Milli Məclisdə
Nazirlər Kabinetinin illik hesabatı dinlənilmişdir
Martın 16-da Milli Məclisin növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilmişdir.
Hesabat kitab halında çap olunaraq deputatlara
paylanmışdır.
Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə
hökumət üzvlərini, deputatları və Azərbaycan
xalqını Novruz bayramı münasibətilə təbrik
etmişdir.
Oqtay Əsədov
demişdir ki, bu gün Milli Məclisin 2012-ci il
yaz sessiyasının beşinci iclasıdır və Nazirlər
Kabineti özünün ötənilki fəaliyyətinə
dair hesabat verir. Xüsusi qeyd etmək istərdim
ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik
hesabatların məzmunu və strukturu ilbəil təkmilləşdirilir,
iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən
meyillər cədvəllərdə və diaqramlarda göstərilməklə,
ətraflı təhlil olunur.
Müzakirəyə təqdim olunmuş hesabatda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər,
dövlət proqramlarının icrasının cari vəziyyəti,
ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə
iştirakı geniş əks etdirilmişdir.
Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhranın
davam etdiyi 2011-ci ildə də dayanıqlığını
qoruyub saxlamış, hətta artıma nail olmuşdur. Burada ən önəmli cəhət
iqtisadiyyatın daha da şaxələndirilməsi və
qeyri-neft sektorunda yüksək - 9,4 faiz
artımın əldə edilməsidir.
2011-ci ildə
ümumi daxili məhsulun həcmi 63,4 milyard
dollara çatmışdır. Bunun nəticəsidir
ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsul
həcminin 80 faizindən çoxu ölkəmizin payına
düşür. İndi Azərbaycanda
adambaşına düşən illik məhsul
istehsalının həcmi 7 min dolları
ötmüşdür.
Beynəlxalq maliyyə qurumları və reytinq təşkilatları
son illərdə Azərbaycan iqtisadiyyatında baş verən
dəyişiklikləri yüksək qiymətləndirir,
investisiya qoyuluşları üçün cəlbedici ölkə
kimi dəyərləndirirlər.
Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft
sektorunun inkişafına yönəltməklə qabaqcıl
texnologiyalar əsasında yeni sənaye sahələri
yaradır, iqtisadi və sosial infrastrukturu, xüsusilə də,
nəqliyyat sektorunu uğurla inkişaf etdirir.
Qeyri-neft sektorunda inkişafı təmin edən əsas
amil dövlət başçısının müəyyən
etdiyi sənayeləşmə siyasətidir. Bu siyasətin həyata
keçirilməsi regionlarda yeni istehsal və emal müəssisələrinin
yaradılması, minlərlə iş yerləri
açılması ilə nəticələnir. Qeyri-neft sektorunda son 8 ildə istifadəyə
verilmiş obyektlərin 2 mininin məhz istehsal təyinatlı
olması xüsusi qeyd edilməlidir.
Həyata keçirilən uğurlu investisiya siyasəti
ölkə iqtisadiyyatına sərmayə
qoyuluşlarının həcmini artırmışdır. Hesabat ilində bütün
maliyyə mənbələrindən iqtisadiyyata 21,7 milyard dollar, o cümlədən qeyri-neft
sektoruna 15,7 milyard dollar investisiya yönəldilmişdir. Başqa sözlə, investisiyaların ümumi həcmində
qeyri-neft sektorunun payı 72 faizə çatmışdır.
Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə
36,3 milyard dollarlıq ticarət əməliyyatları
aparmışdır. Bu, əvvəlki illə müqayisədə
8,4 milyard dollar artım deməkdir. 2010-cu
ildə ixracatın 48 faizi Avropa İttifaqı ölkələrinin payına
düşdüyü halda, hesabat ilində bu göstərici
60 faizə yaxınlaşmışdır.
Aparılan məqsədyönlü işlər nəticəsində
əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin
atmasında təzahür etmişdir. Belə ki, 2010-cu illə müqayisədə
əhalinin gəlirləri 20 faizə yaxın artaraq, 36,6
milyard manata çatmış, onun adambaşına düşən
məbləği 3 min 400 manat olmuş, yoxsulluğun səviyyəsi
9,1 faizdən 7,6 faizə enmişdir.
Ölkəmizin müharibə şəraitində
olmasını nəzərə alaraq, hesabat dövründə
Azərbaycan hökuməti müdafiə məsələlərini
daim diqqət mərkəzində saxlamış və zəruri
tədbirlər həyata keçirmişdir.
Bu məqsədlə müvafiq proqram çərçivəsində
müdafiə sənayesi müəssisələrində
texnoloji avadanlıq parkı yeniləşdirilmiş, yenidənqurma
işləri aparmış, müdafiə təyinatlı
müasir məmulatların istehsalı mənimsənilmişdir.
Əvvəlki
illə müqayisədə 2011-ci ildə müdafiə sənayesində
güc strukturlarının sifarişi ilə 2 dəfədən
çox müxtəlif təyinatlı məhsul istehsal
edilmiş, onun ümumi həcmi 61 milyon manat artaraq, 151 milyon
manata çatdırılmışdır. Ötən il bu sahədə
nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi
məqsədi ilə 2010-cu il illə müqayisədə 1,7 dəfə
çox vəsait ayrılmış, 10 yeni istehsal sahəsi
istifadəyə verilmişdir və 4 böyük obyektdə
işlər cari ildə də davam etdiriləcəkdir.
Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə
müzakirəsi mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının fəaliyyətinin təkmilləşməsinə,
şəhər və rayonlarda mövcud problemlərin həllində
deputatların rolunun daha da artmasına xidmət edir.
Hesab edirəm ki, deputatlar Nazirlər Kabinetinin
hesabatının builki müzakirəsində də fəallıq
göstərəcək, ölkənin sosial-iqtisadi
inkişafının sürətlənməsinə dair səmərəli
təkliflər verəcəklər.
Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin
2011-ci ildə fəaliyyəti haqqında hesabatla
çıxış etmişdir.
Baş nazir Artur Rasizadənin
çıxışı
- Hörmətli sədr!
Hörmətli
deputatlar!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2011-ci ildə Nazirlər Kabinetinin qarşısında duran əsas
vəzifələr kimi makroiqtisadi sabitliyin qorunmasını,
qeyri-neft sektorunun sürətli inkişafını, enerji və
ərzaq təhlükəsizliyinin təmin edilməsini,
silahlı qüvvələrin və hərbi sənaye kompleksinin
gücləndirilməsini, insan kapitalının səviyyəsinin
daim yüksəldilməsini müəyyən etmişdir.
Hökumət qeyd olunan vəzifələrin yerinə
yetirilməsi üçün sosial-iqtisadi tərəqqinin
davamlılığını təmin edən kompleks tədbirlər
həyata keçirmişdir. Nəticədə nəzərdə
tutulan hədəflərə nail olunmuş və dövlət
başçısının bilavasitə rəhbərliyi ilə
başlanan iqtisadiyyatın modernləşdirilməsi kursu
öz bəhrəsini vermişdir.
Ümumilikdə, aparılan
düşünülmüş və çevik siyasət
inkişaf proseslərinə yüksək dinamizm vermiş, Azərbaycan
iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə
dəfələrlə böyümüş, keyfiyyətcə
yeni mərhələyə yüksəlmişdir.
Bu illərdə
ümumi daxili məhsulun həcmi 3 dəfə, dövlət
büdcəsinin gəlirləri 12,9 dəfə,
bütövlükdə investisiyalar 5 dəfə, o cümlədən
qeyri-neft sahələri üzrə 14,1 dəfə, əhalinin
real gəlirləri 2,6 dəfə artmış, bir milyondan
artıq yeni iş yeri yaradılmış, xalqın həyat
səviyyəsi yaxşılaşdırılmış,
yoxsulluq 5,3 dəfə azaldılmışdır.
Qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə
baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə
qazanılan nailiyyətləri yüksək qiymətləndirmişdir. Onlar Azərbaycanda
iqtisadi və maliyyə siyasətinin düzgün
aparıldığını, valyuta ehtiyatlarının xarici
borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən
səmərəli istifadə olunduğunu xüsusi
vurğulamışlar. Həmin qurumların rəyinə
əsasən respublikamız ötən il
yüksək insan inkişafına malik ölkələr
sırasında yerini daha da möhkəmləndirmişdir.
Əldə
olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi
ardıcıllıqla aparılan islahatlar əsasında
iqtisadiyyatın qlobal çağırışlara yüksək
dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin
sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik
potensialının güclənməsinin əyani sübutudur.
Ölkədə
aparılan şaxələndirmə siyasəti, istehsal və
sosial infrastrukturun inkişafı sayəsində hesabat ilində
qeyri-neft sektorunda 9,4 faizlik yüksək
artıma nail olunmuşdur.
Bütün
maliyyə mənbələri hesabına 21,7
milyard ABŞ dolları məbləğində investisiya
qoyuluşu həyata keçirilmişdir. Onun 60
faizi daxili investisiyalar olmuşdur. Ümumi
investisiyaların 15,7 milyard dolları
qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Xarici ticarət dövriyyəsi 30 faiz çoxalaraq
36 milyard dollar təşkil etmişdir. Strateji valyuta
ehtiyatları il ərzində artaraq 40 milyard
dolları ötmüşdür.
Aparılan
səmərəli maliyyə-pul və fiskal siyasəti nəticəsində
makroiqtisadi tarazlıq təmin edilmiş, manatın məzənnəsi
sabit qalmış, inflyasiya birrəqəmli səviyyədə
saxlanılmışdır ki, bu da əhalinin real gəlirlərinin
artımına zəmin yaratmışdır.
Dövlət büdcəsinin gəlirlərinin
artıqlaması ilə icra edilməsi bütövlükdə
hökumətin öhdəliklərinin və qəbul
olunmuş proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini
təmin etmişdir.
Həyata keçirilən davamlı sosial siyasətin tərkib
hissəsi olan pensiya təminatı sistemində aparılan
islahatları xüsusi qeyd etmək istərdim. Həmin
islahatlar 900 minə yaxın pensiyaçının
pensiyasını orta hesabla 40 faiz artırmağa imkan
vermişdir.
Elm, təhsil,
səhiyyə, mədəniyyət, kənd təsərrüfatı,
meliorasiya və başqa sahələrdə
çalışanların vəzifə maaşlarının,
şəhid ailələri və müharibə əlillərinin
təqaüdlərinin, aztəminatlı şəxslərə
ödənilən müavinətlərin artırılması
bütövlükdə 1 milyon 800 min nəfərin sosial vəziyyətinin
yaxşılaşdırılmasını mümkün
etmişdir.
İl ərzində məcburi köçkün ailələri
üçün yaşayış binaları, məktəblər,
uşaq bağçaları, klublar tikilib istifadəyə
verilmiş, onların sosial problemlərinin həllinə 399
milyon manat vəsait sərf edilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən
uzaqgörənliklə müəyyən edilmiş neft
strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin
təmin edilməsi istiqamətində əhəmiyyətli
işlər görülmüşdür.
Aparılan kəşfiyyat işləri nəticəsində
"Ümid" və "Abşeron" yataqlarında zəngin
karbohidrogen ehtiyatları aşkarlanmışdır.
Əhalinin
təbii qazla təchizatının
yaxşılaşdırılmasına yönəldilmiş
300 milyon manatdan çox vəsait hesabına yeni qaz kəmərləri
çəkilmiş, 120 yaşayış məntəqəsinin
qazlaşdırılması 90 min yeni abonenti qazla təmin etməyə
imkan vermişdir.
Kimya
kompleksində istehsalın həcmi 20 faizdən çox, məhsul
ixracı isə 1,5 dəfə
artmışdır.
Ölkədə ilk dəfə olaraq Sumqayıtda ən
müasir texnologiyalar əsasında illik gücü 700 min ton
olan azot gübrəsi zavodunun tikintisinə
başlanılmışdır. Bu müəssisə kənd
təsərrüfatının inkişafına əhəmiyyətli
yardım etməklə bərabər ölkənin ixrac
potensialını artıracaqdır.
Dövlət Neft Şirkəti xarici neft-qaz bazarlarına
çıxaraq beynəlxalq fəaliyyətini genişləndirmiş,
bir sıra ölkələrdə sərmayə qoyuluşu həyata
keçirmişdir. Azərbaycan qazının dünya
bazarlarına çıxarılması üçün
çox mühüm addımlar atılmışdır.
Hesabat ilində ümumi gücü 1270 meqavatdan artıq
olan iki istilik və üç su elektrik stansiyasının
inşası davam etdirilmişdir. Yüksək gərginlikli
elektrik xətlərinin və yarımstansiyaların tikintisi,
paylayıcı şəbəkənin yenidən qurulması
istiqamətində irihəcmli işlər
görülmüşdür.
Alternativ
və bərpa olunan enerji mənbələrinin istifadəsinin
genişləndirilməsi məqsədilə konkret pilot layihələri
həyata keçirilmişdir. Qobustan rayonunda
eksperimental poliqon və hibrid tipli elektrik stansiyası inşa
edilmiş, müşahidə-nəzarət stansiyaları
quraşdırılmış, təlim-tədris mərkəzi
istifadəyə verilmişdir. Müxtəlif
bölgələrdə 8 kiçik su elektrik
stansiyasının tikintisi davam etdirilmişdir. Sumqayıtda günəş panelləri istehsal edən
müasir zavodun tikintisi tamamlanma mərhələsindədir.
Son illərdə Azərbaycanın maliyyə və
investisiya imkanlarının artması ölkədə
müasir texnologiyalar əsasında sənayeləşmə
siyasətinin həyata keçirilməsinə imkan
yaratmışdır.
Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən
metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti
materialları və digər istehsal sahələrində
yüksək artım əldə olunmuşdur.
Ötən
il Gəncə alüminium zavodunun birinci mərhələsi,
Sumqayıt texnologiyalar parkında və regionlarda çoxlu sayda
yeni zavodlar, müxtəlif profilli emal müəssisələri
işə salınmışdır. Təkcə
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditləri hesabına 33 istehsal, xidmət və emal müəssisəsi
istifadəyə verilmişdir. Cari ildə
isə istismara veriləcək oxşar müəssisələrin
sayının 3 dəfə artacağı gözlənilir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin
edilməsi hökumətin fəaliyyətində xüsusi yer
tutmuş, əhalinin tələbatının yerli məhsul
hesabına ödənilməsi ümdə vəzifələrdən
biri olmuşdur.
Hesabat
ilində kənd təsərrüfatında ümumi məhsul
istehsalı 5,8 faiz yüksəlmiş,
taxıl, ət, süd, meyvə-tərəvəz və bostan
məhsullarının istehsalında yüksək göstəricilər
əldə edilmişdir.
Fermerlərə subsidiyalar ayrılmış, müxtəlif
növ texnika ilə təchizat həyata keçirilmişdir.
Əhalinin
çörəklə və un məhsulları
ilə etibarlı təminatı məqsədilə ölkədə
dörd aylıq buğda ehtiyatı
yaradılmışdır.
Meliorasiya
və irriqasiya sistemlərində aparılan əsaslı
tikinti işləri sayəsində 18,6 min hektar torpaq sahəsinin
su təminatı və 19 min hektar sahənin meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 1000 hektardan artıq
yeni suvarılan torpaq sahələri istifadəyə
verilmişdir.
2011-ci ildə nəqliyyat sektoruna da böyük sərmayələr
qoyulmuş və onun inkişafı təmin edilmişdir.
Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, "Şimal-Cənub" və
"Şərq-Qərb" beynəlxalq dəhlizlərinin,
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal
kompleksinin, müasir gəmiqayırma zavodunun, yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının tikintisi davam etdirilmişdir.
Regionlarda beynəlxalq hava limanları istismara
verilmiş, mülki aviasiyanın, gəmiçiliyin və
avtomobil yollarının nəqliyyat parkı xeyli genişləndirilmişdir.
Bütün bu nəhəng infrastruktur layihələrinin
reallaşdırılması heç şübhəsiz Azərbaycanı
tezliklə regionun beynəlxalq əhəmiyyətli nəqliyyat
qovşağına çevirəcəkdir.
Ölkənin inkişafında prioritet istiqamətlərdən
olan informasiya-kommunikasiya texnologiyaları sektorunda
investisiyaların ümumi məbləği 415 milyon manat təşkil
etmişdir.
"Elektron Azərbaycan" və "Elektron hökumət"
proqramlarının icrası uğurla davam etdirilmiş,
elektron imzanın tətbiqi üzrə infrastruktur qurulmuş,
dövlət orqanlarına və vətəndaşlara elektron
xidmətlərin göstərilməsinə
başlanılmışdır.
2011-ci ildə Azərbaycanda internet istifadəçilərinin
sıxlığı 65 faizi ötmüşdür ki, bu da
ümumdünya orta göstəricilərindən iki dəfə
çoxdur.
Kosmik sənayenin yaradılması və inkişafı
üzrə müvafiq dövlət proqramına uyğun
görülən işlər artıq bu ilin sonunda ilk süni
peykin orbitə çıxarılmasına imkan verəcəkdir.
Hesabat ilində ətraf mühitin mühafizəsi ilə
bağlı məsələlər yenə də aktual
olmuşdur.
Xüsusi mühafizə olunan təbiət əraziləri
genişləndirilmiş, meşə sahələrində bərpa
işləri aparılmışdır.
Bakı və onun ətraf ərazilərinin ekoloji
baxımdan sağlamlaşdırılması, eroziya proseslərinin
qarşısının alınması məqsədilə zəruri
tədbirlər həyata keçirilmişdir. Abşeron
yarımadasında neftlə çirklənmiş
torpaqların təmizlənməsi və rekultivasiyası davam
etdirilmişdir.
Dövlət
başçısının ölkə tarixində ilk dəfə
qısa bir zamanda respublika əhalisinin keyfiyyətli içməli
su və kanalizasiya sistemləri ilə təmin edilməsi barədə
qarşıya qoyduğu məqsədlərə nail olmaq
üçün mühüm işlər aparılır. Hesabat ilində 9 bölgədə bu istiqamətdə
işlərin icrası davam etdirilmiş, 29 rayonda tikintiyə
başlanılmışdır. Cari ildə
daha 23 rayonda oxşar layihələr həyata keçiriləcəkdir.
Nəzərdə tutulan layihələrin
icrasına ümumən 3 milyard manatdan çox vəsait xərclənəcəkdir.
Bununla
yanaşı, Kür-Araz çayları ətrafında
yaşayan əhalinin standartlara uyğun içməli su ilə
təmin edilməsi məqsədilə ötən il 32 modul tipli sutəmizləyici qurğu istifadəyə
verilmişdir. Ümumilikdə isə 340 mindən
artıq əhalisi olan 188 yaşayış məntəqəsi
belə qurğularla təmin edilmişdir.
Ötən
il humanitar sahələr üzrə qəbul olunmuş
çoxsaylı dövlət proqramlarının yerinə
yetirilməsi üçün müvafiq tədbirlər həyata
keçirilmişdir.
Təhsilə
ayrılan büdcə vəsaitlərinin məbləği
artırılaraq 1,3 milyard manata
çatdırılmış, dövlət investisiya xərcləri
273 milyon manat təşkil etmişdir.
2011-ci ildə 182 təhsil müəssisəsi
tikilmiş, əsaslı təmir edilmiş və müasir
avadanlıqla təchiz olunmuşdur.
İstehsalatın
ixtisaslı mütəxəssislərlə təmin
olunması məqsədilə texniki-peşə təhsili
sisteminə yönəldilən büdcə vəsaitlərinin
həcmi 4,5 dəfədən çox
artmışdır.
Müvafiq dövlət proqramı çərçivəsində
853 gənc dünyanın 200 aparıcı universitetində
dövlət vəsaiti hesabına təhsil almağa göndərilmişdir.
Son dövrdə səhiyyədə aparılan məqsədyönlü
və sistemli islahatlar tibbi və demoqrafik göstəricilərin
yaxşılaşmasına səbəb olmuşdur.
Sahəyə ayrılan büdcə vəsaitlərinin həcmi
2003-cü illə müqayisədə 9 dəfə
artmışdır. Bu da ölkədə çoxlu sayda
müasir xəstəxanaların, diaqnostika mərkəzlərinin
açılmasına imkan yaratmışdır. Bununla bərabər, mövcud səhiyyə obyektləri
günün tələblərinə uyğun yenidən
qurulmuş, qabaqcıl texnologiyalar və tibbi avadanlıqla təmin
edilmişdir.
Mədəniyyət, turizm və idman obyektlərinin
tikintisi, yenidən qurulması və bərpası işləri
aparılmış, maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı tədbirlər davam etdirilmişdir.
Hörmətli
deputatlar!
Dövlət başçısının gündəlik
nəzarətində olan Silahlı Qüvvələrin hərbi
gücünün və peşəkarlığının
artırılması məsələlərinə hökumət
daim xüsusi diqqət yetirir. 2011-ci ildə bu istiqamətə
ayrılmış vəsaitin həcmi 2003-cü illə
müqayisədə 20 dəfə artmışdır. Nəticədə Silahlı Qüvvələrin ən
müasir silahlarla və texniki vasitələrlə təchiz
edilməsinə, maddi-texniki bazasının əhəmiyyətli
dərəcədə möhkəmləndirilməsinə və
keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə
nail olunmuşdur.
Silahlı Qüvvələrin təchizatında
müdafiə sənayesinin rolunun artırılması
üçün yeni istehsal sahələri
yaradılmışdır. İstehsal olunan hərbi
məhsulların sayı və çeşidi artaraq 650-ni
ötmüşdür. Təkcə əvvəlki illə
müqayisədə istehsalın həcmi 1,7
dəfə artmışdır.
Bir məsələni də qeyd etmək istərdim. Silahlı
Qüvvələrin inkişafında əhalinin
könüllülük əsasında iştirakı məqsədilə
2002-ci ildə xüsusi yardım fondu
yaradılmışdır. Fərəhləndirici
haldır ki, ötən il bu fonda
yığılan vəsaitlər 2 dəfədən çox
artmışdır.
Son illərdə əldə olunan iqtisadi uğurlarla
yanaşı, xarici ölkələrlə və beynəlxalq
təşkilatlarla səmərəli münasibətlər Azərbaycanın
nüfuzunu dünyada xeyli artırmışdır. Bu gün
xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin
sayı 66-ya çatmışdır. İl ərzində
Azərbaycan Respublikası ilə müxtəlif ölkələr
arasında 107 beynəlxalq müqavilə imzalanmış, 22
ölkə ilə hökumətlərarası komissiyaların
iclasları, çoxlu sayda beynəlxalq konfranslar və forumlar
keçirilmişdir.
Möhtərəm
Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə
həyata keçirilən uğurlu xarici siyasətin məntiqi
nəticəsidir ki, Azərbaycan Respublikası dünyanın
155 ölkəsinin etimadını qazanaraq Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına üzv seçilmişdir.
Hörmətli
deputatlar!
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin
yekunlarına həsr olunmuş iclasındakı
çıxışında ölkəmizin ötən ildə
də uğurla inkişaf etdiyini xüsusi
vurğulamışdır. Bununla yanaşı,
dövlət başçısı mövcud problemləri və
2012-ci ildə qarşıda duran vəzifələri müəyyənləşdirmiş,
onların icrası ilə əlaqədar müvafiq
tapşırıqlarını vermişdir.
Nazirlər
Kabineti gündəlik fəaliyyətini məhz bu vəzifələrin
yerinə yetirilməsinə istiqamətləndirir və əminliklə
deyə bilərik ki, möhtərəm Prezidentin rəhbərliyi
ilə həyata keçirilən davamlı milli inkişaf
strategiyası ali məqsədimiz olan xalqın
rifahının yüksəldilməsini və Azərbaycanın
tərəqqisini təmin edəcəkdir.
Diqqətinizə görə sağ olun.
* * *
Sonra hökumətin hesabatı ilə əlaqədar
müzakirələr başlanmışdır. Çıxış edən
deputatlar ötən il Azərbaycanın
sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr
əldə olunduğunu, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının uğurla həyata
keçirildiyini, əhalinin yaşayış səviyyəsinin
getdikcə yüksəldiyini, vurğulamışlar.
Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatının
inkişafından əldə olunan gəlirlər ölkənin
təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat
infrastrukturunun müasirləşdirilməsinə yönəldilir. Yeni müəssisələrin
və iş yerlərinin əksəriyyətinin regionlarda
açılması faktı diqqətəlayiq addımdır.
Çıxışlarda vurğulanmışdır ki,
hökumətin hesabatında ölkə həyatının
bütün sahələri əhatə edilmiş, əsas
göstəricilər öz əksini tapmışdır.
Ötən ilki müzakirələr zamanı
deputatların səsləndirdikləri irad və təkliflərin
nəzərə alınmasının müsbət hal
olduğu bildirilmişdir.
Hökumətin qaçqınlar və məcburi
köçkünlərlə bağlı gördüyü
işlər də yüksək dəyərləndirilmişdir.
Eyni zamanda, istifadə olunmamış imkanlardan, ehtiyat mənbələrindən
də danışılmış, Ermənistanla həmsərhəd
yaşayış məntəqələrinin
abadlaşdırılması, elmi biliklərin
inkişafına, ərzaq təhlükəsizliyi məsələlərinə,
antiinflyasiya tədbirlərinin gücləndirilməsinə
diqqətin artırılması barədə təkliflər səslənmişdir.
Azərbaycanın investisiya yatıran ölkəyə
çevrilməsi üçün geniş maliyyə
imkanlarının yarandığı vurğulanmış və
bu istiqamətdə parlamentlə hökumətin sıx əməkdaşlıq
şəraitində işləməsinin vacibliyi
bildirilmişdir.
Neft gəlirlərinin xərclənməsində şəffaflığın
qorunduğunu vurğulayan deputatlar, qeyri-neft sektorunun
inkişafına xüsusi diqqət yetirilməsinin əhəmiyyətini
diqqətə çatdırmışlar.
Bir fikir
xüsusi vurğulanmışdır ki, əhalinin pensiya təminatı
sahəsində, elm, təhsil, səhiyyə, mədəniyyət,
kənd təsərrüfatı, meliorasiya, rabitə, ekologiya,
məcburi köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması, ordumuzun inkişafı və
digər sahələrdə əldə olunan uğurlar ölkəmizin
parlaq gələcəyindən xəbər verir. Bu uğurlar həm də Dağlıq Qarabağ
münaqişəsinin tezliklə həllinə ümidləri
artırır.
Müzakirələr
başa çatdıqdan sonra Milli Məclis səsvermə yolu
ilə Azərbaycan hökumətinin hesabat dövründəki
fəaliyyətinin nəzərə alınması barədə
qərar qəbul etmişdir
Bununla da, Milli Məclisin iclası başa
çatmışdır.
Azərbaycan.- 2012.- 17 mart.- S. 4.