Avropa Mülki Aviasiya Konfransının rəhbərliyi Bakıda səfərdə olmuşdur

 

 Azərbaycan Respublikasının Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzvlüyünün 10 illiyi münasibətilə ECAC-ın prezidenti Katalin Radu və təşkilatın icraçı katibi Salvatore Şikitano Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) dəvəti ilə martın 13-dən 16-dək Bakıda səfərdə olmuşlar.

DMAA-dan AzərTAc-a bildirmişlər ki, səfər zamanı keçirilmiş bir sıra görüşlərdə respublikamızda uçuşların təhlükəsizliyinin, eləcə də aviasiya təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində saxlanılması və Azərbaycanın mülki aviasiyası ilə ECAC arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Qonaqlara Azərbaycan mülki aviasiyasının inkişaf planları barədə geniş məlumat verilmişdir.

Qonaqlar Milli Aviasiya Akademiyasının tədris-təlim prosesləri ilə və Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən mülki aviasiya müəssisələrinin fəaliyyəti ilə də tanış olmuşlar. Həmçinin ECAC nümayəndə heyəti Baş nazirin müavini Abid Şərifov ilə görüşmüşdür.

Aparılmış danışıqlar zamanı mülki aviasiya məsələləri ilə yanaşı, Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunda qanunsuz tikinti işləri və bu hava limanına uçuşlarla bağlı məsələyə də toxunulmuşdur. ECAC-ın rəhbəri Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə, eləcə də regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə mübarizəyə sadiqlik mövqeyini bir daha vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 5.