Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində BMT-nin ekspertləri ilə görüş keçirilmişdir

 

Martın 15-də  Konstitusiya Məhkəməsində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının  Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, aparatın rəhbərliyi və məsul əməkdaşları iştirak etmişlər.

Görüşdə qonaqlara Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlmiş qərarları və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur, məhkəmə iclasları ictimaiyyət üçün açıq və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilir. 

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin insan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı ilə əməkdaşlığı məsələlərinə də toxunulmuşdur.

BMT-nin Narkotiklər və  Cinayətkarlıq üzrə İdarəsinin korrupsiyaiqtisadi cinayətkarlıq şöbəsinin əməkdaşı Dorothee Gottvald ölkəmizdə olduqları səfər çərçivəsində bir neçə dövlət və qeyri-dövlət qurumları ilə görüşlər keçirdiklərini bildirmişdir. O, Konstitusiya Məhkəməsində olmasından məmnunluğunu bildirmiş və səmimi qonaqpərvərliyə görə təşəkkür etmişdir.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının  Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndələri bu cür səfərlərin təşkilinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını diqqətə çatdırmışlar.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə Kontitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 6.