitində olan şəxslərin
(ailələrin) cəmiyyətə inteqrasiyasını təmin
etməkdən ibarətdir.
22.2. Sosial-məsləhət
yardımına aşağıdakılar aiddir:
22.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən
ayrı yaşayan və sosial-məsləhət
yardımına ehtiyacı olan şəxslərin (ailələrin)
müəyyənləşdirilməsi;
22.2.2. çətin həyat şəraitində olan
şəxslərin (ailələrin) problemlərinin həllinə
dövlət orqanlarının, bələdiyyələrin və
qeyri-hökumət təşkilatlarının cəlb
olunması məqsədilə zəruri tədbirlərin
görülməsi;
22.2.3. sosial xidmət üzrə məsləhətlərin
verilməsi.
Maddə 23. Sosial xidmətin növləri
23.0. Təyinatından
asılı olaraq sosial xidmətlər aşağıdakı
növlərə bölünür:
23.0.1.
sosial-məişət xidmətləri - şəxslərin
(ailələrin) məişət şəraitinin,
yaşayış vəziyyətinin
yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.2.
tibbi-sosial xidmətlər - şəxslərin sağlamlıq
vəziyyətinin yaxşılaşdırılmasına
yönəlmişdir;
23.0.3.
sosial-psixoloji xidmətlər - şəxslərin cəmiyyətə
adaptasiyası məqsədilə psixoloji vəziyyətinin
reabilitasiyasını nəzərdə tutur;
23.0.4.
sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına
çatmayanların inkişafındakı geriliklərin və
davranışındakı pozuntuların profilaktikasına,
onlarda müsbət maraqların yaranmasına, o cümlədən
asudə vaxtlarının təşkilinə və ailədə
tərbiyəsinə dəstəyə yönəlmişdir;
23.0.5.
sosial-iqtisadi xidmətlər - şəxslərin həyat səviyyəsinin
qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;
23.0.6.
sosial-hüquqi xidmətlər - hüquqi yardım göstərilməsi,
şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir;
23.0.7. palliativ xidmətlər - müalicəsi
mümkün olmayan şəxslərin və onların ailə
üzvlərinin fiziki, psixoloji, mənəvi və digər
problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi
və bu şəxslərə yardımın göstərilməsinə
yönəlmişdir.
5-ci fəsil
SOSİAL XİDMƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ
VƏ SOSİAL XİDMƏT HAQQI
Maddə 24. Sosial
xidmətin maliyyələşdirilməsi
Sosial xidmət qanunla müəyyən edilmiş qaydada
dövlət büdcəsinin vəsaiti, ödənişli əsaslarla
sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər,
hüquqi və fiziki şəxslərin ianələri,
qrantlar, eləcə də qanunda nəzərdə tutulmuş
digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 25. Sosial xidmət haqqının ödənilməsi
25.1.
Sosial xidmət müəssisələrində və evlərdə
sosial xidmət ödənişsiz, qismən ödənişli
və tam ödənişli əsaslarla göstərilir.
25.2.
Çətin həyat şəraitində olan şəxslərə
(ailələrə) dövlət sosial xidmət müəssisələrində
və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə
ödənişsiz göstərilir.
25.3. Dövlət
sosial xidmət müəssisələrində və evlərdə
qismən ödənişli və tam ödənişli şərtlərlə
sosial xidmətin göstərilməsi qaydası və sosial
xidmət haqqının məbləği müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
25.4.
Ödənişli sosial xidmətlər çətin həyat
şəraitində olan şəxs (ailə) ilə sosial xidmət
göstərən subyektlər arasında bağlanmış
müqavilə əsasında həyata keçirilir.
25.5. Bələdiyyə
sosial xidmət müəssisələri gəlir əldə
etmək məqsədi güdmür və sosial xidmət
haqqı sosial xidmət göstərilməsi ilə
bağlı xərclərin, əməkdaşların əməkhaqlarının
və digər cari xərclərin həcminə uyğun olaraq
bələdiyyə tərəfindən müəyyənləşdirilir.
Özəl sosial xidmət müəssisələrində
sosial xidmət haqqı müəssisə ilə sosial xidmətə
götürülmüş şəxs arasında
bağlanmış müqavilə ilə müəyyən
edilir.
Maddə 26. Sosial xidmət sahəsində dövlət sifarişlərinin
verilməsi
Sosial xidmət
sahəsində dövlət sifarişləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada bələdiyyələrə, fiziki və
hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına
verilə bilər.
6-cı fəsil
YEKUN MÜDDƏALARI
Maddə 27. Sosial xidmət sahəsində
könüllü fəaliyyət
Sosial xidmət sahəsinə könüllü fəaliyyətin
iştirakçılarının (könüllü fəaliyyətin
təşkilatçılarının və
könüllülərin) cəlb edilməsi
"Könüllü fəaliyyət haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 28. Sosial xidmət göstərilməsinə nəzarət
Sosial xidmət göstərən subyektlər tərəfindən
göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə,
dövlət standartlarının tələblərinə əməl
olunmasına nəzarət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Maddə 29. Sosial xidmət haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət
29.1. Bu
qanunun pozulması ilə nəticələnən
aşağıdakı hallar məsuliyyətə səbəb
olur:
29.1.1. dövlət tərəfindən göstərilən
sosial xidmətə olan tələbatın qiymətləndirilməsi,
müəyyən edilməsi və qərar qəbul edilməsi
üçün düzgün olmayan məlumatların verilməsi;
29.1.2. bu qanuna uyğun dövlət tərəfindən
sosial xidmət göstərilməsinin
dayandırılmasına təsir göstərən dəyişikliklər
barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmaması;
29.1.3. sosial xidmətə tələbatı olmayan
şəxsin qanunsuz və ya əsassız olaraq bu qanuna
uyğun dövlət tərəfindən sosial xidmətə
götürülməsi və ya sosial xidmət göstərilməsi
üçün əsaslar olduqda şəxsin sosial xidmətə
götürülməsindən imtina edilməsi;
29.1.4. sosial xidmətin göstərilməsi və ya
sosial xidmətin göstərilməsindən imtina barədə
qərar haqqında bu qanunla müəyyən olunmuş
müddətdə müraciət edən şəxsə rəsmi
məlumatın verilməməsi və ya sosial xidmətdən
imtina barədə qərarda imtinanın səbəblərinin
göstərilməməsi;
29.1.5. sosial xidmət göstərilməsi ilə
bağlı əldə edilən məlumatların
konfidensiallığının təmin edilməməsi;
29.1.6. sosial xidmətin göstərilməsinin keyfiyyətini,
həcmini və şərtlərini müəyyən edən
tələblərin pozulması.
29.2. Bu qanunun tələblərini
pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 30. Qanunun qüvvəyə minməsi
30.1. Bu
qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə
minir.
30.2. Bu
qanunun qüvvəyə mindiyi gündən "Ahıllara
sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 8, maddə 518; 2007-ci
il, ¹ 5, maddə 401) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2011-ci il
Azərbaycan.-
2012.- 17 mart.- S. 3.