"012 Bakı Public Art Festivalı" çərçivəsində gənc rəssamın "Recycled" əsəri təqdim olunmuşdur

 

 Martın 16-da Dənizkənarı Milli Parkda müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində təşkilatın rəhbəri, gənc rəssam Aida Mahmudovanın "Recycled" (İkinci ömür) əsəri təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, müəllif bu installyasiyasında əsas element kimi köhnə pəncərə çərçivələrini seçmişdir. Əsər fərqli, çoxsaylı hissələrdən ibarətdir. Bu hissələrdən bəziləri köhnə pəncərə çərçivəsinin əvvəlki yerini, yəni yolun digər tərəfində yerləşən dükanın pəncərələrini əks etdirir. Bəzi hissələrdə isə digər tərəfin ümumi görüntüsü əks olunur.

Bu layihə ötərilik havası ilə doludur. Fərz edək ki, nə vaxtsa göz oxşayan bu pəncərə barmaqlıqlarına konkret binanın üzərində tamaşa edə bilərdik, sonralar isə onlar binanın yeni üslubunaya memarlıq trendlərinə uyğun olmadıqlarına görə ləğv edilmişdir. Ancaq bu barmaqlıqlar uzun illər boyunca xüsusi aura yaratmış, bu yerə ayrıca nəfəs gətirmişdir. Beləliklə, təsvir edilənlərdəki dəyişikliklər yalnız fiziki görüntünün deyil, həm də auranın, mənəvi mühitin dəyişilməsi deməkdir.

Müəllif öz layihəsində, məhz aşağıdakı sualları ön plana çıxarır: ilkin görüntüsünə xələl gətirmədən köhnə əşyaları təkrarən istifadə etmək olarmı? Tamamilə ayrı kontekstdə istifadə olunmalarına baxmayaraq, onlar öz aktuallığını qoruyub saxlayarmı? Bu nadir əşya, öz dəyərini itirmədən digəri ilə əvəzlənə və yaxud təkrar emal edilə bilərmi?

Aida Mahmudovanın "Recycled"inə tamaşa edərkən anlayırsan ki, əslində, bunların hamısı çox ciddi suallardır və təkcə əşyalara deyil, bizim özümüzə, insani təbiətimizə də aiddir. Axı, zamanın axarında biz yalnız əşyaları deyil, fikirlərimizi də yeniləyirik, köhnə və istifadə olunmuşları tullayırıq. Bəs bu o demək deyilmi ki, özümüzzaman axarının təsirinə məruz qalırıq? Axı, yenidən yaradılmış əşyalar və fikirlər bizim həyata olan münasibətimizi, nəticədə isə özümüzü də dəyişdirir. Bu dəyişiklikləri isə çox zaman filosofcasına "tərəqqi" adlandırırlar. Lakin həqiqətdə belədirmi? Keçmişin dağıdılması tərəqqiyə necə apara bilər? Gənc rəssamın əsərinin qayəsi də məhz budur ki, köhnənin dağıdılmasındansa, onun transformasiyası, yəni yeni şəraitə və yeni kontekstə uyğunlaşdırılması daha səmərəli olar. Yalnız bu halda yeniliklər və dəyişikliklər bir tərəfdən tərəqqiyə doğru atılan addım, digər tərəfdən isə keçmişimizə və mədəni qatlarımıza hörmət anlamına gələcəkdir!

Əslində, Aida xanım demək istəyir ki, köhnənin yeniyə transformasiyası həyatın inkişaf dinamikasıdır. Bu dinamikanı qədim və müasir Bakının timsalında aydın görmək olar.

 Qeyd edək ki, "012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 6.