Azadlığa çıxanlar dövlət başçısına minnətdarlıqlarını bildirdilər

 

 Azərbaycan Prezidenti İlham Əliyev yenə də humanizm prinsiplərinə əsaslanıb ölkə Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq 15 mart 2012-ci il tarixli qərarı ilə növbəti əfv sərəncamı imzalayıb. Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı sərəncam ümumilikdə 62 nəfərə şamil olunub.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv sərəncamlarının bir qayda olaraq mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi dəyərlər aşılayır. Azadlığa qovuşmuş məhkumlar arasında vaxtilə ağır dövləti cinayətlər törətmiş bir sıra şəxslərin olması Prezident İlham Əliyevin ölkə vətəndaşlarına münasibətdə heç bir fərqə, ayrı-seçkiliyə yol vermədiyini, əfv siyasətinin hansısa siyasi mülahizələr əsasında həyata keçirilmədiyini əminliklə söyləməyə əsas verir.

Ölkə başçısının əfv sərəncamının icra edildiyi 4, 6 və 10 saylı cəzaçəkmə müəssisələrində olduğumuz zaman da cəzalarının çəkilməmiş hissəsindən azad edilən şəxslər bundan sonra layiqli vətəndaş kimi cəmiyyətə qovuşaraq cinayət törətməyəcəklərini bildirdilər.

Öncə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qadın məhkumları üçün 4 saylı cəzaçəkmə müəssisəsində olduq. Burda əfv sərəncamı ilə azadlığa qovuşan 1956-cı il təvəllüdlü məhkum Məmmədova Rəna Hacıbala qızı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 18 mart tarixli hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

4 saylı cəzaçəkmə müəssisəsində təşkil olunan əfvin icrasında İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov və müəssisənin rəhbərliyi iştirak edirdi. Bütün qadın məhbusları Novruz bayramı münasibəti ilə təbrik edən Hüseyn Əlixanov bildirdi ki, Azərbycan Prezideni İlham Əliyevin imzaladığı əfv sərəncamı artıq ənənəyə çevrilib. Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq humanizm prinsiplərinə əsaslanıb əfv sərəncamı imzalayıb.

Ombudsman Elmira Süleymanova isə diqqətə çatdırdı ki, dünyanın heç bir ölkəsində qısa müddət ərzində 9 amnistiya aktı imzalanmayıb: "Azərbaycan dünyada yeganə dövlətdir ki, qısa müddətdə 9 amnistiya aktı və 51 əfv sərəncamı imzalanıb. Bunların nəticəsində minlərlə insan ailələrinə qovuşubbu, humanist bir aktdır, eləcə də Azərbaycan dövlətinin siyasətidir". Elmira Süleymanova dedi ki, bu vaxta qədər əfv olunanların 367-si onun müraciəti əsasında buraxılıb. Bu dəfə onun müraciəti ilə 16 nəfər azadlığa çıxıb.

Sonra alqışlarla Rəna Məmmədovaya əfv sənədi təqdim olundu. 56 yaşlı qadın məhkumun azadlıq eşqi gözlərindən hiss olunurdu. R.Məmmədova jurnalistlərə bildirdi: "Mən 7 il almışdım. Dörd il dörd aydır ki, burda idim. Hər gün Allaha dua edirdim ki, məni yenidən övladlarıma qovuşdursun. Minətdaram Azərbaycan Prezidentinə ki, məhbusları belə sevindirir və ailələrə xoşbəxtlk nəsib edir. Fəxr edirəm ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var".

6 saylı cəzaçəkmə müəssisəsində isə əfv sərəncamı 5 nəfər məhkuma şamil edilmişdi. Bunlar Həsənov Bəhruz Əyyub oğlu, Tağıyev Cavid Zahid oğlu, Məmmədov Teymur Sabir oğlu, Şükürov Ramil Əkbər oğlu, Səmədov Söhrab Səyyad oğludur.

Məhkumlar qarşısında çıxış edən Hüseyn Əlixanov bildirdi ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 62 nəfər əfv sərəncamı ilə azadlığa qovuşur. 6 saylı cəzaçəkmə müəssisəsindən isə 5 nəfər məhkum bu sərəncamla yenidən azad həyata qayıdır: "Azərbaycan Prezidenti tərəfindən imzalanan 51 əfv sərəncamı ilə 5376 şəxs azadlığa çıxıb. Əfv sərəncamı ilə azadlığa çıxmağın məsuliyyəti çox böyükdür. Çünki bu, dövlət başçısı tərəfindən imzalanan bir aktdır".

Çıxışlardan sonra 5 məhkuma əfv sənədləri təqdim olundu və azadlığa çıxan şəxslər sevinc hisslərini məhkum yoldaşları ilə paylaşdılar. Bayırda isə onları həsrətlə gözləyən valideynləri, qardaş-bacıları var idi. Məhkum Səmədov Söhrab Səyyad oğlunu qarşılamaq üçün Gürcüstan Respublikasından Bakıya gələn atası Səyyad Səmədovun yaşlı gözləri cəzaçəkmə müəssisəsinin qapılarına dikilmişdi. Məhkumun anası, xalası və digər qohumarı da onu gözləyirdilər. Səyyad kişi oğlunu bağrına basmaq üçün startda dayanmışdı sanki. Amma Söhrab Səmədov bayıra çıxıb izdihamın içərisinə daxil olduqda hamıdan qabaq ona özünü yetirən anası oldu. Atası isə sevincini jurnalistlərlə paylaşmağa məcbur oldu: "Bura Gürcüstandan gəlmişik. Oğlumuzu yenidən bizə qaytaran Azərbaycan Prezidenti İlham Əliyevin bu humanistliyi bütün xalqımız tərəfindən alqışlanır. Xalq ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyevi sevirona cansağlığı arzulayır. 62 nəsildə bu gün ikiqat bayramdır. Balalarımızı bizə qovuşduran Prezidentə minnətdarıq".

Azadlığa çıxan digər məhkumlar isə bundan sonra cəmiyyətə layiqli vətəndaş olacaqlarına söz verərək ölkə rəhbərinə dərin təşəkkürlərini bildirdilər və Azərbaycanın inkişafı naminə gördüyü işlərdə Prezidentə uğurlar arzuladılar.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 6.