Gələcəyin
etibarlı və sərfəli enerji
istehsalı obyekti
Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncamda vurğulanır ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2012-ci ilin sonunadək inkişaf konsepsiyasının hazırlanması həvalə edilmişdir. Konsepsiyanın hazırlanması prosesinə ölkənin müvafiq dövlət orqanları, elmi təşkilatlar və yüksəkixtisaslı mütəxəssislər cəlb edilməli, qabaqcıl dünya təcrübəsindən yararlanmaq üçün beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurulmalıdır.
Professor Ramiz Həsənovdan NATO-nun hərbi blokunun Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində bir sıra ölkələrin alimləri ilə birlikdə üzərində işlədikləri, gələcəkdə Azərbaycan üçün də faydalı ola biləcək layihələr barədə fikirlərini öyrəndik.
Qeyd edək ki, Ramiz Həsənov uzun illərdir neft-qaz mədən istehsalının mexaniki problemləri ilə məşğul olan tanınmış alimdir. Texnika elmləri doktoru, professordur. Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif vəzifələrdə, o cümlədən axşam və qiyabi şöbələr üzrə tədris işləri prorektoru işləyib. 1996-cı ildən Tətbiqi-mexanika kafedrasının müdiridir. 1999-cu ildən isə ADNA-nın nəzdindəki "Sənaye müəssisələri işçilərinin ixtisasartırma və yenidənhazırlanma institutu"na da rəhbərlik edir. O, elm və təhsil sahəsindəki xidmətlərinə görə 2000-ci ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb, 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
- Ramiz müəllim, bildiyimizə görə, artıq 10 ildən çoxdur fəaliyyətiniz əsasən xarici tərəfdaşlarla işbirliyinin qurulmasına yönəlib.
- Elədir, həm də əməkdaşlığımız getdikcə genişlənir və bunun gələcəkdə müsbət nəticələr verəcəyi şübhəsizdir. Belə ki, son illərdə dünyanın tanınmış, iri istehsalat sahələrinin yüksəkixtisaslı alim və mütəxəssisləri ilə birlikdə bir çox səviyyəli tədbirlərdə iştirak etmişik. Nəticədə bir sıra layihələrə qoşulmuşuq və ardıcıl iş aparırıq. 2001-2006-cı illərdə NATO hərbi blokunun Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində İsrail, Rumıniya, Macarıstan, Ukrayna, Sloveniya, Xorvatiya və digər ölkələrdə təşkil edilən seminarlarda elmi tədqiqatlarımızın nəticələrini əks etdirən məruzələrlə çıxış etmişəm. Bu çıxışlardan sonra müxtəlif ölkələri təmsil edən alimlərin bizimlə iş qurmaq, birgə layihələr həyata keçirmək istəyi daha da artıb.
- Həmin layihələrin mahiyyəti barədə oxucularımıza nə deyə bilərsiniz?
- Bu layihələr nəticəsində qurulacaq obyektlər elektrokimyəvi generatorlar və ya yanacaq elementləri adlanır. Bəri başdan onu deyim ki, ən böyük arzularımdan biri bu obyektlərin Azərbaycanda da olması, bu layihələrin ölkəmizdə də həyata keçirilməsidir. Dövlət başçısının ölkənin inkişaf konsepsiyası ilə bağlı sərəncamında innovasiyayönümlü iqtisadiyyatın formalaşması, bu sahədə dünyanın qabaqcıl təcrübəsindən istifadə edilməsi tövsiyə olunur. Fikrimizcə, sözügedən layihələr əsasında aparılması planlaşdırılan tədqiqatlar iqtisadiyyatımıza, Azərbaycanın gələcək inkişafına çox sanballı töhfə olar.
Elektrokimyəvi generatorların yaradılmasına və tətbiqinə xidmət etmiş və bundan sonra da xidmət edəcək həmin layihələrin icrasında ABŞ, İngiltərə, Almaniya, Rusiya, Ukrayna, Belarus və Azərbaycan alimlərindən ibarət komanda iştirak edib. Bu beynəlxalq konsorsiuma isə Azərbaycandan məni daxil ediblər.
Üzərində işlədiyimiz elektrokimyəvi generatorların - yanacaq elementlərinin müxtəlif modifikasiyaları var. Onların sonuncu sinfi bərk oksidli yanacaq elementləri (SOFC) adlanır. NATO buna aid bizə 4 illik proqram vermişdi. Çünki elementlərin özlərinin yaradılmasında, təkmilləşdirilməsində, kommersiyalaşdırılmasında çoxlu problemlər var. Bunlar kimyəvi, elektrik, materialşünaslıq, mexanika və s. sahələrlə bağlı problemlərdir. Mən ixtisasca mexanikəm, ona görə də mexanika problemləri mənə həvalə olunub. Bir müddət işləyərək həmin problemləri tədqiq etmişik.
Məsələ ilə bağlı NATO-nun əlavə bir seminarı da oldu. Görülmüş işlərin təqdimatını keçirdik, onlar çox bəyənildi və işi davam etdirməyimiz tövsiyə olundu.
- Təbii ki, bu obyektləri mərkəzləşdirilmiş enerji istehsalı və təchizatı obyektlərindən fərqləndirən cəhətlər çoxdur.
- Çoxdur və bunlar üstün cəhətlərdir. Birincisi, onlar səssiz işləyir. İkincisi, ekoloji cəhətdən zərərsizdir, yəni, ətrafa tullantıları sıfıra bərabərdir. Davamlıdır, təmirə dayanmadan fasiləsiz xidmət müddətləri 10 dəfə çoxdur. Alınan enerjinin miqdarı eyni həcmdə qaz işlədildiyi (yandırıldığı) halda üç dəfə artıqdır. Güclərinin də müxtəlif olması mümkündür: gücü 0,1 kilovatdan 100 meqavata qədər elektrik stansiyaları qurmaq olar. İstismar və istehsalat xərcləri də 25-40 faiz azdır.
Mərkəzləşdirilmiş enerji təchizatından digər fərqləri də var. Məsələn, su, istilik elektrik stansiyalarından enerji paylanır və transformatorlara daxil olur. Bunlar isə mobil, fərdi qurğulardır. Yəni, onları harada istəyirsən quraşdır, orada da istismar edib enerji al. Ayrıca bir generator kimi işləyir. Yaxşıdır ki, xırda məqsədlər üçün də istifadə oluna bilər. Belə ki, nəqliyyat vasitələri üçün enerji mənbəyidir. Bu gün elə elektromobillər var ki, onlar məhz bu yanacaq elementləri ilə işləyir.
- Harada?
- ABŞ-da, Yaponiyada, İngiltərədə, Almaniyada, Koreyada, Çində... Artıq Rusiyada da bu enerji istehsalı və təchizatı qurğularının tətbiqinə başlanmışdır. Onlardan hərbi təyinatlı işlərdə də istifadə etmək olar. Məsələn, sualtı qayıqlarda, qırıcı və bombardmançı təyyarələrdə. Bu obyektlər insanla birlikdə səyahət etməyə də qadirdir. Yəni, səyyar da ola bilir (mobil telefon, kompyuter və s. üçün). Ən başlıcası isə, alternativ enerji mənbələri ilə iş zamanı enerji təchizatının fasiləsizliyi üçün də istifadə olunur. Sadəcə, onlar qənaətcil olduğu üçün daha bahalıdır. Hazırda onların kommersiyalaşdırılması istiqamətində dünya alimləri tərəfindən ciddi tədqiqatlar aparılır.
- İndi bu layihələrin işlənməsi istiqamətində hansı işlər gedir?
- NATO-nun layihəsini 2009-cu ildə
təhvil verdik. Bir eksperimental nümunə düzəldildi, onu nümayiş etdirdik və layihə bağlandı. Biz deyəndə həmin konsorsiumu nəzərdə
tuturam. Buraya
ABŞ, İngiltərə, Rusiya, Ukrayna, Azərbaycan daxildir. Sonradan bu layihənin inkişafı ilə bağlı mən bir təklif irəli sürdüm.
Məlumdur ki, Azərbaycanda
çoxlu miqdarda boş-boşuna səmt qazı yandırılır.
İldə 300-350 milyon kubmetr
qazı biz sadəcə
məşəllərdə yandırırıq. Rusiyada bu
həcm 4 milyard kubmetrə çatır.
Bəs dünyada?
15 milyard kubmetr qaz elə-belə
yandırılır. Mən
təklif etdim: gəlin elə bir qurğu düzəldək ki, səmt qazı ilə işləyə bilsin. Təklifi çox bəyəndilər.
Layihə hazırlandı və
o, NATO-ya təqdim edilməli idi. Ukrayna nə isə dayandı. Səbəbi
sonra məlum oldu - layihəyə az pul verirlər. Sonra biz Qara dənizlə
bağlı müvafiq
ölkələrin iştirakı
və Almaniyanın rəhbərliyi ilə bir layihə təklif etdik. Axı Qara dənizdə
çoxlu hidrogen-sulfid
var. Məqsəd sudan hidrogen-sulfidi ayırıb onu parçalayandan sonra hidrogen qazı almaq, hidrogen qazında işləyən
yanacaq elementləri düzəltməkdən ibarət
idi. Qara dəniz ölkələri
birliyi bu layihə ilə əlaqədar gözləmə
mövqeyindədir. Sonradan
7-ci Avropa çərçivə
proqramına aid 3,5 milyon dollarlıq bir layihə işləndi. Bu layihəyə
Almaniya və Belarus da qoşuldu. Layihə artıq bir mərhələdən - texniki
ekspertizadan keçib.
May ayında sonuncu
ekspertizası olacaq.
Texniki ekspertizanın nəticələri ilə
tanış olmuşam. Müsbət rəy alınıb
və gözləyirik
ki, bu layihə
2012-ci ilin sentyabr ayında, uzağı ilin sonunda işlənməyə
başlayacaq. Buna qədər layihələrin
populyarizasiyası, yəni
tanıdılması üçün
yenə də NATO-ya bir qrant
yazılıb. Təklif qəbul
olunub və bu ilin aprel
ayında Kiyevdə dünya alimlərinin iştirakı ilə
"Müasir tədqiqatlar
institutu" adında
tədbir keçiriləcək.
Tədbirdə mühazirəçi qismində iştirak üçün mən də dəvət almışam.
- Bəs yanacaq elementlərinin Azərbaycanda
tətbiqi üçün
hansı təklifləri
verirsiniz?
- Məqsədimiz bu işi Azərbaycanda bir neçə istiqamətdə inkişaf
etdirməkdir. Əlimizdə Ukraynanın dövlət proqramının məzmunu
var. Biz Azərbaycanda da
belə bir dövlət proqramını
reallaşdıra bilərik.
Buna böyük dəstək lazımdır.
Özü də təkcə dövlətdən
deyil,
iş adamlarından da.
Çünki illər keçdikcə təbii resurslar azalacaq. Gələcəkdə elektrik enerjisi
istehsalı üçün
bir istiqamət alternativ enerji mənbələridirsə, digər
istiqamət sözügedən
obyektlərdir. Belə
bir müqayisə edək: adi su, istilik elektrik
stansiyasının enerji
çıxışı 30-35 faizdirsə, bu obyektlərdə 75-80 faizdir.
Ona görə də üç-dörd istiqamətdə
təklif hazırlamışam.
Düşünürəm ki, ilk növbədə
bizə kadrlar lazımdır. Bunun üçün
də bakalavr və magistr hazırlığı üçün
proqram işlənilməlidir.
Dövlət qarşısında təkliflə çıxış
edilməli və bu, bizim ixtisaslar
nomenklaturamıza salınmalıdır.
Çünki üç-beş ildən sonra bizə bu ixtisasda
çalışan mütəxəssislər
lazım olacaq. Bakalavrların, magistrlərin
hazırlandığı ali məktəblərin
bu istiqamətdə sahə və problem laboratoriyaları yaradılmalıdır.
Kadr hazırlığı ilə
bağlı alimlərlə
söhbətimiz olub.
Onsuz da biz energetika sahəsində mütəxəssislər
hazırlayırıq. Onların bir qisminin sözügedən
sahədə ixtisasa yiyələnməsi məqsədəuyğun
olar.
Texnologiyanın populyarizasiyası və kommersiyalaşdırılması imkanları da araşdırılmalıdır. Bu istiqamətdə çoxlu
tədqiqat aparılmalıdır.
Doğrudur, bu tədqiqatlar
baha başa gəlir. Çünki təzə sahəyə
aiddir, burada material seçimi, hazırlıq,
montaj, istismar dövrləri var. Ona görə də xərclərə baxılmalıdır
və onlar imkan daxilində minimuma endirilməlidir ki, bu obyektlər
kommersiya cəhətdən
baxımlı olsun.
Sənaye qurumları tərkibində
xüsusi mərkəzlərin
yaradılması da böyük əhəmiyyət
kəsb edir. Məsələn, Yanacaq və Energetika Nazirliyinin tərkibində
alternativ enerji agentliyi var. Bu agentliyin nəzdində belə bir istiqamət ola bilər.
Əlbəttə ki, bunlar dövlət proqramında
öz əksini tapacaq məsələlərdir.
Fikrimizcə, bu təkliflərimiz
sözügedən sahənin
respublikada tədqiqi, tanınması və inkişafı üçün
gərəkli olar.
- Yanacaq elementləri problemi ilə məşğul olan konsorsiumun yaxın vaxtlarda hansı tədbirləri gözlənilir?
- Dediyim kimi, "Müasir tədqiqatlar institutu" adlı tədbirin maliyyələşdirilməsi
üçün qərar
qəbul edilmişdir.
Bu institutla bağlı
Kiyevdə ikihəftəlik
ayrıca tədbir olacaq. Buraya, demək olar
ki, dünyanın əksər ölkələrinin
nümayəndələri gələcək.
Təklif olunub ki, burada mən də məruzə edim. Martın əvvəlindən onlar məruzənin mətni ilə tanış
olacaqlar.
Qeyd edim ki, son 5 ildə NATO-nun bir neçə seminarında iştirak etmişəm. Düzdür, özüm neft
maşınqayırması üzrə mütəxəssisəm.
İlk baxışdan sözügedən
məsələ mənim
ixtisasıma aid deyil.
Lakin mən materiallar müqaviməti, yəni Tətbiqi mexanika kafedrasının müdiri
olduğuma görə
bu problemləri öyrənə bilmişəm
və hesab edirəm ki, onları həll edəcəyik. Bu yaxınlarda Kiyevdə yanacaq elementləri mövzusunda ilk dissertasiya müdafiə ediləcək
və məndən həmin işə rəy yazmaq xahiş olunub. Tezliklə belə bir dissertasiyanın
Azərbaycanda da müdafiə olunmasını
çox arzu edirəm.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 17
mart.- S. 5.