Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Eurovision-2012 mahnı müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilmişdir

 

 Martın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin növbəti iclası olmuşdur.

İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirdi.

Azərbaycanın birinci xanımı  "Eurovision-2012" mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğuladı və Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırdı ki, bu istiqamətdə bir çox məsələlər artıq həllini tapmış, amma bununla belə icrası vacib bəzi məsələlər də vardır.

"Eurovision-2012" mahnı müsabiqəsinə iki aydan az vaxtın qaldığını deyən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qeyd etdi ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdır. Sonra Təşkilat Komitəsinin üzvlərinin "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə görülən işlər barədə məlumatları dinlənildi. Bildirildi ki, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə gedir. Avropa Yayımları Birliyinin mütəxəssisləri görülən işləri yüksək qiymətləndirmişlər. Martın 19-20-də 42 ölkənin nümayəndəsi Bakıda toplaşacaq və müsabiqə ilə bağlı hazırlıq işləri ilə tanış olacaqlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 5.